24 İyul 2015 16:05
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 24-də Azərbaycan Respublikası Hərbi Prokurorluğunda mərkəzi aparat işçilərinin, Naxçıvan Muxtar Respublikası və ərazi hərbi prokurorlarının iştirakı ilə 2015-ci ilin birinci yarımilində görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən Azərbaycan Respublikası baş prokurorunun müavini – hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin milli dövlətçilik kursunu və siyasi irsini zamanın tələblərinə uyğun təkmilləşmiş formada uğurla həyata keçirən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində dövlət müstəqilliyimizin daha da möhkəmləndirildiyini, demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndiyini, diqqətə çatdırıb.

Bildirib ki, 2015-ci ilin birinci yarımilində ölkənin inkişaf dinamikasında ciddi keyfiyyət dəyişiklikləri baş verib, sosial-iqtisadi siyasətin uğurla həyata keçirilməsi nəticəsində böyük nailiyyətlər əldə olunub. Ötən ay ölkəmizin ilk Avropa Oyunlarına ev sahibliyi etdiyini xatırladan hərbi prokuror Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyətli və gərgin əməyi, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın çox böyük təşkilatçılıq bacarığı və fövqəladə xidmətləri sayəsində bu Oyunların yüksək səviyyədə keçirildiyini xüsusi vurğulayıb.

Ölkə iqtisadiyyatının dinamik inkişafının Silahlı Qüvvələrin fəaliyyətinə də müsbət təsir etdiyini söyləyən hərbi prokuror bildirib ki, son illər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordunun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Bunun nəticəsində ordunun döyüş qabiliyyəti daha da yüksəlib, şəxsi heyətin nizam-intizamı güclənib, nöqsanların aradan qaldırılması istiqamətində müəyyən irəliləyişlərə nail olunub.

Cari ilin altı ayında hərbi prokurorluq orqanları silahlı birləşmələrdə hərbi nizamnamələrin tələblərinə əməl edilməsi, hərbi qulluqçuların hüquqlarının müdafiəsi, hərbi qurumlarda qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində fəaliyyətini daha da artırıb, ordu quruculuğuna mənfi təsir edə biləcək bir çox cinayət hadisələrinin üstü açılaraq təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub, digər təsirli tədbirlər görülüb.

Bildirilib ki, bu növ cinayət hadisələrinin azalmasında hərbi prokurorluq orqanlarının Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla qarşılıqlı, sağlam və işgüzar əlaqələrinin yaranmasının, habelə təsdiq edilmiş plan əsasında həyata keçirilən birgə tədbirlərin çox böyük əhəmiyyəti olub.

Bununla yanaşı, qanunvericilikdə nəzərdə tutulmuş silahlı birləşmələrdə bir sıra cinayətlərin cüzi artımı qeydə alınıb. Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə qəsdən adamöldürmə, özünü öldürmə həddinə çatdırma, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətlərinin qarşısının alınması üçün həmin cinayətlərin məhkəmə və istintaq təcrübəsi ümumiləşdirilməklə Respublika Hərbi Prokurorluğunun kollegiyalarında silahlı birləşmələrin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə müzakirə edilib. Həmin cinayətləri doğurmuş səbəb və şəraitin aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsinə dair kollegiyanın qərarlarına əsasən silahlı birləşmələrin komandanlıqlarına təqdimatlar, ərazi hərbi prokurorlarına icmal-məktublar göndərilib.

“Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın, eləcə də 2015-ci il yanvarın 10-da dövlətimizin başçısının sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin iclasında qarşıya qoyulan vəzifələrin icrası ilə əlaqədar hərbi prokurorluq orqanları mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən biri olan korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyətini daha da gücləndirib. Bu da Silahlı Qüvvələrin qüdrətini zəiflədə biləcək cinayətlərin, o cümlədən mənimsəmə, israfçılıq, rüşvətxorluq, vəzifədən sui-istifadə etmə və digər cinayətlərin vaxtında aşkar olunmasına, cinayət törətmiş şəxslərin layiqli cəzaya məhkum edilməsinə şərait yaradıb.

Kollegiyada görülmüş müsbət işlərlə yanaşı, “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil olunub. İbtidai istintaq, təhqiqat üzərində prosessual rəhbərliyin həyata keçirilməsində, cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş maddi ziyanın ödənilməsi, dövlət ittihamının müdafiəsi, müraciətlərə baxılması və vətəndaşların qəbulu ilə əlaqədar işin təşkilində yol verilmiş nöqsanlar və çatışmazlıqlar ciddi tənqid olunub və onların aradan qaldırılması üçün konkret göstərişlər verilib.

Vurğulanıb ki, hərbi qulluqçuların hüquqi maarifləndirilməsi sahəsində də müəyyən işlər görülüb. Qanunvericiliyin öyrənilməsi ilə əlaqədar “Hərbi prokurorluq orqanları ilə Silahlı Qüvvələrdə hüquq qaydalarının, hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin xəbərdarlıq edilməsi və aradan qaldırılması sahəsində Respublika Hərbi Prokurorluğunun, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili Qoşunlarla birgə Tədbirlər Planı”na əsasən, Hərbi Prokurorluğun əməkdaşları müntəzəm qaydada hərbi hissələrdə olub, hərbi qulluqçular qarşısında çıxışlar, məruzələr, söhbətlər aparıblar.

Həmçinin qeyd olunub ki, Respublika Hərbi Prokurorluğu üzrə təsdiq olunmuş Tədbirlər Planına əsasən, Novruz bayramı və Silahlı Qüvvələr Günü münasibətilə hərbi prokurorluq əməkdaşları rayon icra hakimiyyətlərinin səlahiyyətli nümayəndələrinin iştirakı ilə Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili Qoşunların hərbi hissələrində, həmçinin düşmənlə üzbəüz yerləşən mövqelərdə hərbi qulluqçular qarşısında çıxışlar edib, şəxsi heyətin tibbi, məişət və s. təminatları ilə maraqlanıb, hərbi hissələrə, eləcə də xidmətlərində fərqlənən hərbi qulluqçulara qiymətli hədiyyələr veriblər.

Kollegiyada məruzə ətrafında çıxış edən respublika hərbi prokurorunun müavinləri Şəfahət İmranov, Rasim Kazımov, Dövlət ittihamının müdafiəsi üzrə şöbənin rəisi Aydın Ələsgərov, Tərtər hərbi prokuroru Fuad Məmmədov, Füzuli hərbi prokuroru Natiq Həsənov hesabat dövründə görülmüş işlərdən danışıb, nöqsanların aradan qaldırılması, qanunçuluğun möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, cinayətkarlığa qarşı səmərəli mübarizənin təmin olunması ilə əlaqədar hərbi prokurorluq orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün görüləcək tədbirlər barədə ətraflı məlumat veriblər.

Respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev kollegiyaya yekun vuraraq bildirib ki, hərbi prokurorluq orqanları Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi yüksək qayğı və etimadı layiqincə doğrultmaq, qanunun aliliyini, hərbi idarəçilik orqanlarında insan və vətəndaş hüquq və azadlıqlarına dönmədən əməl olunmasını, habelə cinayətkarlığa qarşı mübarizəni təmin etmək üçün bütün zəruri tədbirləri bundan sonra da dönmədən həyata keçirəcəklər.

Hacı Zeynalov


Müəllif: