27 İyul 2015 14:24
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Araz Aslanlı: “Keçmiş sovet coğrafiyasında belə Azərbaycanın ədalətli mövqeyinin lazımi səviyyədə bilinmədiyi görünür”

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi (QAFSAM) İctimai Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qarabağ probleminin araşdırılması ilə bağlı xarici tədqiqatçılar və tələbələr üçün təqaüd proqramının həyata keçirilməsi” adlı layihəni yekunlaşdırıb.

Teleqraf.com-un məlumatına görə, iyulun 25-də layihənin nəticələri ilə bağlı təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində QAFSAM-ın sədri Araz Aslanlı layihə ilə bağlı geniş məlumat verib. O bildirib ki, layihə bu ilin aprel-iyul ayları ərzində həyata keçirilib: “Layihənin əsas məqsədi Qarabağ problemi ilə bağlı xarici ölkə tədqiqatçıları tərəfindən yazılmış obyektiv elmi əsər əskikliyinin aradan qaldırılmasına töhfə vermək olub. Çünki illərdir xaricdə güclü lobbiyə malik olan, bununla yanaşı bəzi güclü xarici dövlətlərin strateji maraqları naminə dəstəklənən erməni tərəfinin öz mövqeyini yalançı faktlarla da olsa dünyaya daha yüksək səviyyədə çatdırmağa çalışdığı müşahidə edilir. Bu məsələdə Avropada, Asiyada, hətta Azərbaycanın da ortaq keçmişə sahib olduğu keçmiş sovet coğrafiyasında belə Azərbaycanın ədalətli mövqeyinin lazımi səviyyədə bilinmədiyi görünür”.

A.Aslanlı qeyd edib ki, bu məqsədlə, təqaüd verilərək dünyanın müxtəlif regionlarındakı ölkələrdən tədqiqatçılar seçilərək onlara elmi məqalələr yazdırılıb və bu məqalələr xarici ölkə KİV-lərində yayımlanıb: “Bu işlər görülərkən iki məqama xüsusi diqqət edilib. Birincisi region və mədəniyyət müxtəlifliyinin təmini, ikincisi isə hazırlanmış məqalələrin xarici ölkə mediasında dərci. Bu çərçivədə əvvəlcə Qərb, türk dövlətləri, keçmiş sovet regionu və Uzaq Şərqdən 7 gənc tədqiqatçı seçilərək həmin şəxslərlə mövzular razılaşdırılıb. Bu gənc tədqiqatçılar üçün 2 azərbaycanlı və 1 türkiyəli məsləhətçi (eyni zamanda koordinator) müəyyənləşdirilib. Sonra bu məsləhətçilərin təmin etdiyi materialların da yardımı ilə elmi məqalələr yazdırılıb. Layihə nəticəsində 7 xarici ölkədən olan tədqiqatçı təqaüd proqramında iştirak edərək elmi əsər hazırlayıb və bu əsərlər xarici ölkə (Yaponiya, Hindistan, Monteneqro, Ukrayna, Gürcüstan, Əfqanıstan və Qırğızıstan) KİV-lərində dərc olunub.

Daha sonra tədbirdə iştirak edən qonaqlar fikirlərini bildiriblər.

Səxavət


Müəllif: