2 Aprel 2016 10:59
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin insan hüquqları komitəsinin iclası keçirilib.

İclasda əvvəlcə Milli Məclisin insan hüquqları komitəsinin 2015-ci ilin payız sessiyası dövründə gördüyü işlərə dair hesabatı müzakirə edilib. Eyni zamanda, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi, komitənin 2016-cı ilin yaz və payız sessiyaları üçün tədbirlər planı ilə bağlı fikir mübadiləsi aparılıb.

Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, Azərbaycan insan hüquqları, demokratiya, vətəndaş cəmiyyəti quruculuğu sahəsində mühüm uğurlar əldə edib: “Ölkəmizdə insan hüquqları və azadlıqlarının, vicdan azadlığının təmin olunması, hər bir insan üçün hüquqların əlçatan olması istiqamətində bir sıra nailiyyətlər qazanılıb. Bu uğurlar yeni vəzifələr, hədəflər müəyyənləşdirməyə imkan verir. Müstəqilliyin bərpasından sonrakı dövrdə Azərbaycanda əldə olunan nailiyyətlər məhz demokratik cəmiyyət və dövlət quruculuğu istiqamətində gələcəkdə daha mühüm nailiyyətlərimizin təməli kimi çıxış edir.

Sonra Bahar Muradova Milli Məclisin insan hüquqları komitəsinin 2015-ci ilin payız sessiyası dövründə gördüyü işlər barədə hesabatı təqdim edib. Vurğulanıb ki, 2015-ci ilin payız sessiyası ərzində komitənin iki iclası keçirilib. Həmin iclaslarda 7 məsələ müzakirə olunub. İclaslarda müzakirəyə çıxarılmış 5 qanun layihəsi Milli Məclis tərəfindən qəbul edilib. Bunlar “Dini etiqad azadlığı haqqında”, “Vətəndaşların müraciətləri haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında”, “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanunlardır.

Bildirilib ki, hesabat dövründə komitəyə 253 sənəd daxil olub. Bu dövrdə komitə sədri tərəfindən 68 vətəndaş qəbul edilib. Layihə və ərizələrə baxılması üçün komitənin adından aidiyyəti orqanlara 147 məktub göndərilib.

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi barədə məlumat verən Milli Məclis Aparatının dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov deyib ki, hesabatda ombudsmanın illik fəaliyyəti tam əks olunub. Bundan əlavə, ombudsmanın irəli sürdüyü təkliflər, tövsiyələr də burada əksini tapıb. Bu tövsiyələr müxtəlif xarakterlidir.

Daha sonra komitənin 2016-cı il yaz və payız sessiyaları üçün tədbirlər planı barədə müzakirələr aparılıb.

Nemət


Müəllif: