2 Aprel 2016 12:43

Namizəd Səfərov: “Vətəndaşların hüquqlarını müdafiə edən yoxdur”

Yaxın günlərdə Ali Məhkəmədə vətəndaşların milyonlarla manat pulunu mənimsəyən “Texnikabank” ASC-nin Bakı filialının sabiq rəhbəri Zal Yusifovun atası Zakir Yusifovun iddiası üzrə yenidən məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Zakir Yusifovun kasasiya şikayəti Ali Məhkəməyə təqdim edilib. Kasasiya şikayəti hakim İlqar Hüseynovun icraatına verilib.

Qeyd edək ki, Zal Yusifov Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Dələduz bankirin mülk və obyektlərinin müsadirə edilməsi, həmin əmlakların hərrac yolu ilə satılaraq zərərçəkmişlərə ödənilməsi barədə də qərar qəbul edilib. Zal Yusifovun cinayətkar əməli 2008-ci ildə ifşa edilib. 81 vətəndaşın ümumilikdə 38 milyon manatdan çox pulunu ələ keçirən Zal Yusifov oğlu İslam Yusifovu da cinayət əməllərinə cəlb edib. Bu səbəbdən Ağır Cinayətlər Məhkəməsinin 2010-cu il tarixli hökmü ilə İslam Yusifov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə müəyyən edib ki, İslam Yusifov bankir atasının dələduzluq işlərinə köməklik göstərməklə yanaşı, özü də dələduzluq edib. O, bir neçə vətəndaşı aldadaraq onların pulunu mənimsəyib. Amma bu ilin fevralında İslam Yusifov Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl azadlığa buraxılıb.

Onu da qeyd edək ki, bundan əvvəl Bakı Apelyasiya Məhkəməsində Zakir Yusifovun mülklərin ona məxsus olması ilə bağlı iddiasına 4 ayrı-ayrı məhkəmə kollegiyalarında baxılıb. Hər dəfə də dələduz bankirin atası haqsız çıxarılıb. Məhkəmə haqlı olaraq zərərçəkmişlərin xeyrinə qərar qəbul edib.

Dələduz bankirin atası Zakir Yusifov iddia edir ki, oğlunun cinayət yolu ilə əldə etdiyi mülklər ona məxsusdur. Bu səbəbdən də Ali Məhkəmə bundan əvvəl üç dəfə Zakir Yusifovun iddiasını təmin edib və işin yenidən apelyasiya instansiyasında baxılması barədə qərar qəbul edib. Amma apelyasiya instansiyasında işi araşdıran hakimlər Zakir Yusifovun iddiasını əsassız hesab ediblər. Çünki o, məhkəməyə mülklərin ona məxsus olduğu barədə hər hansı bir sübut təqdim edə bilməyib.

Yenə də ümid var ki, Ali Məhkəmə zərərçəkmişlərin hüquqlarını əsas götürəcək və Zakir Yusifovun absurd iddiasını təmin etməyəcək. Bununla da 8 ildir məhkəmə qapılarında qalan 80-dən çox zərərçəkmiş vətəndaşımızın hüquqları bərpa olunacaq.

Tanınmış hüquqşünas Namizəd Səfərov bildirib ki, məhkəmə qərarları ilə bağlı qanunvericilikdə boşluq var: “Belə olan halda Ali Məhkəmə işi apelyasiya məhkəməsinə qaytarır. Apelyasiya məhkəməsi də başqa tərəfin xeyrinə qərar çıxarır, həmin qərarı da Ali Məhkəmə yenidən ləğv edir. Bu da vətəndaşın get-gəlinə səbəb olur. Bir məsələ ilə bağlı bir neçə nəfərin bankdan şikayət etməsi təsdiq edir ki, şikayətçi vətəndaşlar haqlıdırlar, həmin şikayətçilərə doğurdan da ziyan dəyib. Bu gün Azərbaycanda banklara əmanət qoyan vətəndaşların başlarına min bir oyun açırlar. Bunların da əksəriyyəti məhkəmə araşdırması zamanı təsdiq olunub”.

Namizəd Səfərov “Texnikabank” işi ilə bağlı Ali Məhkəmədə cinayət işinin bir neçə dəfə ləğv edilərək, apelyasiya instansiyasına qaytarılması məsələsinə toxunub: “Yuxarı instansiya məhkəməsinin vətəndaşları aylarla, illərlə məhkəmə yolunda get-gelə salması tamamilə qanunsuzdur. Yuxarı instansiya məhkəməsi bu məsələlərə aydınlıq gətirməlidir. Ali Məhkəmədən bir iş bir neçə dəfə apelyasiya instansiyasına qaytarılıb. Belə olan halda da insanlar məhkəmələrin yolunda qalıb. Ümumiyyətlə banklarda törədilən özbaşınalıqlar bütün hədləri aşıb. Burada isə vətəndaşların hüquqlarını müdafiə edən yoxdur. Vətəndaşların yeganə ümid tutduqları yer məhkəmələrdir, məhkəmələr də onları get-gələ salıb. Belə vətəndaşlar bir-iki nəfər deyil. 50-60 nəfər vətəndaş banklara qarşı iddia qaldırır. Bu insanlar dəli deyillər ki, banklara qarşı iddia qaldırsın. Burada cinayətkar bank sahiblərdir. Onlar vətəndaşların başına yüz oyun açırlar. Heç kimin şikayətinə baxan yoxdur”.

Zal Yusifovun oğlu İslam Yusifovun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı Ali Məhkəmənin qərarını belə şərh edib: “Məhkəmələr hüquqları pozulan, əmlakları əlindən alınan vətəndaşların tərəfində deyil. Belə qiymətləndirmək olar ki, cinayət törət, pulunu ödə, azadlıqda gəz. Əmanətləri batan haqlı vətəndaşlar da məhkəmələrin qapılarında qalırlar. Kütləvi şəkildə belə bir vəziyyət mövcuddur. Yüzlərlə vətəndaşlar ərizələrlə məhkəmələrə, prokurorluq və polis orqanlarına müraciət edirlər, cinayətkarların konkret adlarını, ünvanlarını göstərirlər. İstintaq orqanı da həmin şəxslərin cinayətlərini sübuta yetirirlər. Amma məhkəmələr bu şəxslərə qarşı heç bir qanuni tədbir görmürlər. “Texnikabank” işinin araşdırmasında olmamamışam. Amma İslam Yusifovun azadlığa buraxılması da belə vəziyyətlə bağlıdır”.

Teleqraf.com


Müəllif:
Загрузка...