4 Aprel 2016 11:43
392

Ötən gün də cəbhədə silah səsləri dayanmayıb. Azərbaycan tərəfinin əks həmlə əməliyyatını birtərəfli qaydada dayandırmaq qərarına baxmayaraq axşam saatlarında təmas xəttində yenidən artilleriya silahları işə düşüb.

ANS-in məlumatına görə, cəbhə xəttində mövqelərini itirən qarşı tərəf yenidən təxribata əl atıb.

Erməni silahlı birləşmələri dinc sakinlərin yaşadığı məntəqələri atəşə tutmağa davam edir. Bu dəfə atılan mərmilərdən biri Tərtərin Azadqaraqoyunlu kənd sakinlərindən birinin evinə düşüb.

Ev sahibinin sözlərinə görə partlayış nəticəsində evdə qısamüddətli yanğın baş verib.

“Gördük yanır, vedrə ilə su tökdük, söndürdük. Heyvanları yerləşdirirdim, gəldi düşdü. İkisi də qonşudan da aşağı düşdü”, –yerli sakin Mirzə Rəhimov bildirir.

Yerli icra nümayəndəsi Nazim Xəlilov kənd ərazisinə düşən mərmilərin partlaması nəticəsində hələlik iki evə ziyan dəydiyini aşkar etdiklərini bildirib. “Kəndə bir neçə yerə düşüb, hal-hazırda yeri müyyən deyil, amma xəsarət yoxdu, salamatlıqdı”.

Tərtər rayon FHN-in sədr müavini İlqar Musayev isə bildirib ki, kəndin artilleriya silahlarından atəşə məruz qalması nəticəsində elektrik təsərrüfatına, kommunikasiya xətlərinə ciddi ziyan dəyib. Kəndə gələn qaz borusu da zədələnib. O cümlədən Tərtərin Qapanlı kəndində yüksək gərginlikli elektrik xətləri və dirəklər sıradan çıxıb.


Müəllif: