5 Aprel 2016 13:29
449

Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi dinlənilib.

Teleqraf.com xəbər verir ki, məruzəni ombudsman Elmira Süleymanova deputatlara təqdim edib.


Ombudsman Azərbaycan Ordusunun cəbhədəki uğurları münasibəti ilə hər kəsi təbrik edib: “Vətənin müdafiəsi uğrunda şəhid olan hərbçilərimizin, habelə təmas xəttində düşmən gülləsi ilə vəfat edən mülkI insanlarımızın ailə üzvlərinə başsağlığı verirəm”.

Ombudsman qeyd edib ki, Milli Məclisdə yeni komitələrin yaradılması insan hüquqlarının daha effektiv qorunması üçün əsaslar yaradır.

İnsan hüquqları üzrə müvəkkil qeyd edib ki, inhisarçılığa, korrupsiyaya qarşı mübarizə bir qədər güclənməlidir. Cəbhə xəttində işsizlik problemi həll edilməli, qayğıya ehtiyacı olan az təminatlı əhaliyə ünvanlı sosial yardımın təyin edilməsi zamanı prosedura təkmilləşdirilməlidir.

Müvəkkil boşanmalardan sonra aliment probleminin yarandığını qeyd edib və Aliment Fondunun yaradılması ilə bağlı illik məruzədə təkliflər irəli sürdüyünü xatırladıb.

Hesabatda qeyd olunur ki, 2015-ci ilin fevral və dekabr aylarında milli valyutanın dönərliliyinin zəifləməsi nəticəsində banklardan ABŞ dolları ilə kredit götürmüş və ödəmə imkanı olmayan vətəndaşlar tərəfindən ünvanlanmış şikayətlər xüsusi narahatlıq doğurub.

Bəzi şikayətlərdə vətəndaşların banklardan aldıqları kreditlərin müvafiq müqavilədə ABŞ dolları ilə göstərilməsinə baxmayaraq, onlara nağd şəkildə Azərbaycan manatı ilə verilməsi, ABŞ dolları ilə aldıqları kredit üzrə ödənişlərin kredit müqaviləsinin bağlanıldığı tarixə olan məzənnə ilə aparılmasında köməklik göstərilməsi ilə bağlı olub: "Ümumiyyətlə, qeyd edilməlidir ki, bir sıra bankların yüksək mənfəət əldə etmək siyasətini rəhbər tutaraq, nəinki kiçik, hətta böyük məbləğlərdə kreditləri vətəndaşlara sadə qaydada verməsi, bəzi hallarda zamin və ya girov tələb etməməsi, nəinki kredit almaq həvəsinə düşən və onun nəticələrinin məsuliyyətini dərk etməyən insanları, onların ailələrinin də çıxılmaz vəziyyətlə üzləşməsinə şərait yaradıb. Nəticədə bir sıra ailələr yeganə yaşayış yerindən və əmlakından məhrum olub".

Vicdan, dini etiqad və əqidə azadlığının təmin edilməsini diqqətdə saxlayan İnsan Haqları üzrə Müvəkkilin ünvanına bununla bağlı 16 müraciət daxil olub, pozulmuş hüquqların bərpası məqsədilə araşdırmalar aparılıb.

Hesabatda qeyd olunub ki, Baş Prokurorluğun rəsmi məlumatına əsasən, respublikada ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə “Müsəlman Birliyi” adlı hərəkat yaradılıb: "Bakı şəhərindən və respublikanın digər bölgələrindən özlərinə tərəfdarlar toplayıb, onları müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə və qurğularla təchiz edərək cinayətkar dəstə təşkil edilib. Paytaxtın Nardaran qəsəbəsində qanunsuz yığıncaqlar keçirərək respublikanın əhalisini hakimiyyətə qarşı qaldırmağın yolları müzakirə edib, bununla bağlı tərəfdarlarına göstərişlər verib və əhaliyə çağırış vərəqələri paylayıb. Nardaran hadisələri zamanı uşaqlardan dini məqsədlər üçün istifadə olunması, onların təhsildən yayınması halları baş verib ki, bu da ciddi narahatlıq doğurur. İstər qanuna, istərsə də vicdan və əqidə azadlığı prinsiplərinə, ümumilikdə insan hüquqlarına tamamilə zidd olan belə fəaliyyəti Müvəkkil qətiyyətlə pisləyir, bundan sonra da belə hərəkətlərin qarşısının alınmasını vacib hesab edir".

Hesabatda bildirilir ki, qan xəstəliklərinin erkən müayinə və müalicəsini təmin etmək üçün DNK müayinələrinin aparılması məqsədi ilə Tibbi-Genetik Laboratoriyasının yaradılması zəruridir: "Təəssüf ki, ölkədə hepatitlərin sayının günbəgün artdığı bir vaxtda bu xəstələrin dəqiq uçotunun aparılmaması mövcud sahədə real mənzərəni görməyə imkan vermir. Bu xəstələrin dəqiq uçotunun aparılmasına və ünvanlı qaydada kompleks müalicəsinin təmin edilməsinə kəskin ehtiyac var".

Bundan başqa, məruzədə sağlamlığın qorunması hüququ ilə bağlı Ombudsmana 445 müraciətin daxil olduğu bildirilir. Dərman preparatlarının növlərinin və ya əvəzedicilərinin az olması və ya olmaması vətəndaşların narazılığına səbəb olan hallardır.

Bəzi şikayətlərdə özəl tibb müəssisələrində müalicə və müayinənin təşkilində yol verilən ciddi pozuntular, qiymətlərin çox baha olması, müalicənin nəticəsiz qalması, həmçinin dövlət tibb müəssisələrində həkimlərin laqeydliyi, tibbi heyətin pasiyentlərə münasibətdə qeyri-etik davranışı, həkimlərin xəstə qarşısında məsuliyyət hissinin olmaması, tibbi göstərişdən asılı olmayaraq, xəstələrin ən müxtəlif laborator və diaqnostik müayinələrə məruz qoyulması, onların qazanc mənbəyinə çevrilməsi, tibbi xidmətin keyfiyyətinin zəruri səviyyədə olmaması halları da şikayətlərdə öz əksini tapıb.

Müvəkkilin insan hüquqlarının müdafiəsi istiqamətində Daxili İşlər Nazirliyi ilə əməkdaşlığı çərçivəsində polis orqanları ilə bağlı 2 319 müraciət daxil olub. Şikayətlərdə əsasən vətəndaşların polis əməkdaşları tərəfindən, o cümlədən təhqiqat və istintaq zamanı təhqirlərə və təzyiqlərə məruz qalması, kobud rəftara yol verilməsi, qanunazidd fiziki güc tətbiq edilməsi, şikayət əsasında toplanmış material üzrə təhqiqatın və ya başlanmış cinayət işi üzrə istintaqın qeyri-obyektiv, qərəzli və ləng aparılması, qəbul edilmiş prosessual qərarın surətinin verilməməsi, müraciətlərin nəticəsiz qalması və ya müraciətlərə baxılmasında süründürməçiliyə yol verilməsi kimi hallar öz əksini tapıb. Məruzədə qeyd olunub ki, şikayətlərlə bağlı daxili işlər orqanlarına müvafiq sorğular göndərilib, yoxlama tapşırıqları verilib, araşdırmalar aparılıb.

Ötən il Ombudsmanın Daxili İşlər Nazirliyinə müraciətinə əsasən aparılan xidməti tədqiqatla təsdiqini tapan 10 fakt üzrə 14 əməkdaş intizam məsuliyyətinə cəlb olunub. Bu barədə məlumat Ombudsmanın 2015-ci il üzrə illik məruzəsində əksini tapıb.

Sənəddə bildirilir ki, kobud rəftara görə 3 fakt üzrə 4 əməkdaşdan 1-i tutduğu vəzifədən azad edilib, 2-nə “şiddətli töhmət”, 1-nə “töhmət” elan olunub.

Ötən il insan hüquqları üzrə müvəkkilə sosial təminat hüququnun pozulması ilə bağlı 1 225 müraciət daxil olub. Məruzədə qeyd olunub ki, daxil olan müraciətlər araşdırılıb və təmin edilməsi, aşkar edilmiş nöqsanların aradan qaldırılması və pozulmuş hüquqların bərpası istiqamətində bir sıra tədbirlər görülüb. Şikayətlərdə təyin olunmuş pensiyanın düzgün hesablanmaması, o cümlədən pensiya hesablanarkən iş stajının müəyyən dövrünün nəzərə alınmaması, əmək pensiyasına əlavələrin hesablanmaması kimi hallar öz əksini tapıb ki, Müvəkkilin aidiyyəti üzrə müdaxiləsindən sonra məsələlər öz həllini tapıb.

Şikayətlər üzrə araşdırmalardan sonra vətəndaşların sosial təminat hüququnun digər aspektləri, o cümlədən cəza çəkməkdən azad edilmiş şəxslərə birdəfəlik pul müavinətinin verilməsi ilə bağlı problemlər də öz həllini tapıb, pozulmuş hüquqlar bərpa edilib. Vətəndaş müraciətlərinə baxılmasında nöqsanlara yol verdiyinə görə 34 ədliyyə işçisi ciddi intizam məsuliyyətinə cəlb olunub. Məruzədə qeyd olunub ki, pozuntulara yol verən 388 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, aşkar edilən hüquq pozuntuları, o cümlədən maliyyə əyintiləri ilə əlaqədar hüquqi qiymət verilməsi üçün 65 material prokurorluğa göndərilib.

İcra məmurlarının öz səlahiyyətlərindən yetərincə istifadə etmədiyi, borclunun axtarışı ilə bağlı tədbirlər görmədən, işi icra edilmədən məhkəməyə qaytardığı hallar da hüquqların pozulmasına səbəb olub. Bəzi icra məmurlarının öz vəzifələrinin icrasına qeyri-peşəkar və laqeyd münasibəti də hüquqların pozulması ilə nəticələnib.

Eyni zamanda, bəzi icra qurumlarının fəaliyyətində aşkar olunan ciddi nöqsanlara görə 35 əməkdaş intizam məsuliyyətinə cəlb edilib, onlardan 2-si ədliyyə orqanlarından xaric olunub, 3 nəfər isə tutduğu vəzifəsindən azad edilib. Keçən il İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsmana) yol patrul xidmətinin əməkdaşları ilə bağlı 239 şikayət daxil olub.

Məruzədə daxil olan şikayətlərdə vətəndaşlar yol patrul xidmətinin əməkdaşları tərəfindən təhqirə və kobud davranışa məruz qaldıqlarını, qanunsuz olaraq saxlanıldıqlarını, sənədlərinin qaytarılması və ya cərimənin tətbiq edilməməsi üçün pul tələb olunduğunu, əsassız cərimə olunduqlarını və inzibati xəta haqqında protokol tərtib edildiyini, müraciətlərə cavab verilmədiyini, baş verən yol-nəqliyyat hadisəsinin qeyri-obyektiv araşdırıldığı bildirilib.

Şikayətlər üzrə müvəkkil tərəfindən müvafiq araşdırmalar aparılıb, mövcud sahədə işin təkmilləşdirilməsi ilə bağlı tədbirlər görülüb, bəzən sürücülərə münasibətdə etik normaları pozan və nöqsanlara yol verən Dövlət Yol Polisi əməkdaşlarına qarşı intizam cəzaları da tətbiq edilib. Şikayətlərin təhlili bu sahədə mövcud olan bir sıra problemlərin qarşısının alınması istiqamətində təsirli tədbirlər görülməsini tələb edir. Bunları nəzərə alaraq Müvəkkil Daxili İşlər Nazirliyi, Nəqliyyat Nazirliyi və aidiyyəti dövlət qurumları, habelə vətəndaş cəmiyyəti təsisatları cəlb edilməklə kompleks tədbirlər planının hazırlanıb həyata keçirilməsini təklif edir. Ombudsman hesabatını təqdim etdikdən sonra sənəd ətrafında müzakirələr başlayıb.

Nemət


Müəllif: