6 Aprel 2016 14:17
487
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gündən başlayaraq Nizami Kino Mərkəzində vətənpərvərlik mövzusunda olan Azərbaycan filmləri pulsuz nümayiş olunacaq.

Mərkəzdən Teleqraf.com-a verilən məlumata görə, tamaşaçılar filmlərə həftə ərzində müxtəlif seanslarda tamaşa edə biləcəklər.

Onlar hansı filmlərdir?

“Dolu”

Filmin rejissoru Elxan Cəfərovdur. 2012-ci ildə Aqil Abbasın eyniadlı romanı əsasında "Azərbaycanfilm" kinostudiyasında çəkilib. Filmdəki trük səhnələrinin çəkilişlərində Azərbaycan Kaskadyorlar Assosiasiyasının üzvləri iştirak edib.

Filmin döyüş və kütləvi səhnələrində Daxili Qoşunların 200-dən çox əsgər və zabiti çəkilib.

Filmin yaradıcı heyəti 2013-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin teatr, musiqi, təsviri sənət və kino sahəsində təsis etdiyi "Zirvə" mükafatına layiq görülüb.

“Fəryad”

“Fəryad” filminin baş qəhrəmanı-balaca İsmayıl (Ceyhun Mirzəyev) artıq böyüyüb, ailə sahibi olub. Filmdə İsmayıl Hüseynov artıq batalyon komandiridir. O, vətən torpaqlarının erməni işğalçılarından azad olunması uğrunda mərdliklə vuruşur, əsir düşür..

Film Qarabağ müharibəsinə həsr olunub. Baş qəhrəmanın prototipi var və burada təsvir olunan hadisələr real faktlara əsaslanır.

Ekran əsəri Qarabağ müharibəsində döyüşən əsgərlərdən birinin başına gətirilən əhvalatdan bəhs edir.

Filmdə Qarabağ müharibəsinin fonunda şəhid vermiş bir ailənin əzab və iztirabları, ağır-psixoloji durumları əks olunur.

“Mən evə qayıdıram”

Ekran əsəri Azərbaycanın ən çətin illərində rus ordusunda xidmət edən Tərlan Seyidzadənin qəhrəmanlıq hekayəsindən bəhs edir.

Rejissor Samir Kərimoğlu bu filmi Tərlanın simasında Azərbaycanın şəhid olmuş bütün igidlərinin şərəfinə çəkdiyini bildirib.

Çəkilişləri Quba, Sitalçay, Kürdəmir, Xızıda aparılan filmdə xalq artistləri Yaşar Nuri, Fuad Poladov, aktyorlar Emil Bədəlov, Murad Abdullayev, Kamran Ağabalayev, Yaqub Hüseynov, Vladimir Yakovlev, Katerina Fedorova, Anna Kostenko çəkiliblər.

Film real faktlar əsasında ekranlaşdırılıb.

Nərmin


Müəllif: