7 Aprel 2016 12:08

Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə “Vətənpərvərliyin Təbliğinə dəstək” birliyinin sədri Azərbaycanın ilk hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” birliyinin sədri Mehdi Mehdiyev, “Qarabağ qaziləri” birliyinin sədri Etimad Əsədov, “Beynəlxalq Avrasiya Mətbuat Fondu”nun sədri Umud Rəhimoğlu, “Azərbaycan Vətən Müharibəsi Veteranları” birliyinin sədri Füzuli Rzaquliyev, “Əfqanıstan Veteranları İttifaqı”nın sədri Məhəmməd Vəliyev, “Tərxis olunmuş “Hərbiçilərin və Gənclərin Maarifləndirilməsi” birliyinin sədri Emin Həsənli, Azərbaycanın Milli Qəhrəmanı “Fred Asif (Asif Məhərrəmov) adına Fond”unun rəhbəri Ədalət Məhərrəmov, “Dünya Azərbaycanlılarının Vətənpərvərləri” birliyinin sədri Nəsimi Qarabağlı, “Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası” birliyinin sədri Rey Kərimoğlu aprelin 3-dən 5-nə qədər cəbhə bölgəsində səfərdə olublar. Onları səfər boyu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə rəisi polkovnik Rasim Şirinov, xidmətin əməkdaşı Rövşən Qaracayev müşayiət ediblər.

Səhər saat altı radələrində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ayırdığı mikroavtobusla Bakıdan yola düşən nümayəndə heyətinə Umud Rəhimoğlunun ağsaqqallığı ilə Emin Həsənli rəhbərlik edirdi. Sürücümüz isə Şəmistan Əlizamanlının “Dağlar oğlu” deyə çağırdığı Zakir qardaşımız idi. İlk gedəcəyimiz ünvan Göygöl rayonundan olan şəhid Sərxan Bağırovun yaşadığı ev oldu...

“...çağırış vaxtına hələ 7-8 gün qalmış gənclər də xidmətə müraciət edərək əsgər getmək istədiklərini bildiriblər”

Yol boyu ordumuzun sürəkli cavab həmləsi ilə düşmənin atəş nöqtələrini darmadağın etməsini, strateji yüksəklilklərin, yaşayış məntəqələrinin azad olunmasını müzakirə edirdik... Şəhidlərimizin acısını yaşaya-yaşaya içimizdə kədər qarışıq bir sevinc vardı. Amma sevinc hissi daha çox idi, lap dəqiqini desəm, qəlbimizdə son əməliyyatlardan sonra ordumuza olan hüsnü- rəğbətdən doğan bir qürur var idi...

Göygöldə bizi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin rəhbəri Mayıl Şahverdiyev qarşıladı. Onlarla birgə Göygöl rayonunun Almədədli kəndinə üz tutduq. Mayıl Şahverdiyev yolda bildirdi ki, hələ çağırış vaxtına 7-8 gün qalmış gənclər də xidmətə müraciət edərək əsgər getmək istədiklərini bildiriblər...

Yol boyu insan selinin Almədədli kəndinə axışdığının şahidi olduq. Çöhrələrində sevinc qarışıq kədər olan bu insan selini yararaq Şəhidin dəfn mərasimi üçün hazırlanmış tribunaya yaxınlaşdıq. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmisi, polkovnik Abdulla Qurbani hərbiçilərə öz son göstərişini verirdi. Müdafiə Nazirliyinin hərbi orkestri artıq öz yerində idi. Bizim nümayəndə heyəti və Göygöl rayon icra hakimiyyətinin başçısı Arif Seyidov da tribunada öz yerlərini tutdular. Və...

Şərxan Bağırovun nəşini Azərbaycan bayrağına bükülmüş tabutda gətirdilər. Onun anası və yaxınları, kənd və rayon qadınları şəhidi ağlayırdılar...Kədər dolu bu anı müşahidə etmək çox ağır idi...Azərbaycan bayrağına bükülmüş tabutun üzərində dayanan gənclər əllərində ay-ulduzlu milli bayrağımızı dalğalandırırdılar...Bayraqları görən qadınlardan biri ağlaya-ağlaya şəhidin anasına tərəf dönüb: “Bax, ay bacı, Sərxanın tabutu başında onun ən çox sevdiyi bayraq dalğalanır!”-deməsi bizi də kövrəltdi.

“Gülçin, əgər şəhid olsam...dəfnimə gəlib ürəyində deyərsən...”

Evin yeganə övladı olan Sərxanın dəfn törəninində ilk sözə A.Qurbani başladı. Son əməliyyatlardan, ordumuzun uğurlarından danışan nazirlik rəsmisi digər cəbhədə baş verən ibrətamiz və gözyaşardan səhnələri dilə gətirdi...“Şəhid olan subay əsgərimizin cibindən məktub çıxıb. Məktubda yazılmışdı: “Əzizim Gülçin, mən səni sevirəm! Ola bilsin ki, mən həlak oldum. Amma qəm yemə! Sən də məni sevirsənsə, onda mənim dəfnimə gəlib ürəyində: “mən də səni sevirəm” deyərsən! Mən səni eşidəcəm! ”.

Abdulla Qurbaninin danışdığı bu hadisə hamını ağlatdı! Yaxınlığımda olan hərbi orkestrin üvzü və bir polis hönkürtüsünü güclə saxlayırdı! Əslində polkovnik Qurbani bunu bilərəkdən dedi. Dedi ki, bu dünyadan nakam köçən, sevgisi də içində tumurcuqkən torpağa gömülən Sərxanın sevdiyi də ola bilsin bu insan selinin içərisində idi! O eşitsin deyə...Dəhşətli səhnə idi! Çox dəhşətli!..

Sonra Millət Vəkili Rövşən Rzayev, nümayəndə heyətimizdən Mehdi Mehdiyev, Məhəmməd Vəliyev, icra başçısı Arif Seyidov, şəhidin atası, əmisi çıxış etdi.

10-15 min insan Sərxanı dəfn etməyə gedirdi. Onu doğulduğu torpaqda məzara qoyduq. Şəhidin tabutuna bükülmüş bayraq atasına verildi. Verdilər ki, Şuşamız azad olunanda Sərxanın atası aparıb ora sancsın!

Hərbi qaydalara uyğun olaraq orkestrin musiqisi altında Sərxanın məzarı başında əsgərlər avtomatdan yaylım atəşi açdılar...

Yaralı əsgərlərimizi xilas edərkən özü də şəhid olan gəncəli balası...

Növbəti ünvanımız Gəncə idi. Biz burada Fərman Əsədlinin yas mərasimində iştirak etdik. Fərman əsgərlərimizə sovqat aparmaq üçün yaxın qohumu Sadiq Əliyevlə öz avtomobilində cəbhə bölgəsinə gedərkən yolda içərisində yaralı olan avtomobili idarə edən əsgərin çaşdığını görüblər. Fərman cəld yaralı olan avtomobilə atılaraq onu həkimlərə çatdırıb, növbəti yaralının ardınca gedəndə isə düşmənin atdığı mərmidən həlak olub. Yaxın qohumu isə yaralanıb. Qeyd edim ki, Fərmanın atası da hərbiçi olub. Hazırda istefada olan polkovnikdir.

Yas mərasimində Emin Həsənli də çıxış etdi. O, Azərbaycan ordusunun uğurlu əməliyyatlarından, dövlətin Qarabağ probleminin həlli yolunda gördüyü işlərdən danışdı. Şəhidin atası nümayəndə heyətinin gəlişindən çox razı qaldığını deyib, bu işi davam etdirməyin vacibliyini bildirdi.

Qəhrəman Tərtərdə inanılmaz coşqu: Əhali Şəmistan Əlizmanlının canlı ifasını ayaq üstə alqışladılar...

Tərtərdə rayon ictimaiyyətinin icra başçısı Müstəqim Məmmədovla görüşünə də özümüzü çatdıra bildik. İnsanlarda böyük ruh yüksəkliyi var idi!

M.Məmmədov çıxışında bildirdi ki, Tərtər rayonu düşmənlə 48 kilometr təmas xəttində yerləşir. Mütəmadi olaraq yaşayış məntəqələrimiz ermənilər tərəfindən atəşə tutulduğuna görə mülki şəxslər yaralanır: “Aprelin 1-dən 2-nə keçən gecə yenə də Tərtər rayonu düşmən tərəfindən atəşə tutuldu. Ordumuz düşmənə layiqli cavab verdi. Möhtərəm Prezidentimizin Təhlükəsizlik Şurasının iclasında dediyi kimi: “Biz atəşi pozmamışıq, sadəcə təxribata layiqli cavab vermişik”. Nə qədər ki, Ermənistan təxribatçı əməllərdən əl çəkmir, Azərbaycan ordusu ona layiqincə cavab verəcəkdir. Düşmən bir daha şahid oldu ki, Azərbaycanın güclü ordusu var, Azərbaycan əsgəri qələbə çalmaq əzmindədir.

M.Məmmədov çıxışında onu da dedi ki, gedən son döyüşlərdə 2 – 4 aprel tarixində erməni silahlı qüvvələri tərəfindən rayonun yaşayış məntəqələrinə atılan mərmilər nəticəsində Tərtər şəhərində 10, Qapanlı kəndində 42, Yuxarı Qaradağlı kəndində 35, Qaraağaclı kəndində 17, Seydimli kəndində 1, Şıxarx kəndində 35, Azad Qaraqoyunlu kəndində 5, Dəmirçilər kəndində 2, Çaylı kəndində 8 - ümumilikdə 155 yaşayış evinə ziyan dəyib. Bunlardan 16 ev tamamilə dağılmış, 114 evin dam örtüyünə, qapı-pəncərə bloklarına və pəncərə şüşələrinə ciddi ziyan dəymiş, 25 evin divarlarında çatlar əmələ gəlmişdir.

“Bəzi informasiya vasitələrində təxribat xarakterli məlumatlar dərc olunur. Guya Tərtərin sakinləri rayonu tərk ediblər. Gördüyünüz kimi qəhrəman tərtərlilər hamısı öz evlərindədir, həyat öz axarı ilə davam edir. İnanırıq ki, tezliklə Azərbaycan bayrağı işğal altında olan torpaq1arımızda dalğalanacaqdır”- deyə da icra başçısı əminliyini bildirdi.

Tədbirdə Tərtər rayon icra hakimiyyəti və ictimaiyyət nümayəndələri çıxış edərək tərtərlilərin respublika prezidentinin siyasətini dəstəklədiklərini söylədilər.

Nümayəndə heyətindən ilk çıxış edən Umud Rəhimoğlu oldu. Həm də Tərtər rayonunun fəxri vətəndaşı olan U.Rəhimoğlu son günlərdə baş verənlərdən, Azərbaycan dövlətinin, Ali Baş Komandan İlham Əliyevin torpaqlarımızın işğaldan azad olunması naminə gördüyü işlərdən və Qarabağ müharibəsi zamanı tərtərlilərin qəhrəmanlığından, şücaətindən danışdı.

Sonra Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə rəisi polkovnik Rasim Şirinov və nümayəndə heyətinin hər bir üzvü çıxış etdilər.

Tədbirin sonunda tərtərlilərin xahişi ilə Şəmistan Əlizamanlı sakinlərin alqışları altında canlı şəkildə “İgid əsgər, möhkəm dayan” mahnısını ifa etdi. Onun ifası insanları coşdurdu! Coşan tərtərlilər ifanı ayaq üstə alqışladılar...

Sonra Tərtər şəhər qəbiristanlığında torpağa tapşırılan Şəhid Nicat İsgəndərovun yasında iştirak etdik...

Tərtərli Qarabağ qazisi Suliddin Yusifovun “Qarabağ qaziləri” birliyinin sədri Etimad Əsədovla söhbəti zamanı Ağcabədi rayonundan olan Şəhid Dilsuz Qarayevlə bağlı dedikləri məni heyrətə gətirdi...

Rey Kərimoğlu
QAZİLER.AZ


Müəllif:
Загрузка...