7 Aprel 2016 12:08

Aprelin 6-da Batumi şəhərində Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Şota Rustavelli Batumi Dövlət Universiteti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.

Teleqraf.com-un məlumatına görə, mərasimi giriş sözü ilə açan baş konsul Rəşad İsmayılov, Prezident İlham Əliyevin elm və təhsilin inkişafına daim böyük önəm verdiyini diqqətə çatdırıb. Dövlət başçısının elm və təhsil sahəsi ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətini vurğulayan baş konsul, bu sahələrdə qazanılan uğurlardan danışıb.

Sonra, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, memarlıq doktoru, professor - Nərgiz Abdullayeva universitetin fəaliyyətindən danışaraq bu tədris ocağının dövlət idarəçiliyi sahəsində bir təhsil müəssisəsi kimi daxili qarşılıqlı inteqrasiyanın önəmini qeyd edib. Professor Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Batumi Dövlət Universiteti arasında əməkdaşlığın genişlənməsinin tədris prosesinin daha da yüksəlməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.


Şota Rustavelli Batumi Dövlət Universitetinin rektoru, professor Merabi Xalvaşi bu iki təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsinin vacibliyini və əhəmiyyətini vurğulamış və bu əməkdaşlığın səmərəli olacağına əminliyini bildirib.

Sonra memorandum imzalanıb. Sənədi Az MİU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva və Batumi Dövlət Universitetinin rektoru professor Merabi Xalvaşi imzalayıb. Memorandumda birgə fəaliyyət, elmi-texniki araşdırmaların aparılması, təcrübə mübadiləsi və digər məsələlər nəzərdə tutulur.


Müəllif: