7 Aprel 2016 17:09

Bu gün Nəsimi rayonu Məhkəməsində AZTV-nin sədri Arif Alışanovun professor Qulu Məhərrəmliyə qarşı pul təzminatı ilə bağlı iddiasına baxılıb.

Teleqraf.com xəbər verir ki, Hakim Etibar Hümbətovun sədrliyi ilə keçirilən prosesə jurnalistlər buraxılmayıb.

Proses başa çatandan sonra Qulu Məhərrəmlinin vəkili Nihat Gözəlov bildirib ki, prosesdə vəsatətlə çıxış ediblər. O bildirib ki, Arif Alışanovun Qulu Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı şikayət Yasamal rayon məhkəməsində baxılır. Həmin iş aprelin 8-nə təyin edilib.

Vəkil xahiş edib ki, proses təxirə salınsın və xüsusi ittiham qaydasında olan şikayətin nəticəsi məlum olandan sonra bu şikayətə baxılsın. Hakim vəsatəti təmin edib. Bu iş üzrə məhkəmə prosesi aprelin 25-dək təxirə salınıb.

Arif Alışanov və Qulu Məhərrəmli arasında narazılıq jurnalistin fevral ayında Azərbaycanda televiziyanın kütləvi yayımına başlamasının 60 illiyi ilə bağlı verdiyi müsahibədən sonra yaranıb.

Arif Alışanov Qulu Məhərrəmlinin mətbuatda onun haqqında yaydığı məlumatla bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət edib. O, Qulu Məhərəmlidən 100 min manat tələb edib. Arif Alişanov ərizəsində həmin pulu uşaqlar evinə verəcəyini deyib.

Xatırladaq ki, Arif Alişanov şərəf və ləyaqətinin təhqir olunduğunu hesab edərək Yasamal Rayon Məhkəməsinə də müraciət edib. O, Qulu Məhərrəmlinin barəsində cinayət işinin başıanmasını istəyib. Bu iş üzrə məhkəmə prosesi isə aprelin 8-də keçiriləcək.

Hacı Zeynalov


Müəllif:
Загрузка...