7 Aprel 2016 18:10
298

Ermənistanın Azərbaycanın işğal etdiyi Dağlıq Qarabağ ərazisı və ətraf rayonlarda yaratdığı separatçı rejimin hərbi geyimli nümayəndəsi Viktor Arstamyan Xankəndidə xarici ölkə KİV-lərinin nümayəndələrinin də iştirak etdiyi mətbuat konfransı keçirib.

Teleqraf.com milli.az-a istinadən bildirir ki, Viktor Arstamyanın sözlərinə görə, onlar aprelin 3-4 tarixlərində gedən döyüşlərdə Azərbaycan Ordusunun 24 tank, 4 ZTR, 1 mühəndis texnikası, 2 helikopter, 12 pilotsuz uçuş aparatı (PUA) və 122 mm-lik 1"QRAD" qurğusunu sıradan çıxarıblar. Bunun qarşılığında özlərinin yalnız 14 tankı vurulub.

V.Arstamyanın sözlərinə görə, aprelin 4-5-də gedən döyüşlərdə isə erməni tərəfi guya cəmi 29 hərbçisini (7 zabit və gizir, 22 əsgər, çavuş və müqavilə ilə xidmət edən hərbçi) itirib, 101 erməni hərbçisi (20 zabit və gizir, 81 əsgər, çavuş və müqavilə ilə xidmət edən hərbçi) isə yaralanıb.

Bununla bağlı Milli.Az-ın sorğusunu cavablandıran Azərbaycanın Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib ki, erməni tərəfinin açıqladığı bu rəqəmlərin heç biri həqiqətə nəinki uyğun deyil və yalandır, hətta gülüş doğuracaq dərəcədə cəfəngiyyatdır:

"Bizim rəsmi şəkildə elan etdiyimiz kimi, aprelin 2-dən bəri cəbhə boyu aparılan hərbi əməliyyatlar zamanı 31 hərbçimiz şəhid olub, 1 tankımız minaya düşüb, 1 helikopterimiz vurulub. O ki qaldı pilotsuz uçuş aparatlarına, ermənilər, yəqin ki, bizim onların ağır texnikasını məhv edən PUA-ları da özlərinin vurduğu kimi qələmə verirlər. Əslində, həmin PUA-ların elə təyinatı da məhz düşmən texnikasına çırpılıb partlayaraq onu məhv etməkdir. Bu zaman həmin aparatın özünün də sıradan çıxması təbiidir".

V.Dərgahlı qeyd edib ki, erməni tərəfinin insan itkiləri ilə bağlı açıqladığı rəqəmlər də gülüncdür: "Ermənistanın hərbi-siyasi rəhbərliyi erməni əhalisi arasında təşviş və ajiotajın yaranmasından, üsyan qalxacağından qorxaraq həqiqəti gizlədirlər. Həqiqət isə ondan ibarətdir ki, Silahlı Qüvvələrimiz tərəfindən məhv edilən erməni hərbçilərin sayı yüzlərlədir, yəni təxminən 400 nəfərə yaxındır. Ermənilərə məsləhət görərdim ki, növbəti dəfə öz əhalisini və dünya ictimaiyyətini aldatmaq üçün daha inandırıcı yalan uydursunlar. Yoxsa, bütün yaranmış gərginliyə və işimizin çoxluğuna baxmayaraq, belə məlumatlarla rastlaşanda bizi də gülmək tutur".


Müəllif: