7 Aprel 2016 21:53

Bu gün Heydər Məscidində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində ermənilərin təxribatının qarşısını alarkən qəhrəmanlıqla şəhid olan hərbçilərin ruhuna Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından ehsan verilib.

Teleqraf.com AzərTac-a istinadən ehsanda iştirak edən şəhid ailələrinin ordumuzla bağlı qürurlu açıqlamalarını təqdim edir:

Şəhid Ruhin Qəhrəmanovun bibisi: Allah Prezidentimizə cansağlığı versin. Soydaşlarımıza, bütün oğullarımıza şəhidlərimiz kimi qeyrətli olmağı arzulayıram ki, hamısı Vətənimiz uğrunda son damla qanlarına qədər vuruşsunlar. Oğullarımızın hünəri bizi qürurlandırır. Şəhid balalarımız öz hünərləri ilə başımızı uca etdilər. Onlar Azərbaycanımızın adını bütün dünyada ucaltdılar. Bütün dünya bilsin ki, Azərbaycanın belə qəhrəman oğulları var, Vətənimiz, torpağımız, Prezidentimiz uğrunda canlarından keçməyə hazırdırlar.

Şəhid Rasim Məmmədovun həyat yoldaşı: Yoldaşım şəhid olub. Fəxr edirəm ki, mənim yoldaşım torpaqlarımızın azadlığı uğrunda şəhid olub. Onun iki övladı var. İstəyirəm onlar da ataları kimi Vətənini, millətini sevən, onun şərəfli yolunu davam etdirən övladlar olsunlar. Biz dövlətimizin qayğısından, Prezidentimizdən, birinci xanımımızdan çox razıyıq. Biz onun qayğısını həmişə hiss etmişik. Hərbçilərə və onların ailə üzvlərinə göstərdiyi qayğıya görə çox minnətdaram.

Şəhid kəşfiyyatçı Nicat İsgəndərovun anası: Övladım Vətən uğrunda şəhid olub. O, vətənsevər övlad idi. Vətəni sevən igid övladım qəhrəmancasına həlak olub. Nicat iki il idi ki, nişanlı idi. Buradan nişanlısına demək istəyirəm ki, qızım, dözümlü ol, çünki sənin qəhrəman nişanlın Vətən uğrunda şəhid olub. Vətən sağ olsun! Allah bütün şəhidlərə rəhmət eləsin. Hər zaman başım ucadır. Övladımla fəxr edirəm. Övladımla yanaşı, bütün şəhidlərlə fəxr edirəm. Mən şəhid bacısı kimi qızıma, şəhid nişanlısı kimi gəlinimə deyirəm ki, hər zaman başınızı dik tutun.

Şəhid Urfan Vəlizadənin həyat yoldaşı: Mən Urfanın adını qürurla daşıyıram. Onun balaları - qızları onun yolunu gözləsələr də, başa düşürlər ki, onların atası qəhrəmandır. Biz çox sevinirik ki, şəhidlərimiz canlarını qurban versələr də düşmənlərimizə qalib gəliblər. Urfan həmişə deyirdi ki, biz torpaqlarımızı mütləq azad etməliyik, bu problemi bizdən sonrakı nəsillər üçün saxlaya bilmərik. Necə olursa-olsun torpaqlarımızı azad etməliyik. Biz öz torpaqlarımızı heç kəsə verməyəcəyik. Allah bütün şəhidlərə rəhmət eləsin. İndi yoldaşım bizim arxamızda dura bilməsə də, dövlət bizim arxamızda durur. Dövlətimiz övladlarımızı atasız böyüməyə qoymaz. Sağ olsun dövlətimizin başçısı.

Şəhid Bəkir İsmayılovun həyat yoldaşı: Mənim yoldaşım Mİ-24 helikopterində vurulub. Mən onunla fəxr edirəm. Bütün şəhid analarına isə səbir diləyirəm. Biz fəxr etməliyik ki, belə igid oğullarımız var. Vətənimiz sağ olsun! Allah bütün şəhidlərimizə rəhmət eləsin. Dövlətimiz bizə çox gözəl qayğı göstərir. Bütün şəhid valideynlərinə, şəhid ailələrinə qayğısı çox gözəldir. Çox sağ olsun millətimiz, çox sağ olsun Prezidentimiz. Qürur hissi ilə söyləyirik ki, bizim belə bir Prezidentimiz var. Ona qayğısına görə çox minnətdaram.

Təyyarəçi mayor Təbriz Musazadənin həyat yoldaşı: Yoldaşım aprelin 2-də gedən döyüşlərdə şəhid oldu. Mən onunla fəxr edirəm. Övladlarım da fəxr edir ki, onun kimi ataları olub. Düşməndən qisasımızı alacağıq. Çünki bizim o cür qəhrəman övladlarımız var. Bizim qeyrətli Prezidentimiz var. Vətən sağ olsun!






Müəllif:
Загрузка...