17 İyun 2014 17:50
2 767
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Belələrini hər vəchlə “sındırmaq, alçaltmaq” lazımdır”

Bakı çimərliyində mağazalardan birində maraqlı elan yerləşdirilib. Bu barədə Facebook sosial şəbəkəsində foto paylaşılıb. Geyimə qadağa qoyan bu qeyri-adi elanda yazılıb: “Şortla gələn kişilərə mağazadan mal satılmır”.

Teleqraf.com-un xəbərinə görə, elan təkcə sosial şəbəkələrdə deyil, bir çox ictimai yerlərdə də müzakirə mövzusuna çevrilib. Baxmayaraq ki, kişilərin şort geyinməsi son illərdə xeyli adiləşib, amma bu mövzuda müzakirələr səngimək bilmir.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Milli İncəsənət Akademiyasının pedaqoqu Səbirə Dünyamalıyevanın sözlərinə görə, nə qədər ki, mədəniyyətlərin toqquşması bitməyib, bir o qədər belə müzakirələr olacaq: “Məsələn, dünyada “dikiy plyaj” deyilən çimərliklər var, orada insanlar çılpaq çimirlər. Şərq ölkələrində buna qadağa qoyulub və yazılı şəkildə xəbərdarlıq edilir. Unutmaq lazım deyil ki, hər ölkə öz qayda-qanununa uyğun yaşayır və əcnəbi qonaqlardan da bu qaydalara hörmətlə yanaşmağı tələb edir.


Makedoniyalı İsgəndər Azərbaycana gələndə camaat arasına bizim xalqa məxsus geyimdə çıxmışdı və bunu xalqa hörmət əlaməti olaraq etdiyini demişdi. Baxmayaraq ki, o vaxt Azərbaycandan başqa heç yerdə şalvar geyilmirdi. Yeri gəlmişkən, VI əsrdən başlayaraq Romada şalvar geyilməyə başlanılıb”.

Sadəcə qısqanclıq...

Səbirə Dünyamalıyeva kişilərin şort geyməsinə mənfi münasibətin yazılmamış qayda-qanunlarla, mental münasibətlə bağlı olduğunu deyir. Onun sözlərinə görə, kişilərin şortla küçədə gəzməsi İslam şəriət qaydalarına zidd deyil: “Şəriətdə yalnız kişilərin ayıb yerlərini örtməsi vacib buyrulur, dizdən aşağı ayağın bayırda qalması yasaqlanmır, amma bu geyim hansısa xalqın adət-ənənəsinə ziddirsə, gəlmələr bunu nəzərə almalıdır. Ümumiyyətlə, vacib bir məsələni bilmək lazımdır ki, dünyada soyunmaq mədəniyyəti yoxdur, geyinmək mədəniyyəti var”.
Şortda gəzən kişilərə münasibəti psixoloji amillərlə izah edən pedaqoqa görə, Azərbaycanda kişilər xanımlarının, əziz qadınlarının yad kişinin çılpaq ayaqlarını görməsini istəmir: “Onlar bu məsələyə qısqanc yanaşırlar. Bu səbəbdən kişilərin şortik geyinməsi qadınların bu geyimdən istifadəsi fonunda daha qabarıq görünür”.

“Normadan kənara çıxanlar əsl kişi obrazına uyğun gəlmirlər”

Psixoloqların fikrincə, seçilən geyimlə xarakterin çox zaman əlaqəsi olmasa da, geyimlər insanlar haqqında müəyyən fikirlərin yaranmasına gətirir. Mütəxəssislər insanların geyimlərinin ətrafda yaratdığı təəssürat barəsində müxtəlif fikirlər irəli sürürlər.

Məsələn, işgüzar kostyumun insanlarda inam hissi yaratdığı, bacarıq və uğur nümayiş etdirmək anlamına gəldiyi bildirilir. Bəs, şort kimi azad geyim tərzi hansı təəssürat yaradır? Bu geyimə birmənalı münasibətin olmaması haradan qaynaqlanır?

Psixoloq Orxan Fərəclinin fikrincə, Şərq insanının beynində illərdir oturuşmuş kişi imici, kişi obrazı var: “Diqqət etsəniz görərsiniz ki, bu imicdən kənara çıxan adamları rahatlıqla damğalaya bilirlər. Çənədə saqqal saxlayana, əlvan şalvar, eləcə də şortik geyinənlərə olan münasibət kimi. Şüuraltımızda belə bir motiv var ki, qəbul olunmuş normalardan kənara çıxanlar əsl kişi obrazına uyğun gəlmirlər və belələrini hər vəchlə “sındırmaq, alçaltmaq” lazımdır. Satıcının bu tip elanı da məhz özünəməxsus etiraz forması – “sındırma” üsuludur”.

Psixoloq məsələnin maraq doğuran daha bir tərəfinin şortikə ciddi müqavimət göstərən insanların ölkədən kənara çıxan kimi özlərinin də bu sayaq geyimə üstünlük verdiklərini vurğulayır.

Dünyagörüşü, zəka səviyyəsi...

Sosioloq Adil Əsədovun fikrincə, geyim mədəniyyətində əsas faktorlar kimi adət-ənənə, ümumi mühit, dini düşüncə və inanclar, ümumi dünyagörüşü və zəka səviyyəsi, iqtisadi durum və coğrafi şərtlər əsas rol oynayır: “Bu amillərin hər biri istənilən toplumun, o cümlədən bizim cəmiyyətin geyim mədəniyyətini formalaşdırır. Mühit amilinin təsiri də kifayət qədər böyükdür. Ümumi dünyagörüşü və zəka səviyyəsi amili də həyatın hər məsələsində olduğu kimi, geyimdə çox mühüm rol oynayır”.

Sosioloqun dediyinə görə, indiki halda mühit amili adət-ənənə amili ilə birbaşa təsirə girmiş olur və mühit amili üstün olmağa başlayır. Yəni, bütövlükdə mədəniyyətin formalaşmasında olduğu kimi, geyim mədəniyyətində də bu amillərin bir-biri ilə sıx bağlıdır.
Sonda onu bildirək ki, adətən, yazılmamış qayda-qanunlarla bağlı olan bu cür məsələlər ilk vaxtlar müzakirə və narazılığa səbəb olur. Amma zaman necə deyərlər, bunu da yoluna qoyur və etirazçıların əsəblərini sakitləşdirir...

Naibə QURBANOVA


Müəllif: