21 Aprel 2014 17:57
1 101
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əli Orucov: "Rauf bəyin dövlətə xəyanətdə əli olduğuna inanmıram"

Dövlətə xəyanətdə şübhəli bilinən Rauf Mirqədirovla bağlı mənsub olduğu AMİP-də hər hansı müzakirə aparılmayıb. Bu barədə Teleqraf.com-a AMİP Mərkəzi Şurasının üzvü Əli Orucov məlumat verdi.

O, bildirdi ki, partiyanın Mərkəzi Şurasının üzvü olan Rauf Mirqədirov hələ də partiya üzvlüyündə qalır: “O, AMİP sıralarında olub və indi də partiyamızın üzvüdür. Uzun müddətdir Türkiyədə yaşadığından partiya ilə əlaqəsi yox idi. Rauf bəyin dövlətə xəyanətdə əli olduğuna inanmıram. O, əqidəli, dövlətini, millətini sevən insan olub. Ola bilsin, anlaşılmazlıq baş verib. Nəsə başqa bilmədiyimiz şeylər də ola bilər. Hər halda istintaqın yekunlaşmasını gözləyirik”.

Ə.Orucov AMİP-də partiya funksionerinin saxlanılması ilə bağlı rəsmən müzakirələrin aparılmadığını bildirdi: “Dostluq münasibətində olan şəxs kimi onun barəsində AMİP üzvləri ilə öz aramızda söhbət etmişik. Amma rəsmi surətdə bununla bağlı müzakirə aparmamışıq. İşin mahiyyətinin nədən ibarət olduğunu bilmirik. İstintaq yekunlaşandan sonra AMİP-də müzakirələr aparıla və münasibətimizi bildirə bilərik”.

Nərgiz


Müəllif: