18 İyun 2014 14:56
7 111
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər İraq Şam İslam Dövləti (İŞİD) tərkibində xeyli Azərbaycan vətəndaşlarının döyüşməsi ilə bağlı faktların ortaya çıxması dövlət qurumlarını hərəkətə keçirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, vəhhabilərin “müqəddəs şəhər” adlandırdığı Sumqayıtdan Suriyada və İraqda İŞİD tərkibində döyüşənlərin sayı durmadan artır. Bu insanların əlbəttə ki, böyük əksəriyyətinin həqiqi hərbi xidmət keçməsi və döyüş qabiliyyətinin olması heç kəsə sirr deyil. Artıq belə insanlarla bağlı Sumqayıtda dövlət qurumları tərəfindən konkret addımlar atılmağa başlayıb. Belə ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 2-3 il əvvəl həqiqi hərbi xidmətdən qayıtmış şəxslərə “Çağırış vərəqi” göndərib. Həmin “Çağırış vərəqi”ndə xidmət keçmiş siravi əsgərlərə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsinə gəlmələri tələb edilir. Eyni zamanda qoşma vərəqdə onlara şəxsiyyət vəsiqəsi, hərbi bilet, sürücülük vəsiqəsi, şəxsi əşyalar götürməsi tələbi qoyulub.

Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt İdarəsinin növbətçisi Asif Məhərrəmov Teleqraf.com-a deyib ki, bu səfərbərliklə bağlı çağırış deyil. Onun sözlərinə görə, 2-3 il əvvəl həqiqi hərbi xidmət keçmiş şəxslərin qeydiyyatı aparılır: “Çağırılanlar sadəcə gəlib burada qeydiyyatdan keçəcəklər, burada ayrı bir məsələ yoxdur”.

A.Məhərrəmov bu qeydiyyatın nə səbəbdən aparılması ilə bağlı sualı cavablandırmaqdan imtina edərək, “Baş idarəyə”, yəni Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə zəng etməli olduğumuzu bildirdi.

BƏXTİYAR


Müəllif: