4 May 2016 20:12
437

"Bəzi şəxslər MSŞA-nı bataqlığa salmaq istəyirlər"

Aprelin 30-da keçirilən İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) Koalisiyasının 18-ci ümumi yığıncaqla bağlı qalmaqal davam edir.

Qalmaqala səbəb yığıncaqda Ümumi Şuraya üzv seçilən Oqtay Gülalıyevin Milli Şuraya ünvanladığı müraciətdir. Birliyin üzvləri hesab edirlər ki, müraciət koalisiyanın siyasiləşməsindən xəbər verir. Qeyd olunur ki, şuraya seçilənlərin əksəriyyəti ayrı-ayrı siyasi partiyaların üzvləridir və öz aralarında sövdələşərək seçkilərdə qələbə qazanıblar.

Koalisiyanın Şura üzvü, eyni zamanda sabiq koordinatoru Əliməmməd Nuriyev Teleqraf.com-a açıqlamasında Koalisiyadakı duruma aydınlıq gətirib.

Əliməmməd Nuriyev qeyd edib ki, ümumi yığıncaqda seçkilər demokratik keçirilib: "Bu, koalisiyanın dayanıqlı inkişafının davam etməsini vəd edirdi.

Lakin yığıncağın səhəri gün baş verənlər Koalisiyada legitimlik poblemi yaratmaq üşün əsaslar yaratmağa başladı. Düşünürdüm ki, bunu yaratmağa əsas verən halın aradan qaldırılması üçün iradə göstəriləcək. Lakin nə baş verdi ? Sualların cavablandırılması əvəzinə müdafiə və qalaqurma oldu. Bəzən isə iftira və böhtanla qarşılaşdıq. Haqlı olaraq koalisiya üzvləri Oktay Gülalıyevdən tələb edir ki, yaydığı məlumatlara aydınlıq gətirərək izahat versin. Mən Oktay Gülalıyevdən ilk növbədə xahiş edir, daha sonra tələb edirəm ki, onun tərəfindən "bütün müqavimətə, anti- təbliğata, ayrılan 400 min manata baxmayaraq hakimiyyət Şura və Monitorinq Qrupu seçkilərində məğlubiyyətə ugradı" ifadəsinə dair izahat versin: Bu vəsaiti hakimiyyət kimlərə verib? Necə verib?

Oqtay Gülalıyevin məktubunda yazılan ifadələr Şuraya və şəxsimə qarşı "korrupsiya " ittihamıdır. Bunun ağır cinayət əməli olduğunu nəzərə alaraq tezliklə izhatını verəcəyini gözləyirəm. İzahata uyğun olaraq müvafiq addımlar atılacaq. Eyni zamanda məlumatların KİV-lərdə böyük rezonans doğurması məsələnin Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin də diqqətini çəkəcəyi istisna olunmur".

Əliməmməd Nuriyev bildirib ki, maliyyə problemləri ucbatından koalisiyanın ümumi yığıncağı iki il yarım təxirə salınıb: "QHT-lərə Dövlət Dəstəyi Şurasına etdiyimiz çoxsaylı müraciət və xahişlərdən sonra Şura konfransın keçirilməsinə dəstək verdi və 7,5 min manat vəsait ayrıldı. Biz vəsaitin xərclənmə istiqamətləri barədə üzvlərimizə məlumat verdik. 150 nəfərdən çox iştirakçı oldu. Təəssüf ki, yığıncaqdan sonra Oqtay Gülalıyevin Milli Şuraya məktubu üzə çıxdı. Orada böhtan xarakterli məlumatlar var. Sabit Bağırov, Mehriban Vəzir, mən və koalisiyanın digər üzvləri Oqtay Gülalıyevdən izahat tələb etmişik. Nə üçün Oqtay Gülalıyev QHT Koalisiyası ilə bağlı Milli Şuraya hesabat verməlidir? O, "Biz qələbə qazandıq" dedikdə nəyi nəzərdə tutub? "400 min manat" ittihamı haradan qaynaqlanır? Oqtay Gülalıyev bu suallara cavab verməlidir. Onun ittihamları bizim zəhmətimizə kölgə salır. Əgər Oqtay Gülalıyev izahat verməsə Şurada qalmağım sual altında qala bilər. Kimin yalançı, böhtançı olduğu üzə çıxmalıdır".

Əliməmməd Nuriyev qeyd edib ki, koalisiyanın koordinatoru olduğu dönəmdə hazırda şuranın üzvü olan bəzi şəxslər tərəfindən heç bir təşəbbüskarlığın şahidi olmayıb: "İki il ərzində onlar koalisiyanın inkişafı ilə bağlı heç bir təkliflə çıxış etməyiblər. Koalisiyanın qeydiyyatı ilə bağlı ilkin müzakirələr olarkən yalnız Sahib Məmmədov bunun əleyhinə oldu. Ümumi yığıncaqda isə "qəhrəmanlar" ortaya çıxdı. Bu gün koalisiyanın problemləri həll olunur deyə, bəzi şəxslər fəallaşıb, onu bataqlığa salmaq istəyirlər.

/Teleqraf.com/


Müəllif: