6 May 2016 09:14
5 139

Erməni hərbçilər Elşad Abbaszadəni yalnız silahını doldurarkən vura bilib.Elşad Abbaszadə cəbhənin Tərtər istiqamətində, təmas xəttində 3 il xidmət edib. Martın 25-i qarşı tərəfin atəşkəsi növbəti dəfə pozması nəticəsində cavab atəşi ilə susduranlardan biri də Elşad olub.

ANS TV-nin məlumatına görə, 3 saat Ermənistan hərbi birləşmələri ilə döyüşən qəhrəman silahını dolduran zaman qarşı tərəfin gülləsinə tuş gəlib. Artıq 40 gündür qəhrəmanımız ən uca zirvədə, şəhidlik zirvəsindədir.

Çəkiliş qrupumuz bu gün şəhidin ailəsini ziyarət edib, onlara göstərilən qayğı ilə maraqlanıb. Atası Raquf Abbasovun sözlərinə görə, şəhidin dəfn və yas mərasimi üçün Tərtər rayon icra hakimiyytəi və Elşadın qulluq etdiyi hərbi hissə rəhbərliyi maddi kömək göstərib.

10 gün əvvəl isə ailə dövlətin şahid ailələri üçün ayırdığı 11 min manat sığorta pulunu alıb. Bu aydan isə şəhidin ailəsinə 200 manat prezident təqaüdü ödənilir. Ailə deyir ki, Sığortanın məbləğinin əsas hissəsi şəhidin məzarının düzəldilməsinə xərclənib.

Oğullarını vətənə qurban verən ailə kənardan nəsə ummağı qüruruna sığışdırmır. Amma ailənin 310 manat aylıq gəliri və yaşadığı şərait onların maddi dəstəyə ehtiyacı olduğunu göstərir.

"Şəraitmizin nə yerdə olduğu göz qabağındadır, şəhid bu evdə böyüyüb. Şəraitimiz yoxdur", - şəhid atası Raquf Abbasov bildirdi.

Şəhidin nənəsi Sevil Sadıqova deyir ki, ailənin maddi yardımla yanaşı mənəvi dəstəyə də böyük ehtiyacı var.

"Vətən sağolsun, xalqımız, millətimiz sağ olsun. İstəyirəm ki, nəvəmin adı əbədiləşdirilsin. Tərtərdə bir küçəyə, bələdiyyəyə, ya kənd icra nümayəndəliyinə adı verilsin. Yalnız onun adı yaşasın", - Sevil Sadıqova dedi.

Elşad Abbaszadə və onun kimi oğulların qəhrəmanlığı sayəsində irəliləyə bilməyən, əksinə 25 ildir möhkəmləndiyi mövqelərindən məhrum olan qarşı tərəf bu dəfə ağır artilleriya silahları ilə dinc sakinləri yaşayış məntəqələrini, məktəbləri və digər mülki obyektləri hədəf seçib.


Müəllif: