6 May 2016 15:00
534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə cəbhə bölgəsinə səfər edən Azərbaycanda akkreditə olunan diplomatik korpus nümayəndələri Ağdam rayonuna səfər ediblər.

Ağdam rayon İcra Hakimiyyətindən verilən məlumata görə, səfər çərçivəsində Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovla görüşən diplomatlar erməni təcavüzü nəticəsində Ağdama dəymiş ziyan barədə maraqlanıblar.

İcra başçısı diplomatlara cəbhə xəttində baş verən son hadisələr barədə ətraflı məlumat verib.

R.Məmmədov bildirib ki, erməni silahlı birləşmələri aprelin 27-dən 28-ə keçən gecə təmas xəttində yerləşən kəndləri ağır artilleriyalardan atəşə tutublar: "Hadisələr nəticəsində Ağdamın kəndlərində 100-dən artıq fərdi yaşayış evi və inzibati bina dağıdılıb, iki mülki şəxs həlak olub, 6 nəfər isə ağır yaralanıb".

R.Məmmədov diplomatlara ermənilərin atəşə tutduğu Sarıcalı kənd orta məktəbi barədə də məlumat verib.

Görüşdən sonra diplomatlar adıçəkilən orta məktəbdə olub, məktəbin atəşdən sonrakı vəziyyətilə tanış olublar.

Sonra diplomlar ermənilər tərəfindən atəşə tutulan Çəmənli kəndində olub, orada dağılan evlərə baş çəkib və sakinlərlə görüşüblər.


Müəllif: