11 May 2016 21:36
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

RF Dövlət Dumasının deputatı, MDB, Avrasiyaya inteqrasiya məsələləri və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Slutski AZƏRTAC-a müsahibəsində deyib: “Dağlıq Qarabağ qanlı münaqişədir və bu problemi gələcək nəsillərə saxlamağa haqqımız yoxdur. Münaqişənin son vaxtlar sözün həqiqi mənasında qanlı problemə çevrildiyini nəzərə alaraq onu tez həll etmək lazımdır”.

Onun sözlərinə görə, Dağlıq Qarabağ probleminin nizamlanma prosesi son dərəcə həssas məsələdir: “Yersiz deyilən söz, artıq-əskik hərəkət qan tökülməsinə səbəb ola bilər. Dağlıq Qarabağ haqqında açıq danışarkən mən və həmkarlarım öz məsuliyyətimizi başa düşürük”, – deyən L.Slutski xüsusilə qeyd edib ki, bu, nə qədər “utopik səslənsə də” münaqişə ən yaxın illərdə həll edilə bilər.

Deputat qeyd edib ki, Rusiya ATƏT-in Minsk qrupunun formatını regionda sülhün qorunması üçün səmərəli və təsirli sayır. L.Slutski deyib: “Lakin bununla belə başa düşürük ki, üstündən 7 il keçməsinə baxmayaraq Madrid prinsipləri hələ həyata keçirilməyib, münaqişənin tərəfləri arasında mühüm addımlar üzrə vahid anlaşma yoxdur. Bu addımlar nizamlanmanı kağız üzərində, danışıq aparan qruplar arasında deyil, real şəkildə göstərəcək. Lakin danışıq prosesi gedir. Bu, istənilən kimi bir o qədər də tez və effektiv baş vermir. Əminəm ki, siyasətçilər bu həllolunmaz görünən problemin həlli üçün əllərindən gələni edirlər”. L.Slutski vurğulayıb ki, parlamentarilərin bütün cəhdlərinə baxmayaraq, bu mürəkkəb problemdə dövlət başçıları və siyasət idarələrinin rəhbərləri əsas rol oynayır və bundan sonra oynayacaqlar”.


Müəllif: