13 May 2016 10:45
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə qarşı kimyəvi silahlardan istifadə etməsi faktına görə Respublikası Hərbi Prokurorluğunda cinayət işi başlanıb.

Bu barədə Teleqraf.com-a Hərbi Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Tərtər rayonunun cəbhəyanı Əskipara kəndi ərazisində Ermənistan ordusunun atdığı partlamamış kimyəvi tərkibli top mərmisi aşkar olunmuş və həmin mərmi 11 may 2016-cı ildə Agentliyin mütəxəssisləri tərəfindən müvafiq təhlükəsizlik qaydalarına riayət edilməklə partladılaraq məhv edilmişdir.

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mətbuat Xidmətindən bildirilmişdir ki, Respublika Hərbi Prokurorluğunun xüsusi istintaq şöbəsinin əməkdaşları Ermənistan silahlı qüvvələrinin kimyəvi tərkibli top mərmisi atdığı əraziyə baxış keçirilmişdir.

İlkin araşdırma zamanı müəyyən edilmişdir ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinə və mülki əhalisinə qarşı törədilən təxribatlar zamanı Tərtər rayonunun cəbhəyanı Əskipara kəndi ərazisində aşkar olunmuş partlamamış mərmi hərbi sursat növünə aid olan, daxilində 3,6 kiloqram P-4 (ağ fosforun kimyəvi kodu) kimyəvi tərkibli olan D-4 (tüstülü mərmi) tipli 122 millimetrlik top mərmisidir.
Bu tip kimyəvi tərkibli mərmilərdən istifadə etməklə Ermənistan silahlı qüvvələri 1949-cu il müharibə qurbanlarının qorunması haqqında Cenevrə Konvensiyasını və həmin Konvensiyaya 1977-ci ildə qəbul edilmiş əlavə protokolları, "Adi silahların konkret növləri haqqında konvensiya"nın III (1980), eləcə də kimyəvi silahların istehsalı və tətbiqinin qadağan olunmasına dair BMT-nin 30 noyabr 1992-ci il tarixli Konvensiyasının müddəalarını kobud şəkildə pozmuşlar.

Beynəlxalq humanitar hüquq normalarında təsbit edilmiş qaydalara məhəl qoymayan erməni silahlı bölmələri bu tip mərmilərdən təkcə Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutduqları zaman deyil, həmçinin yaşayış məntəqələrinə və mülki əhaliyə qarşı da istifadə edirlər.

Ermənistan hərbi birləşmələrinin qadağan olunmuş mərmilərdən istifadə etməsi faktına görə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Azərbaycan Respublikası CM-nin 29,120.2.7 (iki və daha çox şəxsi öldürməyə cəhd etmə), 29,120.2.12 (milli, irqi, dini ədavət və düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd etmə) və 116.0.16-cı (Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə qadağan edilmiş silahları, müharibə vasitələrini və üsullarını silahlı münaqişələrdə tətbiq etmə) maddələri ilə cinayət işi başlanmışdır.

Hal-hazırda Respublika Hərbi Prokurorluğunda iş üzrə ibtidai araşdırma davam etdirilir.


Müəllif: