13 May 2016 16:41
612
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bizim işimiz çətinləşib. 1990-cı illərin əvvəllərində Azərbaycanda klassik hüquq müdafiəçiliyinin əsasını qoyan qurumların fəaliyyətində problemlər yaranır. Bizim məqsədimiz hakimiyyəti tənqid etmək deyil, insan hüquqlarının müdafiəsini həyata keçirməkdir. Ancaq bu fəaliyyətimizdə bizə mane olurlar. Ayrı-ayrı məhbus siyahısı tutur, ora ən müxtəlif şəxslərin adını daxil edirlər. Bu da, işimizə ancaq problem yaradır”.

Teleqraf.com xəbər verir ki, bunu hüquq müdafiəçisi Sahib Məmmədov bu gün hüquq müdafiəçilərinin təşkil etdiyi mətbuat konfransında səsləndirib. O, iddia edib ki, bəzi təşkilatlar üçüncü ölkələr vasitəsilə xarici donorlardan qrantlar alır: “Ancaq bu, bizim üçün bir qədər çətindir. Çünki klassik hüquq müdafiəçiləri belə formada fəaliyyət göstərmirlər. Biz İnsan Hüquqlarına dair Birləşmiş İşçi Qrupunda fəaliyyətimizi davam etdiririk”.

Digər hüquq müdafiəçisi Əvəz Həsənov deyib ki, QHT-lərin donor təşkilatlara çıxışı, qrantlar əldə etməsində problem olmayıb: “Ancaq 2014-cü ildə qanunvericiliyə müəyyən dəyişikliklər edildi və bundan sonra donorlar Azərbaycanda fəaliyyətini dayandırdı. Hazırda donorlar qrant layihələrini həyata keçirmək üçün Maliyyə Nazirliyi və Ədliyyə Nazrliyində tələb olunan proseduradan keçməli, qrant layihəsini razılaşdırmalıdır. Bu isə beynəlxalq donorlar üçün cəlbedici görünmür. Klassik QHT-lər üçün isə müəyyən fəaliyyət kodeksi var. Belə qurumlar üçüncü ölkələr vasitəsilə qrant layihələri almaq fikrində deyil.

Ancaq bir sıra QHT-lər var ki, onlar üçüncü ölkələr vasitəsilə belə layihələr əldə edir və fəaliyyət göstərir. Bu qurumlar Azərbaycanda fəaliyyət göstərsə də, digər ölkələrdə qeydiyyatdan keçir və burada işləyirlər. 2014-cü ildə NED 800 min maliyyə ayırıb. Ancaq klassik QHT-lər 2014-cü ildən bu yana qrant almayıb. Onların əlində olan 4-5 layihə də 2014-cü ildə batıb. Bu, ən ciddi problemdir. Dövlətin ayırdığı maliyyə də kifayət qədər deyil. Biz regional layihələrdə də iştirak edə bilmirik. Bu isə Azərbaycan QHT-lərinin imicinə ciddi zərbə vurur”.

Nemət


Müəllif: