19 İyun 2014 19:09
8 453
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sehrli Naftalan”ın “sehrli” qiymətləri

Müalicəvi istirahət yeri kimi hələ sovet dönəmində şöhrət tapmış Naftalan 90-cı illərdə erməni hücumları ilə başlanmış qaçqın və məcburi köçkün axını qarşısında “təslim oldu”. Buradakı sanatoriya və pansionatların bir çoxunda məcburi köçkünlər məskunlaşdı. Digərləri isə fəaliyyətini məhdudlaşdırmalı və birdəfəlik dayandırmalı oldu. Belə vəziyyət bura üz tutanların sayının ilbəil azalması ilə nəticələndi. Naftalanın sovet məkanında və xaricdə qazandığı nüfuz da qeybə çəkildi.

Ancaq son illərdə bu şəhərdə canlanma başlayıb, xüsusən, sağlamlıq problemlərinin artdığı bir dönəmdə Naftalana ehtiyac çoxalıb. Yay aylarında Naftalanda nəinki Azərbaycanın bölgələrindən, eləcə də bir çox xarici ölkələrdən müalicəyə gələnləri görmək olar.
Bura Rusiya, Polşa, Almaniya, Fransa, İran, Türkiyə, Filippin və başqa ölkələrdən şəfa tapmağa gələnlər var. Naftalan nefti dünyada analoqu olmayan unikal müalicə vasitəsi sayılır və bu sərvətin yalnız Azərbaycana məxsus olduğu deyilir.
Naftalan nefti yaraların, dəri, sinir, uroloji və ginekoloji xəstəliklərin, həmçinin qaraciyər, oynaqların və oynaq ətrafındakı yumşaq toxumaların, dayaq-hərəkət aparatının müalicəsi üçün səmərəli vasitə hesab olunur.

Xidmət baha, boş yer az...

Naftalanda müalicə həm də ona görə önəmli sayılır ki, buranın havası da şəfa tapmaq üçün gərəklidir. Müalicə almış insanlardan öyrəndik ki, bundan əvvəl digər bölgələrdəki naftalanla kurs keçsələr də, nəticə istənilən olmayıb. Mütəxəssis məsləhətinə görə, naftalanla müalicədən yüksək effekt almaq üçün məhz Naftalan şəhərinin özündə müalicə keçmək lazımdır. Bəlkə bu da bir reklam vasitəsi və ya psixoloji təlqindir, ancaq hər halda praktik nəticələri var.
Son illərədək buradakı sanatoriyalarda vəziyyət ürəkaçan olmasa da, hazırda yeni sağlamlıq kompleksləri tikilib istifadəyə verilib. Rayon ərazisində sonuncu dəfə iki il öncə 2 böyük naftalanla müalicə mərkəzi – “Rixsos Naftalan” (Qaşaltı), “Chinar Spa” Sağlamlıq Mərkəzi istifadəyə verilib. Amma qiymətlər köhnə sanatoriyalardakına nisbətən bahadır. Bunu isə mərkəz rəhbərləri xidmət səviyyəsi və tam müalicə kursu ilə izah edirlər. Bununla belə, may ayından etibarən istər ucuz, istərsə bahalı xidmətlər təklif edən müalicə mərkəzlərində yer tapmaq çətin olur.
Rayonda naftalan neftinin çıxarıldığı ərazilərdə daha bir neçə sağlamlıq mərkəzinin tikintisi nəzərdə tutulur. Burada həmçinin sovet dönəmində fəaliyyət göstərmiş aeroportun da yenidən təmir-bərpa olunacağı və ərazisinin genişləndiriləcəyi bildirilir. Vaxtilə bu aeroportdan daha çox indiki MDB dövlətlərindən olan turistlər istifadə edirmiş. Aeroportun mövcudluğu ağır xəstələrin rahatlığını təmin etməklə yanaşı, digər qonaqlar üçün də sərfəli imiş.

Sakinlərin üçaylıq qazanc şansı

“Sehrli Naftalan” sağlamlıq və istirahət mərkəzi də yeni istifadəyə verildiyi və naftalanı təzə olduğu üçün bura gələnlərin sayı az deyil. Müalicədə istifadə olunan naftalan mayesinin effektivliyi üçün onun çıxarılmasından 5 ildən artıq vaxt ötməməlidir. Müalicə mərkəzlərinin naftalan quyularının ətrafında yerləşməsinə baxmayaraq, onlar naftalanı baha qiymətə əldə edirlər.

Qeyri-rəsmi məlumata görə, bütün klinikalar naftalanın bir tonunu 2000 manata alırlar. Hər quyunun isə öz sahibkarı var ki, klinikları ödənişi həmin sahibkara edirlər.

Qeyd edək ki, hazırda dünyada 1 barel Azərlayt neftinin qiyməti 107 dollardır. Bir barel isə 117, 34 litrdir.

Yeni tikilən mərkəzlərdə müalicə otaqları, neft vannaları, müasir tibb avadanlıqları və digər xidmətlərin göstərilməsi üçün kabinetlər mövcuddur. Bura gələnlər ilk növbədə baş həkimin qəbulunda olur və xəstəlikləri barədə həkimi məlumatlandırırlar. Bundan sonra isə baş həkim xəstəni aidiyyəti mütəxəssisin qəbuluna göndərir, xəstənin naftalan vannasına göstəriş olduğu halda müalicəyə başlanılır.

Qeyd edək ki, kəskin ürək, qan-damar xəstəlikləri və təzyiqlə bağlı problemi olanların naftalan vannasından istifadəsi əks-göstərişdir. Belə xəstələr uzaqbaşı bədənin beldən aşağı hissəsini naftalan vannası qəbul etməklə bu müalicə üsulundan yararlana bilərlər.
“Sehrli Naftalan” sağlamlıq mərkəzində gün ərzində 3 dəfə qidalanmaq və gecələmək, mərkəzin bütün xidmətlərindən istifadə də daxil olmaqla 15 günlük istirahət 450 manata başa gəlir. Lüks otaqlar isə bir qədər baha - 750 manatadır. Amma çoxları bu qədər vəsaiti ödəyə bilmədiyi üçün yaxınlıqda evlər kirayələməklə müalicə olunmağa üstünlük verir və bunun bir qədər ucuz başa gəldiyini düşünürlər. Belə müalicə olunanlara isə “kursovka” deyilir və onlar 15 günlük kirayə üçün mərkəzə yaxın evlər seçirlər.

Qiymətlər isə bir nəfər üçün hesablanır və adambaşına 40 manatdan 70-80 manatadək yüksəlir. Sanatoriyalara yaxın evlərdə mövsüm zamanı ev kirayələmək o qədər asan deyil. Çünki gələnlər çox olduğu üçün ev sahibi öz yaşadığı evini də kirayə verməli olur. Söhbətləşdiyimiz bəzi ev sahibləri təxminən 3 ay ərzində Naftalana gələnlərin çoxluğunu nəzərə alıb, bu fürsətdən yararlanmağa çalışırlar.

“Sehrli Naftalan”ın “sehrli” qiymətləri

“Kursovka”lar üçün müalicəyə gəlincə, burada bir naftalan vannasının qiyməti 6 manatdır. Qaydaya görə isə xəstənin 10 vanna qəbul etməsi istənilən effekti verə bilər və bunun üçün 60 manat, üstəgəl 5 manat xidmət haqqı ödənilir. Bu minvalla xəstə digər yararlanacağı xidmətlərin də qiymətlərini kassaya ödəyir və müalicəyə başlanılır.

“Sehrli Naftalan”dakı qiymətlərdən narazılıq edənlər də var ki, bu da köçürülən puldan əlavə, onlara xidmət edən tibb bacıları və həkimlərin əlavə pul istəmələri ilə bağlıdır. Bir çoxları özəl klinika olduğu üçün əvvəlcədən ödəniş edib, sonradan yenidən xidməti personala pul verilməsinə açıq-aşkar olmasa da, gizlicə etirazlarını gizlətmirdilər.

Naftalanda nadir muzey də var: onun eksponatları atılmış qoltuq ağaclarıdır. Xəstələr sağaldığı üçün onlara qoltuq ağaclarının daha lazım olmadığını görərək, həmin ağacları Naftalanda qoyub gedirlər...

Naibə QURBANOVA


Müəllif: