20 İyun 2014 12:14
1 137
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gündən etibarən Bakıda yapon filmləri festivalına start veriləcək.

Teleqraf.com xəbər verir ki, festivalla bağlı “28 Cinema” kinoteatrında mətbuat konfransı keçirilib.
“28 Cinema”nın direktoru Elnarə Rəhimova festivalın 4 gün davam edəcəyini bildirib. Onun sözlərinə görə, iyunun 20-dən 23-dək reallaşacaq festival çərçivəsində təqdim olunacaq bədii filmləri “28 Cinema” kinoteatrında pulsuz izləmək mümkün olacaq.

Yapon dilində nümayiş olunacaq filmlər rus dilində alt yazı ilə təqdim ediləcək.

Festivalın davam edəcəyi dörd gün ərzində saat 13:00-da və 19:30-da “Hankyu qatarı”, “Xəttat qızlar”, “16 yaşlılar üçün Buşido”, “Məndən sənə”, “Xoşbəxt uçuş” ekran əsərləri nümayiş olunacaq.

Tədbirdə çıxış edən Yaponiyanın Azərbaycandakı səfirliyinin mədəniyyət şöbəsinin müdiri, 3-cü katib Fukuda Yusuke bundan öncə də ölkəmizdə yapon filmləri festivalının keçirildiyi xatırladıb. Onun sözlərinə görə, budəfəki festival əvvəlkilərə nisbətən proqramının zənginliyi ilə seçilir:

“Azərbaycanda Yaponiya pop musiqisinə maraq var, bizim pop ifaçılarının mahnıları dinlənilir. Amma filmlərimiz burada o qədər də tanınmır. Buna görə də qərara aldıq ki, yapon filmləri festivalını bu il də keçirək.

Biz Yaponiya film agentliklərindən festivalda nümayiş olunan filmlərin icazəsini almışıq, bunun üçün onlara külli miqdarda pul ödəmişik. İnanırıq ki, bu festivaldan sonra Azərbaycan tamaşaçıları yapon mədəniyyəti və adət-ənənələri barədə daha çox bilgiyə malik olacaq”.

Səfirlik rəsmisi festivalda göstəriləcək ekran əsərlərinin 2008-2012-ci illəri əhatə etdiyini söyləyib.
Yeri gəlmişkən, Azərbaycan və Yaponiya arasında mədəni əlaqələr bundan sonra da davam etdiriləcək. Bu barədə “JTİ” şirkətinin Koorporativ Məsələlər və Əlaqələr üzrə meneceri Əli Verdiyev məlumat verib:

“Hazırda bununla bağlı müzakirələr aparırıq. Yəni təkcə kino yox, başqa mədəni layihələrlə də görüşünüzə gələcəyik”.

Mətbuat konfransından sonra media nümayəndələri yapon mətbəxi, xüsusən də, suşinin bir neçə çeşidi ilə tanış olublar.

Daha sonra isə festivalın rəsmi açılış mərasimi keçirilib. KİV nümayəndələrinə rejissor Şinobu Yaguçinin “Xoşbəzt ucuş” filmi göstərilib.

Filmdəki hadisələr hava limanında və təyyarə salonunda cərəyan edir. Hər ucuş zamanı professional təyyarəçi, stüard, stüardessa, yerüstü komanda, mexanik, dispetçer və nəzarətçilər xidmət göstərirlər. Onların əsas məqsədi ucuşun təhlükəsizliyini təmin etməkdir. Adi iş günü, adi reys - təyyarə cədvələ uyğun olaraq Honolulu istiqamətində yola düşür. Təyyarə kapitanının köməkçisi, Kazuhiro üçün bu ucuç son imtahandır, stüardessa Etsiko üçün isə bu, ilk beynəlxalq səviyyəli ucuşdur. Lakin texniki səbəblərdən təyyarə Yaponiyaya geri qayıtmalı olur.

Yaponiyada gənclər arasında sinxron üzgüçülükdən bəhs edən “Water boys” və caz qrup yaradan məktəbli qızlar haqqında olan “Swing girls” filmləri ilə məşhurlaşan rejissor Şinobu Yaguçi ona məxsus yumor hissi ilə aviasiyanın adi sərnişinin düşünmədiyi tərəflərinin işıqlandırıb.

Qeyd edək ki, festival Yaponiyanın Azərbaycandakı səfirliyinin və “28 Cinema” kinoteatrının birgə təşkilati dəstəyi və “JTİ” şirkətinin sponsorluğu ilə keçirilir.

Aytən Həsənova


Müəllif: