20 İyun 2014 12:25
1 223
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mən inanıram ki, Azərbaycanda təhsil sahəsində aparılan islahatlar həqiqətən də arzuolunandır".

Teleqraf.com bildirir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi (MTTYM), Azərbaycan Dillər Universiteti, Azərbaycan Neft Mühəndisləri İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Təhsil Nazirliyinin dəstəyi ilə Bakıda xaricdə təhsil almış məzunların 3-cü təhsil forumunda çıxışı zamanı deyib.

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarovun fəaliyyətindən razılıq edən səfir qeyd edib ki, yaxsı təhsil hər bir insan üçün yaxsı imkanlar açır.

Onun sözlərinə görə, ABŞ-da təhsil alan tələbələrin sayəsində Azərbaycan təhsilində böyük işlər görülür: "Әn vacib proqramlardan biri təhsil proqramıdır. Bu proqram sayəsində ölkələr arasında məlumatlılıq artır. Bakıda keçirdiyim vaxt ərzində bir çox təsisatlar, institutlar və universitetlərin rəhbərləri ilə görüşdüm və fikir mübadiləsi apardım. Onlar Azərbaycanın təhsil sistemində köklü dəyişikliklər etmək üçün fəaliyyət göstərirlər".

Azərbaycan Dillər Universitetinşn rektoru Səməd Seyidov bildirib ki, forumun əsas məqsədi xaricdə təhsil almış və təhsil sahəsinə töhfə vermək istəyən məzunlara dəstəyi nümayiş etdirmək və onları geniş ictimaiyyətə tanıtmaqdır: "Forumun təşkilində iştirak edən işçi qrupu Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının strateji istiqamətlərini forumda əsas hədəf kimi götürüb".

S.Səmədov deyib ki, bir necə il əvvəl azərbaycanlı tələbələrin ABŞ-da təhsil alması arzu kimi görünürdü. Ancaq indi yüzlərlə tələbə ABŞ-ın aparıcı univesitetlərində təhsil alır: "Biz arzulayırdıq ki, ABŞ-da oxuyan tələbələr Azərbaycana qayıtdıqdan sonra müxtəlif yüksək vəzifələrdə çalışsınlar, idarəetmədə iştirak etsinlər. İndi onlar artıq Azərbaycanın müxtəlif dövlət qurumlarında yüksək vəzifələrdə, biznes sektorunda çalışırlar".

Rektor artıq Azərbaycanda təhsil alan amerikalı tələbələrin ABŞ-da assosiasiyasının yaradılması vaxtının catdığını da əlavə edib.

Təhsil Nazirliyinin sektor müdiri Emin Әmrullayev isə bildirib ki, ölkənin inkişafı üçün insan resursları mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda da insan resurslarının inkişafı təhsilin prioritet istiqamətlərindəndir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının şöbə müdiri Natiq Әliyev qeyd edib ki, ölkə rəhbərliyi xaricdə təhsilə böyük önəm verir. Hazırda xaricdə təhsil alanlar Azərbaycanın insan kapitalının əsas hissəsidir. Bu resurslardan yararlanma cəmiyyət üçün çox əhəmiyyətli olar: "TQDK biliyin qiymətləndirilməsi siyasətini həyata keçirir. Bu prosesin həyata keçirilməsində hər il müqavilələrlə müxtəlif mütəxəssislər iştirak edirlər".

O, xaricdə təhsil almış azərbaycanlıları bu prosesdə iştirak etməyə dəvət edib./Trend/


Müəllif: