1 İyun 2016 15:17
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 1-də XXIII Beynəlxalq "Xəzər Neft və Qaz 2016" sərgi və konfransının, həmçinin VI Xəzər Beynəlxalq Energetika və Alternativ enerji sərgisinin açılışında iştirak edib.

Xəzəryanı regionda energetika sektorunun ən əhəmiyyətli tədbiri olan XXIII Beynəlxalq "Xəzər Neft və Qaz 2016" sərgisi Energetika Nazirliyi və SOCAR-ın dəstəyi, "ITECA Caspian" və "ITE Group" şirkətlərinin təşkilatçılığı ilə keçirilir. Bu il sərgidə dünyanın 30 ölkəsini təmsil edən 240 şirkət iştirak edir. Bütövlükdə sərginin ekspozisiya sahəsinin 63,7 faizini xarici iştirakçılar tutur. VI Xəzər Beynəlxalq Energetika və Alternativ enerji sərgisi Xəzəryanı regionun enerji səmərəliliyi və bərpa olunan enerji sahəsində yeganə ixtisaslaşmış tədbiridir.

Beynəlxalq "Xəzər Neft və Qaz 2016" sərgi və konfransında çıxış edən "ITE Group Plc" şirkətinin xüsusi məsləhətçisi Endryu VUD tədbirin əhəmiyyətini vurğuladı. Qeyd etdi ki, son illərdə dünyada neft, qaz və energetika sahələrində böyük dəyişikliklərin baş verməsi fonunda müzakirələr aparmaq üçün bu tədbir gözəl platformadır.

Sonra Prezident İlham Əliyev sərgilərlə tanış oldu.

SOCAR-ın stendi ilə tanışlıq zamanı dövlətimizin başçısına şirkətin layihələri barədə məlumat verildi. Bildirildi ki, SOCAR bir sıra uğurlu sosial və ekoloji proqramlar həyata keçirir. Bu proqramlar çərçivəsində tullantı mərkəzinin genişləndirilməsi layihəsi də var. Prezident İlham Əliyevə SOCAR-ın təlim və təhsil proqramları, Bakı Ali Neft Məktəbinin fəaliyyəti, elmi-tədqiqat işləri və şirkətin işində əsas götürdüyü nano texnologiyalar barədə məlumat verildi. SOCAR-ın stendində Azərbaycanın neft emalı və neft kimyası müəssisələri, neft və qaz ixracı marşrutları, həmçinin sərmayələr barədə də geniş məlumat var. Hazırda Azərbaycan, İsveçrə, Gürcüstan, Rumıniya və Ukraynada "SOCAR" ticarət markası altında 370-dən artıq yanacaqdoldurma məntəqəsi xidmət göstərir. Stenddə, həmçinin "Şahdəniz Mərhələ-2", "Cənub" qaz dəhlizi, "Azəri-Çıraq-Günəşli" yataqları, neft və qaz hasilatı, axtarış və kəşfiyyat işləri barədə dolğun məlumatlar yer alıb.

BP şirkəti də uzun illərdir ki, Azərbaycanda neft-qaz sənayesində uğurla fəaliyyət göstərir. Prezident İlham Əliyevə burada "Şahdəniz" layihəsi ilə bağlı görülən işlər barədə məlumat verildi. Qeyd edildi ki, "Şahdəniz Mərhələ-2" və Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihələri üzrə işlərin 70 faizdən çoxu tamamlanıb. Şirkət SOCAR ilə birgə yeni yataqların kəşfi istiqamətində axtarışları davam etdirir.

"Türkiyə Petrolları" şirkəti "Əsrin müqaviləsi"nə start veriləndən Azərbaycanda geniş fəaliyyət göstərən şirkətlərdəndir. Bu qurum Azərbaycanda bundan sonra da reallaşdırılacaq layihələrdə yaxından iştirak etməyə və sərmayə yatırmağa hazırdır. Ümumilikdə, Türkiyə Azərbaycanın enerji sektorunda həyata keçirilən layihələrdə ölkəmizlə hərtərəfli və uğurlu əməkdaşlıq edir.

Prezident İlham Əliyev SOCAR-Türkiyə stendinə baxdı. Burada dövlətimizin başçısına SOCAR-ın Türkiyədə həyata keçirdiyi layihələr barədə məlumat verildi. SOCAR 2015-ci ildə Türkiyənin ən böyük xarici investoru olub. Bildirildi ki, "Petkim" Türkiyənin ilk və yeganə neft-kimya zavodudur. Burada 60 növdə məhsul istehsal edilir. Məhsullar dünyanın 50-dən artıq ölkəsinə ixrac olunur və Türkiyədə 6 min müəssisə tərəfindən istifadə edilir.

STAR neft emalı zavodu Türkiyədə özəl sektorun inşa etdiyi ilk neft emalı müəssisəsidir. Zavodun 2 il sonra istifadəyə verilməsi nəzərdə tutulur. "Petkim" isə Egey dənizi bölgəsinin ən böyük konteyner limanıdır. Layihənin reallaşdırılması ilə dünyanın ən böyük gəmiləri limana yan ala biləcək.

Builki sərgiyə Çin də böyük maraq göstərir. Bu ölkənin Neft üzrə Texnologiya və İnkişaf Korporasiyası sərgidə öz xidmət və məhsullarını təqdim edir. Dünyada məşhur olan bu şirkət əsasən neft avadanlığının təchizatı ilə məşğuldur. Şirkət artıq 12 ildir ki, Azərbaycan bazarındadır.

Prezident İlham Əliyev "Rusneft" şirkətinin stendinə də baxdı. Bu şirkət Rusiyanın ən böyük 10 neft şirkətindən biridir. "Rusneft" Azərbaycan ilə yanaşı, Qazaxıstanda, Afrika ölkələrində və dünyanın digər bölgələrində fəaliyyət göstərir.

"SOCAR-Polimer" müəssisəsi nəinki Azərbaycanda, regionda ən böyük investisiya layihələrindən biridir. Layihə son 40 ildə öz növünə və miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk layihədir. Azərbaycanda kimya sənayesinin inkişafını sürətləndirmək üçün 2013-cü ildə təsis edilən "SOCAR-Polimer" şirkətinin polipropilen və yüksək sıxlıqlı polietilen qurğuları Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılan Sumqayıt Kimya Sənaye Parkında inşa olunur. Şirkətin iki qurğusu hər il 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen istehsal edəcək.

SOCAR-ın "Caspian Driling Company" şirkəti 17 ildir fəaliyyət göstərir. Şirkətin fəaliyyətində əsas məqsəd qurğularla əlaqədar quyu tikintisi və kompleks layihə idarəetməsi xidmətlərini təmin edən dəniz qazma əməliyyatçısı olmaqdır. Şirkət artıq özünü Xəzər dənizinin qazma sənayesində təsdiq edə bilib.

Almaniya sərgidə milli stendlə təmsil olunur. Bu ölkənin 8 şirkəti sərgidə öz xidmət və məhsullarını təqdim edir. Bu şirkətlər nəinki Almaniyanın, eləcə də dünyanın tanınmış şirkətləridir. Onlar əsasən qazma, neft hasilatı, kəşfiyyat, gəmi təmiri və xidmətlər, ölçü və avtomatlaşdırılmış texnika, dəniz platformaları, enerji təchizatı kimi xidmətlərini təqdim edir.

Qazaxıstanın "Caspian Offshore Construction" şirkəti 2003-cü ildə yaradılıb. Şirkət Xəzər dənizində gəmilərin idarə edilməsini, istismarını və texniki xidmətlərini həyata keçirir. Dünyanın tanınmış şirkətləri "Caspian Offshore Construction" ilə əməkdaşlıq edir. Şirkət fəaliyyətində əsas meyar kimi keyfiyyət və operativliyi seçib.

İtaliya da sərgiyə böyük maraq göstərir. Bu ölkənin 8 şirkəti sərgidə neft-qaz sahəsinə aid məhsulları nümayiş etdirir. İtaliyanın şirkətləri ölkəmizdə neft-qaz sahəsində həyata keçirilən layihələrdə yaxından iştirak edir.

Amerika-Azərbaycan Ticarət Palatası da sərgidə təmsil olunur. Palatanın missiyası Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsinə və üzvlərə xidmətlər göstərməklə onların biznes maraqlarını artırmağı təmin etməkdir. 1996-cı ildə yaradılmış palata Azərbaycan iqtisadiyyatının hər bir sektorunda fəal olan 280-dən çox üzvdən və müxbir üzvdən ibarətdir.

Sərgidə məhsullarını nümayiş etdirən İranın "Qaz Souzan" şirkəti 1980-ci ildə yaradılıb və qaz avadanlığı istehsal edir. Onun məhsulları arasında yüksək təzyiqli qaz tənzimləyiciləri, sənaye üçün qaz qızdırıcıları və qaz sayğacları sərgidə təqdim olunur.

Norveçin "Hexagon Composites" şirkəti də sərgiyə böyük maraq göstərir. Burada şirkətin sıxılmış qaz üçün balonları nümayiş etdirilir.

Belarusun Minsk elektrotexnika zavodu məhsullarını sərgidə təqdim edir. 1956-cı ildə yaradılan müəssisə böyük təcrübəyə əsaslanaraq keyfiyyətli məhsul istehsal edir. Zavodda güc, ölçü və çoxfunksiyalı transformatorlar, ayırıcı qurğular və digər avadanlıqlar istehsal olunur.

Prezident İlham Əliyev "Azalternativenerji" MMC-nin stendinə də baxdı. Son illərdə alternativ və bərpa olunan enerjidən istifadə sahəsində çox mühüm layihələr reallaşdırılıb. Ümumilikdə, Azərbaycanın bərpa olunan enerji mənbələrindən istifadə sahəsində də kifayət qədər zəngin təcrübəsi var.

Fransanın dünyada böyük nüfuz sahibi olan "Total" şirkəti Azərbaycanın ənənəvi tərəfdaşlarından biridir. Bu şirkət ən müasir texnologiyalarla bağlı zəngin təcrübəsini bundan sonra da ölkəmizlə bölüşməyə hazırdır. "Total" şirkəti "Abşeron", "Ümid" və "Babək" qaz yataqlarında ölkəmizlə yaxından əməkdaşlıq edir.

Sərgilərlə tanış olan Prezident İlham Əliyev XXIII Beynəlxalq "Xəzər Neft və Qaz 2016" sərgi və konfransının xatirə kitabını imzaladı.


Müəllif: