1 İyun 2016 18:55
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeron Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Teleqraf.com bildirir ki, məktubda bunlar yer alıb: “Ülyahəzrətin hökuməti adından Zati-aliləri Prezident İlham Əliyevi və Azərbaycan xalqını XXIII “Xəzər Neft və Qaz” sərgi və konfransı münasibətilə təbrik etmək istəyirəm.

Mən ölkələrimiz arasında davamlı güclü ikitərəfli münasibətləri alqışlayıram.

Məmnunam ki, Birləşmiş Krallığın şirkətləri Azərbaycanın karbohidrogen sektorunun davamlı inkişafında mühüm rol oynayırlar.


Azərbaycanın enerji resursları Avropa və dünya iqtisadiyyatında, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq.

Hökumətim qlobal enerji təhlükəsizliyi məsələlərinə böyük önəm verir. “Cənub Qaz Dəhlizi” Avropa İttifaqının qaz bazarının şaxələndirilməsində və beləliklə, Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynayacaq.


Mən Azərbaycan hökumətini “Cənub Qaz Dəhlizi”nin inkişaf etdirilməsində oynadığı rolu ilə bağlı təbrik edirəm və Trans-Adriatik boru kəmərinin mayın 17-də təməlqoyma mərasimini alqışlayıram. Bu, “Cənub Qaz Dəhlizi”nin cədvələ uyğun çəkilməsində növbəti mühüm hadisədir.

Məmnunluq və fərəh hissi ilə qeyd edirəm ki, BP və Birləşmiş Krallığın təchizat şirkətləri layihənin həyata keçirilməsində əsas rol oynayırlar.


Mən bütün tərəfdaşlara gələn bir çox illər ərzində sabit enerji mənbəyinin təmin edilməsində göstərdikləri səylərdə uğurlar arzulayıram.


Fürsətdən istifadə edərək, builki “Xəzər Neft və Qaz” sərgisinin bütün iştirakçılarına şəxsən ən xoş arzularımı çatdırıram.


Ümid edirəm ki, Sizin hamınızı uğurlu həftə gözləyir.
Sağ olun”.


Müəllif: