1 İyul 2014 11:48
1 188
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev beynəlxalq konfransda çıxış etdi

Dünən Bakıda "Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr" mövzusunda yüksək səviyyəli beynəlxalq konfrans işə başlayıb. Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi ilə əlaqədar Azərbaycan hökuməti və Avropa Şurası tərəfindən Avropa Şurasının Korrupsiyaya Qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) və Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) iştirakçılığı ilə keçirilən tədbirə Avropa Şurasına üzv ölkələrin hüquq-mühafizə orqanlarının, müstəqil antikorrupsiya qurumlarının və mötəbər beynəlxalq təşkilatların 130-dan artıq yüksək vəzifəli nümayəndəsi, Prezident Administrasiyası, Milli Məclisin deputatları, Nazirlər Kabineti, Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiya, mərkəzi icra hakimiyyəti orqanları, Baş Prokurorluq, habelə ölkəmizin digər hüquq-mühafizə orqanları, ali təhsil müəssisələri, qeyri-hökumət təşkilatları və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin 100-dən artıq əməkdaşı qatılıb.

Konfransda Türkiyə, Albaniya, Moldova, Xorvatiya, Gürcüstan respublikalarının, Monako və Lixtenşteyn knyazlıqlarının baş prokurorları, Bosniya və Herseqovina, Albaniya, Xorvatiya respublikalarının ədliyyə nazirləri, Fransa, Polşa, Litva, Makedoniya və Serbiyanın ixtisaslaşdırılmış antikorrupsiya qurumlarının rəhbərləri, Avropa Şurasının İnsan Hüquqları və Hüquqi Məsələlər üzrə Baş İdarəsinin direktoru, GRECO-nun prezidenti, IACA-nın icraçı katibi, Beynəlxalq Prokurorlar Assosiasiyasının (IAP) prezidenti, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) baş katibi və digərləri təmsil olunub.

Azərbaycanın baş prokuroru Zakir Qaralov konfransın açılış m""ASAN Xidmət" adlı qurum yaradılıb ki, bu da çox unikal bir qurumdurərasimində çıxış edərək mayın 14-də ölkəmizin Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etməyə başlamasını Azərbaycanın demokratik dəyərlərə sadiqliyinin nümunəsi olduğunu bildirib. Baş prokuror Azərbaycan Prezidentinin Avropa Şurası Parlament Assambleyasının iclasında ölkəmizin Nazirlər Komitəsinə sədrliyi dövründə fəaliyyətinin prioritetlərini açıqladığını, Azərbaycanda korrupsiyaya qarşı mübarizənin uğurlarından danışdığını diqqətə çatdırıb. Ölkədə korrupsiyaya qarşı uğurla həyata keçirilən islahatlardan və bu sahədə əldə olunan nailiyyətlərdən danışan baş prokuror, konfransın Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə həyata keçirəcəyi 18 tədbirdən birincisi olduğunu vurğulayıb.

"Azərbaycan korrupsiyaya qarşı mübarizə sahəsində çox böyük təcrübə əldə edib"

Prezident Administrasiyasının rəhbəri, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi, akademik Ramiz Mehdiyev ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində çox böyük təcrübə qazanıldığını, Azərbaycan Prezidentinin sərəncamı ilə mühüm qurumların yaradıldığını diqqətə çatdırıb. Akademik Ramiz Mehdiyev bu qurumlar arasında Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin, dünyada nadir təcrübə olan "ASAN xidmət"in əhəmiyyətini xüsusi vurğulayıb. Azərbaycanda olan yüksək səviyyəli qonaqların "ASAN xidmət"in fəaliyyətini böyük maraqla müşahidə etdiklərini vurğulayan Prezident Administrasiyasının rəhbəri onların bu qurumun işini yüksək qiymətləndirdiklərini, respublikamızda korrupsiyaya qarşı mübarizədə mühüm rol oynadığını bildirdiklərini deyib:

""ASAN Xidmət" adlı qurum yaradılıb ki, bu da çox unikal bir qurumdur. Belə bir qurumun başqa haradasa yaranması ilə bağlı məlumatımız yoxdur. Ümid edirəm ki, tədbirdə iştirak edən qonaqlar "ASAN Xidmət"də olacaq, onun fəaliyyətini müşahidə edəcək və görəcəklər ki, bu, çox mühüm qurumdur".

Ramiz Mehdiyev "ASAN xidmət"in yaradılmasını və onun fəaliyyətini Azərbaycan vətəndaşlarının da böyük razılıqla qarşıladıqlarını diqqətə çatdırıb.

Sonra akademik Ramiz Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.

"Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində tətbiq edilən təcrübə digər ölkələr üçün müsbət nümunə ola bilər"

Müraciətdə qeyd edilir ki, Azərbaycanda dövlət idarəçiliyində səmərəliliyin təmin edilməsi, elektron xidmətlərin inkişafı, korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin başlıca istiqamətlərindəndir. Bildirilir ki, Azərbaycanda korrupsiyaya qarşı uğurla mübarizə aparmaq üçün möhkəm siyasi iradə var: "Azərbaycan korrupsiyaya qarşı mübarizə sahəsində bütün beynəlxalq təşəbbüslərə qoşulub, qanunvericilik bazasını təkmilləşdirir, islahatlar həyata keçirir. Təəssüflər olsun ki, korrupsiya bütün dünyada, o cümlədən Avropa ölkələrində də aktual problemlərdən biri olaraq qalır. Ona görə də bu sahədə daim yeni təşəbbüslərin irəli sürülməsi zəruridir. Bununla bağlı Azərbaycanda tətbiq edilən dövlət xidmətinin göstərilməsində korrupsiyanı istisna edən, şəffaflığı təmin edən təcrübə digər ölkələr üçün də müsbət nümunə ola bilər. Əminəm ki, korrupsiyaya qarşı mübarizədə milli və beynəlxalq səylərin gücləndirilməsinə xidmət edən bu konfrans fəaliyyətimizin daha səmərəli təşkili və əməkdaşlığımızın möhkəmlənməsinə töhfə verəcək".

Daha sonra Avropa Şurasının İnsan Hüquqları və Hüquqi Məsələlər üzrə Baş İdarəsinin baş direktoru Filip Buoya, GRECO-nun prezidenti Marin Mrçela, Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) dekanı və icraçı katibi Martin Kreutner çıxış edərək, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərdən danışıblar.

Avropa Şurasının nümayəndəsi: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə yüksələn templə inkişaf edir"

"Azərbaycanda korrupsiyaya qarşı mübarizə yüksələn templə inkişaf edir və Avropa Şurası bu prosesi diqqətlə izləyir". Bunu beynəlxalq konfransda çıxış edən Avropa Şurası Korrupsiyaya Qarşı Mübarizə Aparatının Dövlətlər Qrupunun prezidenti Marin Mrçela deyib. O qeyd edib ki, korrupsiya xərçəng xəstəliyinə bənzəyir və bununla mübarizə aparmaq çox çətindir: "Bu xəstəliklə mübarizə üçün siyasi iradə olmalıdır. Avropa məkanında 50 faizdən çox insan bu bəla ilə mübarizənin məhz siyasətçilərin iradəsindən asılı olduğu qənaətindədirlər. Korrupsiya ilə mübarizədə cinayət hüququ sonuncu həddir. Buna qədər qabaqlayıcı tədbirlər görülməlidir. Bu çətin mübarizədə Azərbaycan hüquq-mühafizə orqanlarına uğurlar arzulayıram".

Fuad Ələsgərov: "ASAN Xidmət"in fəaliyyət göstərməsi korrupsiya hallarını tam istisna edir"

Konfransda çıxış edən Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, qazanılan nailiyyətlər barədə məlumat verib. F.Ələsgərov korrupsiyaya qarşı mübarizənin Azərbaycanda dövlət siyasətinin prioritet istiqaməti olduğunu bildirib.
F.Ələsgərov bildirib ki, müstəqil Azərbaycanın korrupsiyaya qarşı mübarizə tarixi çox qədim olmasa da, bir sıra çətinlik və mərhələlərdən keçib: "Sovet İttifaqı dağıldıqdan sonra 1991-ci ildə Azərbaycanda korrupsiyaya qarşı mübarizə ilə bağlı qanunvericilik bazası olmayıb. İqtisadi cəhətdən tənəzzülə uğramış ölkəmiz eyni zamanda Ermənistan tərəfindən təcavüzə məruz qalıb, ərazilərimizin 20 faizi işğal edilib. Belə ağır şəraitdə Heydər Əliyev tərəfindən həyata keçirilən siyasət nəticəsində siyasi sabitliyə əsaslanan hüquqi dövlət qurulub. Bu gün Azərbaycanda daha yüksək hədəflərə nail olmaq üçün tədbirlər görülür, korrupsiyaya qarşı mübarizə tədbirləri gücləndirilir. Korrupsiyaya qarşı mübarizə üzrə komissiya və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi kimi ixtisaslaşdırılmış qurumlar bu sahədə dövlət siyasətinin formalaşdırılmasında, həmçinin cinayət təqibinin həyata keçirilməsində davamlı fəaliyyət göstərir. Azərbaycanda "ASAN Xidmət"in fəaliyyət göstərməsi korrupsiya hallarını tam istisna edir və vətəndaşların dövlət qurumlarına etimadını artırır. Korrupsiyaya qarşı mübarizə sahəsində biz beynəlxalq təşkilatlarla əməkdaşlıq qurmuşuq".

Açılış mərasimindən sonra konfrans işini "Antikorrupsiya qanunvericiliyinin tətbiqi: aktual məsələlər" və "Korrupsiyaya qarşı mübarizədə səmərəli qabaqlayıcı tədbirlər" mövzularında plenar iclaslarla davam etdirib. Daha sonra mövzular ətrafında müzakirələr aparılıb.

Səxavət HƏMİD


Müəllif: