28 Mart 2017 16:42
1 117
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Həmsədrlərin uzun fasilədən sonra regiona səfəri maraq doğurur. Regionda vəziyyət çox gərgindir, müharibə ehtimalı həddən artıq yüksəkdir. Ermənistanın Azərbaycanı "İsgəndər" raketləri ilə hədələməsi, Azərbaycana qarşı yeni işğal niyyətlərini bildirməsinin özü istənilən an kövrək sülhün pozulması variantına gətirib çıxara bilər”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında YAP-ın Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqlandın son bəyanatını şərh edən millət vəkili qeyd edib ki, indiyə qədər aparılan danışıqların hər hansı nəticəsi yoxdur və həmsədrlərin regiona səfəri göstərir ki, Minsk qrupunun həmsədr ölkələri vəziyyətdən narahatdırlar, hansısa variantda məsələni həll etməsələr də, tərəfləri sakitləşdirməyə çalışırlar: “Ermənistan isə vaxtaşırı olaraq, hətta əldə edilən ilkin razılaşmalardan belə çox asanlıqla imtina edir. Yeni variantın ortaya çıxması göstərir ki, onlar hər iki tərəfin marağını nəzərə almağa çalışırlar. Sadəcə olaraq, maraqların nəzərə alınması yarımçıq bir plan olardı. Çünki ortada olan gərginliyin əsas mənbəyi Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsidir. Bütün fəaliyyət buna yönəlməlidir. Tərəfləri sülhə çağırmaqla heç nə etmək olmaz. Planın nədən ibarət olması barədə hər hansı açıqlama verilmir. Yeni sülh planında 3 hissənin hər birinin nəyi əks etdirdiyi barədə ictimaiyyət məlumatlandırılmır. Əslində Azərbaycan üçün planın nə adlanmasının və neçə hissədən ibarət olmasının heç bir əhəmiyyəti yoxdur. Əsas məsələ ərazi bütövlüyümüzün təmin edilməsi, Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasıdır”.

Politoloqun fikrincə, həmsədrlər bu plan vasitəsilə tərəflərin görüşünü təşkil etmək istəyərlərsə, bu, yarımçıq niyyət olacaq: “Çünki əsas məsələ görüşün keçirilməsi deyil, vacib olan problemin həllidir. Azərbaycan görüş naminə görüşə getməyəcək, sadəcə diplomatiyanı gözləmək xatirinə ümumi mövqe bildirməyəcək. Həmsədrlər Ermənistanı qoşunlarını Azərbaycan ərazilərindən çıxarmağa məcbur etməli, bu dövləti işğalçı adlandırmalıdır. Sülhün də, stabilliyin də, problemin həllinin də kökündə bu dayanır. Əgər Sərkisyan Azərbaycana qarşı təhdidlərini davam etdirəcəksə, sülhün əldə edilməsini uzadacaqsa, şübhəsiz ki, bizim də məsələnin həlli ilə bağlı daha ciddi düşünmək üçün imkanımız yaranacaq”.

Aydın Mirzəzadə əlavə edib ki, amerikalı həmsədrin təklifinin detalları ortada olmadığına görə, bunun Azərbaycanın marağına uyğun olub-olmadığını demək çətindir: “Azərbaycanın bir marağı var – bu da torpaqlarımızın işğaldan azad olunmasıdır. Bütün digər məsələlər bu məsələyə bağlı olmalıdır. Həmsədrlər bunu bilirlər və təklif etdikləri istənilən planda bunu nəzərə almalıdırlar. Plan haqda detallar bilinmədiyinə görə bir söz demək çətindir. Bununla belə, hər üç həmsədr və Ermənistan bilməlidir ki, Azərbaycan ərazi bütövlüyünü heç vaxt heç kəsə güzəştə getməyəcək”.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar masasında bir sıra ağlabatan planların olduğunu deyib. “Lavrov planı”na dair sualı cavablandıran diplomatın sözlərinə görə, vasitəçilər bu ifadədən istifadə etmir: “Biz belə ifadə işlətmirik. Dövriyyədə olan plan var və o, 3 hissədən ibarətdir. Lakin hazırda mən bu planın detallarını açıqlamağı məqsədəuyğun hesab etmirəm. Tərəflər onun üzərində işləyir”.

Nərgiz


Müəllif: