5 Aprel 2017 12:43
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Biz bütün sahələrdə müştərək maraqlara xidmət edən təkliflər irəli sürürük, iri transmilli layihələr həyata keçiririk. Hazırda təşəbbüskarı və əsas icraçılarından olduğumuz Cənub Qaz dəhlizi layihəsi üzrə işlər uğurla davam etdirilir. Asiya və Avropanı birləşdirən Bakı-Tiflis-Qars dəmir yolunun inşası isə artıq yekunlaşmaq üzrədir. Son illər ərzində ölkəmizdə bir sıra mötəbər mədəniyyət və idman tədbirləri keçirmişik. Hesab edirik ki, bu il ev sahibliyi edəcəyimiz növbəti mədəniyyətlərarası dialoq forumu və İslam Həmrəyliyi Oyunları da dünyada və regionumuzda qarşılıqlı etimad mühitinin dərinləşməsinə, sülh və təhlükəsizliyin möhkəmlənməsinə əhəmiyyətli töhfə verəcək”.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyevin İstanbulda keçirilən XX Avrasiya İqtisadiyyat Zirvə toplantısının iştirakçılarına ünvanladığı məktubda deyilir.

Məktubda Ermənistan-Azərbaycan münaqişəsinə də toxunulub: “Həll olunmamış münaqişələr dünyada sülh və əmin-amanlığı təhdid edən əsas problemdir. Ötən əsrin sonlarında meydana çıxmış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi ölkəmizin inkişafı yolunda əsas əngəl olaraq qalır. Ermənistan xarici havadarlarının dəstəyi ilə Azərbaycan ərazisinin 20 faizini işğal edib, etnik təmizləmə və soyqırımı törədib. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə baxmayaraq, təcavüzkar dövlət zəbt etdiyi torpaqlardan çıxmaq istəmir, hər vəchlə “status-kvo”nu uzatmağa çalışır. Ən təhlükəlisi odur ki, Ermənistan rəhbərliyi ərazi iddiası səbəbindən başlamış bu münaqişəni xristian-müsəlman qarşıdurması kimi qələmə verərək, qlobal qarşıdurma yaratmağa səy göstərir”.

Prezident İ. Əliyev Zirvə toplantısında iştirak edən dövlət və hökumət başçılarının, iş adamlarının gündəlikdə duran və hamını düşündürən məsələlər ətrafında səmərəli müzakirələr aparacaqlarına inandığını bildirib.

Məktubda zirvə toplantılarının Avrasiya məkanında qarşılıqlı əlaqələrin inkişafına əhəmiyyətli töhfə verdiyi, bu toplantıların səmərəli əməkdaşlıq platformasına çevrildiyini vurğulanıb. Qeyd olunub ki, toplantılarda qlobal xarakterli problemlər, bəşəriyyəti narahat edən məsələlər hərtərəfli müzakirə edilir.


Müəllif: