25 Aprel 2014 12:07
1 600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş nazir ermənilərə "başsağlığı" verdi, vətəndaşlıq "haq"larını isə tanımağa hazırlaşır...

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ermənilərə 24 aprel qondarma "soyqırımı" münasibəti ilə başsağlığı verib. Bu, Türkiyə Cümhuriyyəti tarixində dövlət rəsmisinin ermənilərin 1915-ci ildə "soyqırımı"na məruz qalmaları haqqında iddialarını qəbul etməsi üzrə ilk faktdır.

Ərdoğan son bəyanatında bildirib ki, 1915-ci il hadisələri zamanı Osmanlı torpaqlarından köç etmək məcburiyyətində qalan və o dövrün şərtlərinə görə Türkiyə vətəndaşlığını ala bilməyən və ya sonradan vətəndaşlığını itirən ermənilərin nəvələrinə vətəndaşlıq haqqı tanınacaq. Ərdoğanın verdiyi son bəyanatlar Türkiyə ilə yanaşı, Azərbaycanda da birmənalı qarşılanmadı.

"ABŞ-ın təzyiqidir"

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa deyib ki, bu məsələyə ABŞ-ın və başqalarının təzyiqi ilə atılan addım kimi baxılmalıdır. Onun sözlərinə görə, əslində baş verən hadisələrə bir soyqırımı kimi yanaşma yoxdur:

"Burada daha çox XX əsrin əvvəllərində müharibə şəraitində erməni xalqının da müəyyən əziyyətlər çəkdiyi və başqa problemlər yaşadığı ilə bağlı bir üzüntü ifadəsidir. Buna əslində ABŞ Konqresinin atacağı addımları qabaqlayıcı yanaşma kimi baxılmalıdır. Məncə, bu məsələdə Türkiyənin bir az əlavələr etməsi də vacib idi. Çünki siyasət nöqteyi-nəzərdən Türkiyənin bu addımı atmasında bir qəbahət yoxdur. O sənədə əlavə edilməliydi ki, erməni silahlı qrupları tərəfindən türklərin də o zaman qətl edilməsi üzüntülü hadisədir. Yəni, hər ikisi qeyd edilməli idi. Bunu birtərəfli ifadə eləmək yanlış idi. Ərdoğan ikisini də paralel ifadə etsəydi, daha doğru bir yanaşma olardı. Çünki ermənilər bu cür üzrxahlıqla razılaşacaq anlayışa sahib deyillər. Hər ikisini xatırlatmaqla, o hadisələri daha obyektiv dəyərləndirilməsini ortaya qoya bilərdi. Çox təəssüf ki, Ərdoğan bunu eləmədi. Yəni, məsələnin birtərəfli təqdim edilməsi hadisələrdə ermənilərin daha çox əzab çəkdiyini göstərmək kimi bir fikir formalaşdırdı. Bu baxımdan da mətn daha ciddi və düşünülərək hazırlanmalı idi".

"Türkçülük əleyhinə addım kimi qiymətləndirilməlidir"

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Xəzər Teyyublu bildirib ki, Ərdoğanın ermənilərə başsağlığı verməsi çox ciddi məsələdir. Onun sözlərinə görə, 1915-ci ildə guya baş vermiş "erməni soyqırımı" cəfəngiyyatdan başqa bir şey deyil:

"Osmanlı imperiyasının bu dövrünə aid olan tarixi təhrif olunur. Bütün dünyada da erməni lobbisi müxtəlif fəndlərlə yalan informasiya yayaraq, anti-türk təbliğatı aparırlar. Hesab edirəm ki, bütün bunlar hamısı birbaşa türklərə qarşı hesablanmış məsələlərdir".

X. Teyyublunun fikrincə, bu gün "erməni soyqırımı"nı tanımaq birmənalı şəkildə Türkiyə və türkçülük əleyhinə bir addım kimi qiymətləndirilməlidir: "Bu gün Bütöv Azərbaycanda Gənclik günü kimi qeyd edilir. Fikrimcə, qondarma erməni soyqırımına qarşı ümumilikdə türklərin bir müqaviməti lazımdır ki, biz bu yalançı, saxta və üzərimizə gələn imperialist qüvvələrdən xilas ola bilək. Ona görə də, "erməni soyqırımı"na olan münasibəti anti-türk və insanlıqdan kənar kimi qiymətləndirirəm".

"Azərbaycanı təklənmiş duruma saldı"

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclunun dediyinə görə, bu bəyanatı verməklə Ərdoğan iki nəticə doğuracaq səhvə yol verdi. Onun sözlərinə görə, birincisi, bundan sonra ermənilər daha ciddi şəkildə və israrla Türkiyənin soyqırımı deyilən bir şeyi etiraf etməsini tələb edəcəklər:
"İkincisi, Ərdoğan bu bəyanatı verməklə faktiki olaraq dünyada Azərbaycanı təklənmiş duruma saldı. Ona görə də hər zaman dediyim kimi, Ərdoğana və onun hökumətinə güvənmək yanlış siyasətdir. Ondan hərbi və ya digər sahədə Azərbaycanla tərəfdaşlığı gözləmək və s. kimi məsələlərə hər zaman skeptik yanaşmışam. Münasibətim çox neqativdir".

Ə. Oruclunun dediyinə görə, indiki şəraitdə Türkiyə ilə məsafə saxlamaq lazımdır: "Çünki Ərdoğanın bu addımı Azərbaycana xəyanətdir. Türkiyəyə də xəyanətdir, amma ən böyük xəyanət Azərbaycanadır. Ona görə ki, bizim həll olunmamış münaqişəmiz var. Belə bir dönəmdə ermənilərə, onların dəstəkçilərinə bu cür fürsət vermək olmaz".

"Tarixin təhrif olunmasının şahidi oluruq"

Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun Azərbaycan Yazıçılar Birliyində (AYB) "Müasir Azərbaycan və Türkiyə ədəbiyyatında erməni məsələsi" mövzusunda elmi konfransda çıxışı zamanı deyib ki, erməni diasporası və lobbiçilik fəaliyyəti nəticəsində "24 aprel" türk tarixinə qarşı təhdid olub. Səfir vurğulayıb ki, ermənilər bunu diaspora və xaricdən aldığı dəstək hesabına həyata keçirir:

"Erməni diasporasının bu məsələ ilə bağlı təzyiq və fəaliyyəti açıq şəkildə göz qabağındadır. Ancaq hüquqi və siyasi anlamda bu cür addımlar doğru və ədalətli deyil. Biz burada tarixin təhrif olunmasının şahidi oluruq. Ermənilərin bu cür addımlarının 2015-ci ilədək daha da artacağına şübhə etmirik. Ancaq ortada bir həqiqət var. Cənab baş nazirimizin ötən gün bununla bağlı verdiyi açıqlama da o dövrdə yaşanan ortaq acılarla bağlı idi. Biz öz tariximizə baxarkən ermənilər kimi anlayışsızcasına deyil, humanist bir davranışla qarşı tərəfi dinləməyə hazırıq. Ancaq hörmətlə dinlənməyi də gözləyirik. Ustadımızın da dediyi kimi, bu yerlərdən nə azərbaycanlılar, nə də ermənilər getməyəcəksə, o zaman bu ortaq acıları bir kənara buraxaraq deyil, normal formada müzakirə apararaq ortaq gələcəyə doğru irəliləməyin yolunu tapmaq məcburiyyətindəyik. Bu isə döyülməklə deyil, xoş münasibət qurmaqdan yaranacaq bir gələcəkdir".

"Ərdoğanın bu jestini qəbul etmirəm"

Milli Məclisin Xocalıdan seçilən deputatı Elman Məmmədov isə bildirib ki, bundan betəri də edilsə, yenə də ermənilər öz iddiasından geri çəkilməyəcək: "Dəfələrlə bu məsələ qoyulub. Mən fevral ayında Türkiyədə keçirdiyim görüşlərdə də onların siyasətçiləri ilə bu barədə söhbət etdim. Dedim ki, əgər siz ermənilərlə bütün diplomatik əlaqələri də bərpa etsəniz və sərhədləri açsanız belə, o zaman bunun müqabilində, əminsinizmi, onlar qondarma "soyqırımı" və ərazi iddiasından əl çəkəcək? Dedilər ki, xeyr, buna əmin deyilik. Baxın, reallıq da budur. Əgər erməni özünü düşmən kimi aparırsa, səninlə barışmırsa və sənə qarşı qondarma iddialarından əl çəkmirsə, o zaman sən ermənin qabağında nəyə görə geri çəkilirsən və əyilirsən? Şəxsən mən öz fikrimi deyirəm ki, Ərdoğanın ermənilərə qarşı bu jestini qəbul etmirəm. Bu, bir növ sanki olmayan günahını etiraf etmək deməkdir. Ancaq Ərdoğan nə səbəbə məsələni belə qoymur ki, gəlin arxivləri açaq və sairə. Axı 1920-ci ilədək ermənilər Şərqi Anadolu və Azərbaycan ərazilərində nə qədər soyqırımlar törədib və türk insanını məhv ediblər. Bütün bu soyqırımların hamısını ermənilər törətsə də, ancaq bu gün Ərdoğanın ermənilərlə kompromisə getməsi başa düşülən deyil. Biz Türkiyə dövlətinin xarici siyasətinə qarışa bilmərik. Sadəcə olaraq, Azərbaycandan olan millət vəkili kimi deyirəm ki, Ərdoğanın bu hərəkəti mənim tərəfimdən qəbul edilməzdir".

"Ermənilər alət rolunu məharətlə oynayırlar"

Yeni Azərbaycan Partiyasının (YAP) siyasi şura üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirib ki, qondarma erməni soyqırımı iddiaları uydurmadır və ermənilər özlərini də buna inandırıblar. Onun sözlərinə görə, bu yalan iddialar ermənilərlə türklər arasında düşmənçiliyi daha da dərinləşdirir: "Təbii ki, bu, ilk növbədə ermənilərə, Ermənistan dövlətinə xeyir gətirmir, əksinə, zərər verir. Əslində, ermənilər azərbaycanlılara qarşı soyqırımı aktı həyata keçiriblər və bu tarix 100 il əvvəl deyil, 1992-ci fevralın 26-da Xocalıda, bütün dünyanın gözü qarşısında baş verib. Bununla yanaşı, Ermənistan dövləti dəfələrlə Azərbaycana qarşı terror aktları həyata keçirib və buna cəhdlər edib".
A. Hüseynov əlavə edib ki, qondarma soyqırımı iddiaları bir siyasi vasitə kimi Türkiyəyə təzyiq üçün də istifadə olunur: "Ermənilər də təəssüf ki, alət rolunu məharətlə oynayırlar".

BƏXTİYAR


Müəllif: