13 Avqust 2014 10:18
1 221
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin hakim partiyasında Başbakanlıq qovğası

Türkiyədə hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasının (AKP) fövqəladə qurultayını avqustun 27-nə təyin etməsi siyasi gündəmi prezident seçkilərindən Abdullah Gülün üzərinə yönəldib.

İki gün öncə A.Gül prezidentlik postunda sonuncu dəfə jurnalistlərlə görüşüb və gələcək planlarını açıqlayıb: "Partiyama geri qayıdacağam. Partiya qurucusu kimi AKP-yə geri dönəcəyəm. Bu partiyanın qurucusu, ilk baş naziri və prezidentiyəm. Partiyaya geri qayıtmaqdan daha təbii bir şey yoxdur. 28 avqustdan sonra AKP-yə dönəcəyəm. Mənim siyasi mücadiləm ortadadır".

A.Gülün bu sözləri mediada yayımlanandan dərhal sonra AKP-nin sözçüsü Hüseyn Çelik bəyan etdi ki, hakim partiya avqustun 27-nə fövqəladə toplantı çağırıb. Onun sözlərinə görə, qurultaydan öncə partiyanın lideri vəzifəsinə bir namizəd müəyyənləşəcək və həmin şəxs AKP-nin sədri seçiləcək: "Seçiləcək şəxs həm də baş nazir vəzifəsini tutacaq".

A.Gülün "Partiyama qayıdacağam" açıqlamasından sonra AKP-nin fövqəladə toplantısını məhz avqustun 27-də təyin etməsi Türkiyədəki siyasi hərarəti xeyli yüksəldib.

Siyasi ekspertlərin fikrincə, AKP-nin bu həmləsi ilə A.Gülün üzünə AKP-nin sədri və baş nazir postunun qapıları bağlanmış oldu. Bununla da Rəcəb Tayyib Ərdoğan Çankayaya getmədən "qardaşım" dediyi Abdullah Gülə sürpriz etdi. Hakim partiyanın fövqəladə qurultay qərarının A.Gülün AKP-yə sədr gəlməməsi üçün qəbul olunduğu deyilir. A.Gülün səlahiyyət müddəti avqustun 28-də başa çatdığı üçün o, AKP-nin qurultayında iştirak edə bilməz. Bu tarixdən öncə onun öz partiyasına geri dönmək hüququ yoxdur. Çünki məhz fövqəladə toplantıdan 1 gün sonra öz postunu Ərdoğana təhvil verəcək. Qurultayın avqustun 27-nə təyin olunmasının A.Gülün AKP-dən kənarda saxlanması üçün düşünülmüş addım olduğu bildirilir.

Xəbərlərə görə, Rəcəb Tayyib Ərdoğan Abdulla Gül kimi nüfuzlu siyasətçinin partiyanın sədri və baş nazir vəzifəsini tutmasında maraqlı deyil. O, öz sözündən çıxmayan, prezidentin kölgəsində qalmağa razılaşan fiqurun baş nazir olmasını istəyir. Özünün müstəqil dəst-xətti olan Abdulla Gül isə bu meyara uyğun gəlmir.

Sosial mediada Əhməd Davudoğlunun adı AKP sədrliyinə ən şanslı namizəd kimi çəkilir. Ərdoğan Bülənt Arınçı baş nazir postuna gətirməyə maraqlı olsa da, onun partiyada bir o qədər qəbul olunmadığı deyilir.
A.Gülün "Bu partiyanın qurucusu, ilk baş naziri və prezidentiyəm. Partiyaya geri qayıtmaqdan daha təbii bir şey yoxdur" sözləri Ərdoğanın xoşuna gəlməyib. Bunu AKP-dən olan deputat da açıq etiraf edib.

AKP-li deputat: "Gül ağlını nifrətə əsir etdi"

AKP-nin millət vəkili Şamil Təyyar Gülün açıqlamasının cəlbedici olmadığını söyləyib. Onun fikrincə, A.Gül, doğrudan da, Rəcəb Tayyib Ərdoğandan sonra ictimaiyyət arasında yüksək nüfuzu olan şəxsdir: "Cənab Abdullah Gül bu partiyanın qurucusu, ilk baş naziri, ilk prezidentidir. Onun prezidentlik müddətinin çox uğurlu olduğunu düşünürəm. Keçici dönəmdə cənab Gülün seçilməsi çox əhəmiyyətli idi. Amma onu ortaya çıxaran AKP iqtidarı və dəstək verən millət idi. Cənab Gül bunu qiymətləndirməlidir. AKP-nin Mərkəzi Qərar və İdarə Heyətinin qurultay keçirilməsi üçün tarix müəyyənləşdirdiyi əsnada jurnalistlərə öz gələcək planları ilə bağlı verdiyi açıqlamalar heç cəlbedici deyildi. Onun bu cür açıqlamalar verməsi heç düzgün olmadı. Bu cür önəmli postda çalışmış insan məsələlərə daha məsuliyyətli yanaşmalıdır. Hörmətli baş nazirimiz diqqətlə və israrla cənab Gülü qorumağa çalışdı. "Biz oturub qardaş kimi qərar verərik" dedi. Cənab Gül bu ölkədə uca rəbbimin prezidentlik postuna nəsib etdiyi 12 nəfərdən biridir. Bu, hər qula nəsib olmaz. Amma onun ağlını nifrətə əsir etməsi və bu cür davranış sərgiləməsi üzücü idi. Kaş ki, belə etməyəydi. Cənab Gül "partiyama geri qayıdıram" desə, heç kəsin etirazı olmaz. "Partiyada narazılıq var" kimi fikir formalaşdırılması heç yaxşı çıxmadı".

Gülə çıxış yolu: "İstefa versin"

Bir sıra şərhçilər hesab edir ki, A.Gül AKP-nin ona qarşı qurduğu oyundan asanlıqla çıxa bilər. Avqustun 27-dən əvvəl prezidentlikdən istefa versə, o, qurultayda iştirak edə bilər.

AKP-nin düşünülmüş şəkildə indiki prezidentə qurduğu "tələ" ilə bağlı jurnalistlər partiyanın sözçüsü Hüseyn Çəlikə suallar ünvanlayıb.

- Əgər cənab Prezident Abdullah Gül avqustun 28-dən əvvəl istefa versə, necə olacaq?
- Əgər olsa, getsə... kimi cümlələr səsləndirilir. Bir atalar sözünü xatırladım: "Əgər və məgəri evləndiriblər, kaş ki adlı uşaqları olub". Biz əgər və məgərlə siyasət həyata keçirmirik. Cənab Dəmirəl, "doğulmayan uşağa paltar biçməyin" deyərdi.

- AKP-nin Mərkəzi Qərar və İdarə Heyətinin iclası zamanı Çankaya köşkündən açıqlama gəldi. Abdullah Gül "partiyama qayıdacağam" dedi. Bunu necə qiymətləndirirsiniz? Qurultayla bağlı qərar avqustun 27-nə verilib, deməli o, partiyanın sədri olmayacaq...
- Cənab Abdullah Gülün partiyaya geri qayıtması qədər normal bir şey ola bilməz. Aranızda onun MHP və ya CHP-yə dönməsini gözləyən varmı? Hörmətli Abdullah Gül bu partiyanın qurucularındandır. 58-ci hökumətin baş naziri, xarici işlər naziri və baş nazirin köməkçisidir. Sonra da Prezidentdir. Biz hörmətli Abdullah Gülə, yeni seçdiyimiz baş nazirimizə böyüklərimizin gözü ilə baxırıq. Bəziləri hörmətli Abdullah Gül ilə baş nazir arasında qarşıdurma gözləyə bilər. Onların həvəsləri qursağında qalacaq. Bizim hazırda keçmiş Məclis başqanımız var ki, o da Türkiyənin ikinci adamıdır. Cənab Bülənt Arınç sabiq Məclis başqanıdır. Mən 7 il nazir oldum, indi baş nazirin köməkçisiyəm. Vəzifələr önəmli deyil. Cənab Gül partiyaya qayıtmaq istədiyini açıqladı, baş nazir söylədi ki, hörmətli Gülün başımızın üzərində yeri var. Biz ona həsrətlə qucaq açmağa hazırıq. Amma təbii ki, hörmətli prezidentimizin durumu barədə çoxsaylı müzakirələr olacaq.

- Hər hansı qarşıdurma olmadığını söylədiniz, amma qurultayın tarixini prezidentlik səlahiyyəti bitməzdən bir gün əvvələ təyin etdiniz. Bu qərarla Gülün partiyaya gəlişini əngəllədiyiniz barədə iddialar var...
- Bu tarix cənab Gülün gəlməsiylə əlaqədar deyil, hörmətli baş nazirin getməsiylə əlaqədardır.

- Qurultayda iki namizəd ola bilər?
- Müxtəlif qurultaylarda bəzi insanların öz namizədliyini vermək və adının hallanması üçün bunu edə bilər. Bizim partiyamız bugünədək qurultaya bir namizədlə gedib. Partiya içərisində fikir ayrılıqları olsa da, ümumi dil tapılıb, ortaya iradə qoyulub bir namizədin arxasında durmuşuq. Bu sözləri kiminsə qarşısını kəsmək üçün söyləmirəm.

NƏRGİZ


Müəllif: