19 Avqust 2014 10:20

Ərəstun Oruclu: “Bu görüş bölgədə sabitliyi pozmaq istəyənlərə birlik nümayişidir”

Nizami Cəfərov: “Ölkələrimizin dünya miqyasında mövqelərinin gücləndirilməsinə təsir edəcək”

Dünən müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəsmi dəvətilə Gürcüstanın müdafiə naziri İrakli Alasaniya və Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz Azərbaycana rəsmi səfərə gəlib. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, səfər çərçivəsində Naxçıvan şəhərində Müdafiə nazirlərinin Muxtar Respublikanın Ali Məclisinin sədri Vasif Talıbovla görüşü, o cümlədən nazirlər arasında təkbətək və üçtərəfli formatda danışıqlar, Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissələrinin, Naxçıvanda yerləşən tarixi və mədəni abidələrin ziyarət olunması və bir sıra digər tədbirlər nəzərdə tutulub.

İlk olaraq, müdafiə naziri general-polkovnik Z.Həsənov ölkəmizə rəsmi səfərə gələn Gürcüstanın müdafiə naziri İ.Alasaniyanı qəbul edib. İ.Alasaniyanın rəhbərlik etdiyi nümayəndə heyətinin Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordusunun Qərargahı qarşısında rəsmi qarşılanma mərasimi keçirilib.
Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Z.Həsənov Gürcüstanla aparılan danışıqların və keçirilən görüşlərin strateji əhəmiyyət daşıdığını vurğulayıb, hərbi əməkdaşlığın yüksək templə inkişaf etdiyini və bu əlaqələrin daimi olacağını qeyd edib.

Öz növbəsində qonaq Naxçıvan şəhərinə ilk dəfə səfər etdiyindən məmnun olduğunu bildirib və yüksək qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib. Sonra tərəflər regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, səfərdən öncə Gürcüstan KİV-nə açıqlama verən nazir İ.Alasaniya bildirib ki, Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşünün keçirilməsinə xeyli vaxt əvvəldən hazırlıq başlanıb. Onun fikrincə, üç nazirin ilk rəsmi görüşü olacaq: “Görüşdə xüsusi hərbi vəziyyətlərdə ölkələrin kommunikasiya infrastrukturunun mühafizəsi barədə müzakirə aparılacaq. Həmçinin neft-qaz kəmərlərinin, dəmir yolu, rabitə infrastrukturunun mühafizəsi ilə bağlı tədbirlər planı müzakirə olunacaq. Həmçinin görüşdə tədbirlər planının həyata keçirilməsi üçün razılaşma sazişinin imzalanması da nəzərdə tutulub”.

İ.Alasaniya deyib ki, bu cür əməkdaşlıq regionda sabitliyin qorunması və gücləndirilməsi üçün əlavə istinad nöqtəsidir.

Daha sonra Azərbaycana rəsmi səfərə gələn Türkiyənin milli müdafiə naziri İsmət Yılmazı Naxçıvan beynəlxalq hava limanında Z.Həsənov qarşılayıb.

İ.Yılmazın rəhbərlik etdiyi nümayəndə heyətinin Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordusunun Qərargahında rəsmi qarşılanma mərəsimi keçirilib.

Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Z.Həsənov Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini və ölkələrimiz üçün faydalı olduğunu qeyd edib.

Qonaq Azərbaycan-Türkiyə qarşılıqlı münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin rolu və əhəmiyyətindən danışıb. Daha sonra regional və qarşılıqlı əməkdaşlıqla bağlı digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşkun da iştirak edib.
Məsələyə münasibət bildirən Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyib ki, Türkiyə və Gürcüstan Azərbaycanla tərəfdaş ölkələrdir. Onun sözlərinə görə, hər üç ölkəni ümumi maraqlar biri-birinə bağlayır: “O cümlədən iqtisadi əməkdaşlıq, regional təhlükəsizlik, ərazi bütövlüyü, transmilli cinayətkarlığa qarşı mübarizə və nəhayət, kənar təsirlərdən birgə müdafiə məsələsi diqqət mərkəzində olur. Xüsusilə, nəzərə alsaq ki, bu amil region ətrafında güclənməkdədir və demək olar, hər tərəfdən regiona müdaxilə edilməyə çalışılır. Təbii ki, belə olan halda hər üç tərəfi birləşdirən ümumi maraqlar daha qabarıq şəkildə gündəmə gəlir. Təsadüfi deyil ki, bu görüşlər dövlət başçıları səviyyəsində bir neçə dəfə baş tutub. Düşünmək olar ki, artıq göstərilən istiqamətlərdə üç ölkə arasında uzunmüddətli, çoxşaxəli strateji tərəfdaşlıq da qurulmaqdadır”.

Ə.Oruclu deyib ki, hər üç ölkənin müdafiə nazirlərinin görüşü məhz bu format çərçivəsində spesifik məsələlərə həsr olunmuş görüş ola bilər. Onun dediyinə görə, xüsusilə bölgədəki hərbi vəziyyət, təhlükəsizlik məsələləri və sabitliyin, o cümlədən hərbi sabitliyin birgə qorunub saxlanması ətrafında fikir mübadiləsi ola bilər: “Azərbaycan, Türkiyə və Gürcüstan iqtisadi baxımdan o dərəcədə biri-birinə bağlıdır ki, bu ölkələrdən birində sabitliyin pozulması, ya da kənardan hərbi müdaxilə, yaxud da mövcud münaqişə bölgələrində destabilizasiya hər üçünün marağına çox ciddi zərbə vura bilər. Ən azından enerji və kommunikasiyalar sahəsində üç ölkə bir-biri ilə sıx bağlıdır. Bu görüş əməkdaşlıqdan savayı, həm də bölgədə sabitliyi pozanlara və ya pozmaq istəyənlərə birlik nümayişidir və bu baxımdan da zəruridir”.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Nizami Cəfərov isə qeyd edib ki, Naxçıvanda üç ölkənin müdafiə nazirlərinin görüşü vacib hadisədir. Onun sözlərinə görə, nazirlərin görüşü regional təhlükəsizliyin müzakirəsi baxımından da mühümdür: “Xüsusilə, Azərbaycanla Türkiyə arasında bu tipli müzakirələr aparılır. Bu cür görüşlər çox vacib məsələdir. Birgə layihələr türkdilli dövlətlərin bölgədə nüfuzunun daha da artmasında mühüm rol oynayacaq. Eyni zamanda, bu tipli əməkdaşlıq ölkələrimizin dünya miqyasında mövqelərinin gücləndirilməsinə daha güclü təsir edə bilər”.

BƏXTİYAR


Müəllif:
Загрузка...