24 Fevral 2015 10:28
1 369
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Bankın valyuta məzənnələrinə etdiyi dəyişikliklər bazarlarda ərzaq məhsullarının qiymətinin bahalaşacağına dair ajiotaj yaradıb.

Məlum olduğu kimi, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə valyuta məzənnələrində dəyişikliklər edilib. 1 avronun rəsmi məzənnəsi 1.19 manat, 1 ABŞ dollarının rəsmi məzənnəsi isə 1.05 manat səviyyəsində müəyyən edilib.

Bununla da ölkəyə dollar və avro ilə idxal olunan məhsulların qiymətində 30 faizlik artım proqnozlaşdırılır. Hətta sosial şəbəkələrdə iri marketlərin vitrinlərinin boşaldıldığı, bütün mallar üzrə yeni tariflərin müəyyən ediləcəyi bildirilir.

Deyilənlərə aydınlıq gətirmək məqsədilə paytaxtın bir neçə iri marketinə baş çəkdik. Müşahidə etdiklərimizdən belə qənaətə gəldik ki, gündəlik ərzaq mallarının, əsas qida məhsullarının qiymətində bahalaşma baş verməyib. Marketlər adi qaydada işləyir, vitirinlər isə boş deyil.

Əvvəl necə, indi də elədir

İlk olaraq yolumuzu “Favorit” marketdən saldıq. Burada südün, qəndin, çayın, makaronun, vermişelin, unun, o cümlədən ağartı, ət məhsullarının, yağın, şirniyyatın qiymətləri əvvəl necə olubsa, indi də elədir. Yəni dəyişməyib, nə artma, nə də azalma var. Hətta idxal məhsulları belə əvvəlki qiymətdə qalıb.

Düzdür, hazırda marketlərimizdə istehlak məhsullarının 70 faizi yerli istehsal təşkil edir. Bununla belə, xaricdən gətirilən xamaların, şirniyyat və ət məhsullarının, içməli suların qiymətləri Mərkəzi Bankın məlum qərarına qədər necə idisə, elə də qalıb.

Şəkər tozunun bir kiloqramı 79 qəpik, “Karmen” makaronu 67 qəpik, “Ancor” yağı 7,15 manat, 100 qramlıq “Westgold” 2 manat, qənd 1 manat, bitki yağı 2,22 manat, süd 76 qəpik, qatıq 1,53 manat, brınza pendiri 4,98 manat, yumurta (10 ədəd) 1,23 manat, un 78 qəpikdən başlayan qiymətlərlə təklif olunur.

Çörəyin qiyməti də dəyişməyib

“Rahat” marketdə də oxşar mənzərə ilə qarşılaşdıq. Satıcılarla söhbət zamanı öyrəndik ki, şənbə-bazar günü vitrində məhsulların azalması ənənəvi haldır: “Bunu marketlər boşalıb deyə şişirtməyə gərək yoxdur. Hər şənbə-bazar vəziyyət belə olur, çünki əhalinin əksəriyyəti bazarlığı istirahət günlərinə saxlayır. Bu gün artıq şirkətlərdən böyük partiya məhsul almışıq. Səhərdən vitrinlərə düzülüb və gördüyünüz kimi, heç bir bahalaşma baş verməyib”.

Satıcılar onu da bildirdilər ki, satışdakı hələlik marketin bazasında olan məhsullardır, ona görə qiymət artımına lüzum yoxdur. Amma mal verən firmaların qiymətləri qaldıracağı təqdirdə market rəhbərliyinin analoji addım atacağı istisna deyil.

Qeyd edək ki, biz marketdə olan yeni partiya “Ancor” və “Westgold” yağları gətirildi. Satıcı firmaların yağı köhnə qiymətə gətirdikləri üçün yenə əvvəlki 7 manat 15 qəpiyə satılacağını dedilər: “Səhərdən indiyədək gətirilən məhsulların hamısında bu cür olub. Hamısı köhnə qiymətlərdir, nə artma, nə də azalma olmayıb”.

Marketdə “Azərsüd” 1 manat 30 qəpiyə, 100 qramlıq “Beta” çayı 90 qəpiyə, “Möcüzə” qarğıdalı yağı 3 manat 5 qəpiyə, kəllə qənd istehsal olunduğu müəssisədən asılı olaraq 1 manatdan başlayan 2 manatadək davam edən qiymətədir. Çörəyin qiyməti də sabitdir.

“Təbii proses idi”

Milli Məclisin deputatı Tahir Rzayev hesab edir ki, dolların məzənnəsinin qalxması Azərbaycanda istehsal olunan məhsulların qiymət artımına təsir göstərməməlidir. Millət vəkilinin sözlərinə görə, gündəlik ərzaq məhsullarının böyük qisminin ölkədə istehsal olunması bahalaşmanı əngəlləyən amildir: “Dolların məzənnəsi artır, manatın qiyməti ki, artmır. O vaxt yerli məhsulların qiymətlərinə təsir ola bilərdi ki, manatın qiyməti artardı. Ancaq çox təəssüflər olsun ki, bir çox işbazlar bundan istifadə edib bazarda məhsulların qiymətlərini artırırlar. Onlar səbəbsiz yerə, qeyri-qanuni olaraq yerli məhsulların qiymətini artırırlar. Bu, yaxşı hal deyil. Hesab edirəm ki, müvafiq dövlət qurumları buna nəzarəti artırmalıdır və həmin işbazlar barəsində tədbirlər görülməlidir”.

Millət vəkili dollarla manatın məzənnəsinin eyniləşdirilməsini məqsədəuyğun hesab edir: “Dolların məzənnəsi bizim milli manatın dəyəri ilə eyniləşdirilməli idi. Dünya təcrübəsi, müəyyən qaydalar bunu tələb edir. Çünki müəyyən alış-veriş məsələləri var, ticarət məsələləri var, mübadilə məsələləri var və bunlar mütləq müəyyən qaydalarla nizamlanmalıdır. Çünki məzənnələrin birinin o birindən həddən artıq yuxarı və ya aşağı olması ticari münasibətlərin kəskinləşməsinə gətirib çıxarır. Ona görə də manatın məzənnəsinin dollarla eyniləşdirilməsi təbii bir proses idi”.

Nazirlik monitorinqlərə başladı

Yaranmış vəziyyətlə bağlı İqtisadiyyat və Sənaye Nazirliyi də monitorinqlərə başlayıb. Nazirliyin mətbuat xidmətindən aldığımız məlumata görə, süni qiymət artımına qarşı mübarizə tədbirləri həyata keçirilir. Süni qiymət artımının qarşısını almaq üçün monitorinqlərə start verilib: “İqtisadiyyat və Sənaye Nazirliyi yanında yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək sui-istifadə halları və süni qiymət artımının qarşısının alınması üçün nəzarət tədbirlərini daha da gücləndirilib. Süni qiymət artıranlar barəsində qanunvericiliyiyə uyğun tədbirlər görüləcək”.

Qeyd edək ki, ötən həftə manatın dollara nisbətən məzənnəsinin aşağı düşməsi ölkə bazarlarında süni qiymət artımına səbəb olub. Bəzi sahibkarlar, istehsalçılar satdıqları məhsulların qiymətlərini süni şəkildə artırıblar. Süni qiymət artımı daha çox tütün məmulatları və ərzaq məhsullarında özünü göstərir.

Naibə Qurbanova


Müəllif: