8 Mart 2015 10:15
2 532
12 Punto 14 Punto 16 Punto 18 Punto

8 Mart - iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür.


8 Mart əslində fəhlə qadınların daha yaxşı iş şəraiti tələbi ilə başlatdığı hüquqi mübarizənin başlanğıc tarixi olsa da, bu gün bütün dünya qadınları bunu bayram kimi qeyd edir.

8 Martın tarixi barədə müxtəlif mənbələrdə fərqli məlumatlar mövcuddur.

Deyilənə görə, 1857-ci ilin 8 mart günü ABŞ-ın Nyu York şəhərində 40 000 toxucu fəhlə daha yaxşı iş şəraiti tələbi ilə tekstil fabrikində tətil edib. Polisin hücum etməsi, fəhlələrin fabrikə doldurularaq qapının bağlanması və meydana gələn yanğında fəhlələrin fabrik qarşısında qurulmuş barrikadalardan qaça bilməməsi nəticəsində əksəriyyəti qadın olan 129 fəhlə ölüb. Fəhlələrin dəfn mərasimində 10 000-dən çox insan iştirak edib.


1910-cu il 26 – 27 avqust tarixdə, 1857-ci il hadisələrindən 52 il sonra Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasionalının qurultayında 1857-ci ilin 8 martında Nyu-Yorkda başlayan mübarizənin, qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq Klara Setkin adlı bir alman sosialist qadın, hər il 8 mart gününü Dünya Qadınlar Günü olmasını təklif edib və bu təklifi qəbul edilib.


1917-ci ildə Çar Rusiyasında qadınlar, pis həyat tərzinə qarşı "çörək və sülh" adlı nümayiş keçiriblər. 8 mart günü olan bu tətil, daha sonra digər Avropa ölkələrində də qeyd edilməyə başlanıb.

Müxtəlif illərdə bəzi ölkələrdə qeyd edilməsi qadağan olunan 8 mart tarixi 1960-cı ildən sonra ABŞ-da qeyd edilərək dünyanın da gündəminə gəlməyə başlayıb.

1975-ci il dünya qadınları üçün xüsusi əhəmiyyət daşıyır. Məhz bu il, Beynəlxalq Qadınlar ili olaraq tarixə düşüb. Həmin ilin beynəlxalq qadın ili elan edilməsindən sonra BMT-də 1975-ci ilin 8 Martı ilk dəfə Beynəlxalq Qadınlar Günü olaraq keçirilib. İki il sonra 1977-ci ildə isə BMT-nin Baş Assambleyasında 8 mart, qadın hüquqları və beynəlxalq sülh günü olaraq qəbul edilib.

8 Mart Sovet İttifaqından qalma bayram olsa da, Azərbaycanda indiyədək qeyd edilir. Qeyd edək ki, qadınların kütləvi şəkildə savadlanması, müəyyən hüquqlara malik olması həmin dövrə təsadüf edir. Bəlkə də buna görədir ki, 8 Mart digər sosializm mənşəli bayramlardan fərqli olaraq, artıq müstəqillik qazanmış keçmiş SSRİ respublikalarının təqvimindən bu günə qədər silinməyib.

1998-ci ildə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür. 1995-ci ildə isə Azərbaycan rəsmi şəkildə qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.


Azərbaycanda da 8 mart qadınlar bayramı kimi qeyd edilir və qeyri-iş günüdür.

Biz də "Teleqraf Holdinq" MMC adından bütün qadınları təbrik edirik, onlara səadət, xoşbəxtlik, sevgi və firavan həyat arzulayırıq.


Müəllif: