3 İyun 2014 09:12
1 771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev: "Ümid edirəm, ATƏT bu məsələdə daha fəal olacaq"

İsveçrə Konfederasiyasının prezidenti, ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalter iyunun 1-də Azərbaycana rəsmi səfərə gəlib. Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı baş nazirin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıb.

Fəxri Xiyabanı ziyarət

İsveçrə Konfederasiyasının prezidenti əvvəlcə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə güllər düzülüb.

Rəsmi qarşılanma

Dünən səhər İsveçrə Konfederasiyasının prezidentinin rəsmi qarşılanma mərasimi olub. Azərbaycan prezidenti İlham Əliyev isveçrəli həmkarı D.Burkhalteri qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi İsveçrə prezidentinə raport verib, İsveçrənin və Azərbaycanın dövlət himnləri səslənib. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər, İsveçrə prezidenti Azərbaycan əsgərlərini salamlayıb. Azərbaycanın dövlət və hökumət nümayəndələri D.Burkhalterə, İsveçrə nümayəndə heyətinin üzvləri isə prezident İlham Əliyevə təqdim olunub. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib. Prezidentlər rəsmi foto çəkdiriblər.

Təkbətək görüş

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan və İsveçrə prezidentinin təkbətək görüşü keçirilib. Görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı görüşlərin və səfərlərin əhəmiyyəti qeyd edilib. Söhbət əsnasında həmçinin ölkələrimiz arasında iqtisadi əməkdaşlığın və qarşılıqlı investisiya qoyuluşunun daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib, D.Burkhalterin Azərbaycana rəsmi səfərinin ikitərəfli münasibətlərin genişlənməsi baxımından əhəmiyyəti vurğulanıb.

İlham Əliyev: "Ümid edirik ki, ATƏT sədri kimi regiona səfəriniz Dağlıq Qarabağ münaqişəsinin həllinin inkişafına öz töhfəsini verəcək"

Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan və İsveçrə prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Görüş prezidentlərin maraqlı açıqlamaları ilə diqqət çəkib. "Bu səfər çox mühüm əhəmiyyət kəsb edir. Bu, çox uğurla inkişaf edən və bir çox sahələri əhatə edən ikitərəfli əlaqələrimizi bir daha nəzərdən keçirmək üçün yaxşı imkandır. Əminəm ki, qarşıdakı illərdə ikitərəfli əlaqələrimiz daha da güclənəcək. Çünki əlaqələrimizi inkişaf etdirmək üçün güclü siyasi iradə var". Bunu geniş tərkibdə keçirilən görüşdə Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, iki ölkə arasında tərəfdaşlığın mahiyyəti həqiqətən artır, bir çox sahələri - siyasi, iqtisadi, investisiya və mədəniyyət sahələrini əhatə edir: "Buna görə mən əminəm ki, qarşıdakı illərdə biz son bir neçə ildə sürətlə inkişaf edən yaxın tərəfdaşlıq əlaqələrini davam etdirəcəyik. Bu gün biz əlaqələrimizi genişləndirmək üçün yaxşı perspektivləri, xüsusilə qarşılıqlı investisiya və birgə müəssisələr sahəsində, o cümlədən artıq başlayan və çox səmərəli olacaq enerji sahəsində əməkdaşlığı da müzakirə etdik. Siz həm də ölkəmizə ATƏT-in sədri kimi səfər edirsiniz. Ümid edirik ki, Sizin regiona səfəriniz çox səmərəli olacaq, regionumuzda müsbət meyllərin inkişafına, xüsusilə də münaqişələrin həlli baxımından Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin inkişafına öz töhfəsini verəcək".

Öz növbəsində, İsveçrə prezidenti Azərbaycana ilk dəfə səfər etdiyini deyib: "Bu, ətraflı tanışlıq səfəri olmayacaq. Əminəm ki, biz bir daha səfər edəcəyik və regionunuzu, ölkənizi, Bakı şəhərini daha yaxından öyrənmək üçün daha çox vaxtımız olacaq. Qəbulunuza görə təşəkkür edirəm. Bu, bizim iki ölkə üçün xüsusi bir vaxtdır. İlk növbədə, bizim çox yaxşı dostluq əlaqələrimiz var və biz onları intensivləşdirə bilərik. Əminəm ki, özəl investisiya sahəsində geniş potensialımız var. İsveçrə şirkətləri Sizin ölkənizə investisiya yatırmaqda maraqlıdır".

Birgə bəyanat

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan və İsveçrə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər.

Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, D.Burkhalterin səfəri iki ölkə arasında uğurla inkişaf edən ikitərəfli münasibətləri gücləndirəcək: "Qeyd etmək istəyirəm ki, bu, İsveçrə prezidentinin Azərbaycana son 6 ildə üçüncü rəsmi səfəridir. Mən də İsveçrəyə rəsmi səfər etmişəm. Bu da bizim əlaqələrimizin yüksək səviyyədə olmasını göstərir. Ölkələrimiz arasında siyasi münasibətlər uğurla inkişaf edir. Bu da müxtəlif sahələrdə olan əlaqələrimizə müsbət təsir göstərir. Bu yaxınlarda Bern şəhərində birgə iqtisadi komissiyanın iclası, İsveçrə-Azərbaycan biznes forumu keçirilib. Beləliklə, ölkələrimizin biznes qruplarının işbirliyi qurmaq üçün marağı var. Bizim iqtisadi münasibətlərimiz də uğurla inkişaf edir. Əminəm ki, yaxın illərdə biz daha güclü tərəfdaşlıq quracağıq. Biz həmçinin çox şadıq ki, İsveçrədən Azərbaycana və Azərbaycandan İsveçrəyə yatırılan investisiyalar əlaqələrimizi gücləndirir və bunlar bizim yüksək qiymətləndirdiyimiz iqtisadiyyat sahələrinə yatırılan sərmayələrdir. Beləliklə, İsveçrə sənayenin inkişafına, xüsusilə tikinti sektoruna sərmayə yatırır, Azərbaycan isə enerji sektoruna sərmayə qoyur. Əminəm ki, yaxın illərdə ölkələrimizə, ola bilsin regiona, yəni, üçüncü ölkələrə müştərək investisiyaların yatırılmasının əlavə formaları haqqında düşünə bilərik".

"İsveçrə bizim tərəfdaşımızdır"

İlham Əliyev qeyd edib ki, enerji təhlükəsizliyi bizim münasibətlərimizin bir hissədir: "Deyə bilərəm ki, bu sahəsidə biz çox yüksək səviyyədə əməkdaşlıq aparırıq. Azərbaycan İsveçrənin enerji bazarında təmsil olunur, orada pay sahibidir. Qaz nəqli sahəsində son zamanlarda baş verən proseslər ikitərəfli münasibətlərimizi gücləndirəcək. Bildiyiniz kimi, ötən ilin sonunda "Şahdəniz-2", o cümlədən Trans-Anadolu və Trans-Adriatik boru kəməri kimi nəhəng layihələrə imza atdıq. Bunlar birlikdə Avropada ən böyük infrastruktur layihəsidir. Bu da Azərbaycana öz enerji ehtiyatlarını müxtəlif bazarlarda tam realizə etmək imkanı verəcək. Mən şadam ki, İsveçrə bizim tərəfdaşımızdır. Əlbəttə ki, gələcəkdə uzunmüddətli enerji tərəfdaşlığı bizim münasibətləri daha da gücləndirəcək. Ona görə də ikitərəfli çərçivəyə gəldikdə, biz əməkdaşlığın hazırkı səviyyəsindən razıyıq və onu davam etdirəcəyik".

"Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsi olaraq qalacaq"

Azərbaycan prezidenti eyni zamanda, görüş zamanı regional təhlükəsizlik məsələlərini də müzakirə etdiklərini vurğulayıb: "Çünki İsveçrə ATƏT-in sədridir. Sözsüz ki, müzakirəmizdə əsas diqqəti regional təhlükəsizlik üçün ən vacib olan məsələyə - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəltdik. Mən danışıqların hazırkı vəziyyəti, perspektivləri və münaqişənin tarixi barədə cənab prezidentə məlumat verdim. Dağlıq Qarabağ Azərbaycanın tarixi və ayrılmaz ərazisidir. Dağlıq Qarabağ beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınır və Azərbaycanın ayrılmaz tərkib hissəsi olaraq qalacaq. Tarixi nöqteyi-nəzərdən Dağlıq Qarabağ həmişə Azərbaycanın ərazisi olub, hüquqi nöqteyi-nəzərdən bu, bizim ərazimizdir və BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin işğal olunmuş torpaqlardan qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. İyirmi ildən artıqdır ki, işğal davam edir. Təkcə Dağlıq Qarabağ yox, Dağlıq Qarabağ ətrafında yerləşən 7 rayonumuz Ermənistanın işğalı altındadır. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi işğal edilib və xalqımız Ermənistanın yürütdüyü etnik təmizləmə siyasətinin qurbanı olub. Bu sıraya 600-dən çox adamın, o cümlədən 100-dən artıq qadın, 60-dan çox uşağın ölümü ilə nəticələnən Xocalı soyqırımı da daxildir. Bu, Ermənistan dövləti tərəfindən törədilmiş hərbi cinayətdir. Münaqişənin həll olunması ilə bağlı ATƏT qərar və qətnamələr qəbul edib. İki dəfə ATƏT işğal olunmuş ərazilərə faktaraşdırma və qiymətləndirmə missiyaları göndərib. Hesabatda hər şey açıq-aydın göstərilib, hər bir şey məhv edilib, bizim tarixi binalarımız, məscidlərimiz, abidələrimiz, əcdadlarımızın məzarları, hər şey dağıdılıb. Ona görə də münaqişənin həllinə mümkün qədər tez nail olmaq lazımdır. Çünki bu, regional təhlükəsizlik üçün ən böyük təhlükədir. Bunu etmək üçün beynəlxalq hüquq normalarına, BMT Təhlükəsizik Şurasının qətnamələrinə, ATƏT və digər beynəlxalq təşkilatların qərarlarına əməl olunmalıdır. Əfsuslar olsun ki, Ermənistan bu qətnamələrə məhəl qoymur və danışıqlar prosesinin süni yolla uzadılması siyasətini davam etdirir. Çünki onlar münaqişənin həllini, sülhü istəmirlər və vəziyyətin olduğu kimi qalmasını istəyirlər. ATƏT-in Minsk qrupuna sədrlik edən ölkələrin prezidentlərinin dəfələrlə status-kvonun qəbuledilməz olduğunu bəyan etməsinə baxmayaraq, onlar status-kvonun saxlanılmasını istəyirlər. Status-kvonu dəyişmək üçün Ermənistan öz ordusunun geri çəkilməsi prosesinə başlamalıdır. Ümid edirəm, beynəlxalq ictimaiyyət, ATƏT bu məsələdə daha fəal olacaq ki, beynəlxalq hüquq normaları və tarixi ədalət bərpa olunsun və Azərbaycan işğal altındakı ərazilər azad edildikdən sonra yenidənqurma işlərinə başlaya bilsin".

Burkhalter: "Azərbaycan və Ermənistan prezidentləri arasında yeni görüşün keçirilməsinə zərurət yaranıb"

İsveçrə prezidenti isə iki ölkə arasında ikitərəfli əlaqələrin dostluq xarakteri daşıdığını, intensiv və gələcəkdə daha da dinamik ola biləcəyini vurğulayıb: "Siz əlavə əməkdaşlıq formaları üçün potensial gördüyünüzü qeyd etdiniz. Mən bunun həqiqət olduğunu təsdiqləyə bilərəm. İqtisadi sahədə əməkdaşlığın aparılması üçün böyük potensial vardır. İsveçrə şirkətləri tərəfindən bir çox investisiyalar yatırıla bilər. Biz ölkələrimiz arasında münasibətlərin gücləndirilməsinə və intensivləşdirilməsinə açığıq. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə İsveçrənin yaxşı əməkdaşlığı vardır. Keçən il bizim ciddi əlaqələrimiz oldu və bu, göstərdi ki, Azərbaycan ilə İsveçrə arasında əlaqələr möhkəmdir. Eyni zamanda, İsveçrə bu il ATƏT-in fəaliyyətdə olan sədridir. Biz bilirik ki, bir neçə aya hər bir şeyi dəyişmək, bütün problemləri həll etmək mümkün deyildir. Buraya bu gün səhər üzərində çoxlu müzakirələr apardığımız və aparacağımız Dağlıq Qarabağ problemi də daxildir ki, bu münaqişənin həlli vaxt tələb edir. Mən, həmçinin müxtəlif fikirləri dinləmək, anlamaq və ola bilsin ki, danışıqlar prosesində irəliləyişə nail olmaq məqsədilə yol tapmaq üçün buraya gəlmişəm. Mənim ATƏT-in fəaliyyətdə olan sədri kimi yanaşmam çox aydındır. Biz əminik ki, sülhə doğru addım-addım irəliləməliyik. Bu isə o deməkdir ki, biz iki əsas məsələni təbliğ edirik. Birincisi, biz dialoqun intensivləşdirilməsini təbliğ edirik, dialoq artıq olub. Lakin Azərbaycan və Ermənistan prezidentləri arasında yeni görüşün keçirilməsinə zərurət yaranıb. Bu görüşün Parisdə keçirilməsi təklif olunub və biz də bu fikri dəstəkləyirik. Yaxın gələcəkdə bu görüşün keçirilməsini təbliğ edirik. Bu görüş danışıqların yeni fazasının başlanğıc nöqtəsi olmalıdır.

Səxavət HƏMİD


Müəllif: