14 İyun 2014 12:17
1 206
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəmil Çiçək: “Ermənistanın işğalına qarşı sərt mövqe tutmalıyıq”

Bakıda Türkdilli dövlətlərin Parlament Assambleyasının (TürkPA) V plenar iclası öz işinə başlayıb. İclasda üzv ölkələrin - Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstanın parlament sədrləri, deputatları, eləcə də, Macarıstan parlamentinin sədr müavini, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, MDB PA, TÜRKSOY, Türk Akademiyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası, GUAM və Türkiyənin Marmara Qrupu Fondunun nümayəndələri iştirak ediblər. İclasda çıxış edən TürkPA-nın fəaliyyətdə olan sədri, Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədov qonaqları salamlayaraq, onları Bakıda qarşılamağın xoş olduğunu ifadə edib.

“İnanıram ki, tezliklə münaqişə beynəlxalq qurumların dəstəyi ilə öz həllini tapacaq”

O.Əsədov bildirib ki, bu gün bizlərin bir araya gəlməsinin səbəbi TürkPA-nın V plenar iclasında iştirak etməkdir: “Əminəm ki, sessiya işini uğurla başa vuracaq. TürkPA-nın dünyadakı nüfuzu günbəgün artır. Buna birgə səylər nəticəsində nail olmuşuq. Təşkilat çərçivəsində görülən işlər türk dövlətləri arasında inteqrasiyanın daha da dərinləşməsinə xidmət edir”.

Spiker qurumun təsis edilməsində və səmərəli fəaliyyətində dövlət başçılarının iradəsinin mühüm rol oynadığını vurğulayaraq, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının bu yaxınlarda Bodrumda keçirilən iclasının nəticələrini yüksək dəyərləndirib: “Azərbaycan-Türkiyə əlaqələri dünyada analoqu olmayan münasibətlər olmaqla yanaşı, həm də türk dünyasının daha sıx inteqrasiyası üçün bir növ özül rolu oynayır. Bu gün Azərbaycanla Türkiyə həyatın bütün sahələrində əməkdaşlıq edir. İndiyədək dövlətlərimiz arasında 190-a yaxın sənəd imzalanıb, daha 15-i isə baxılmaq üzrədir”.

İqtisadi əlaqələrdən söhbət açan sədr ticarət dövriyyəsinin həcmini daha da artırmaq üçün geniş imkanlar olduğunu söyləyib. Bildirib ki, ölkələrin iqtisadiyyatına qarşılıqlı investisiyalar qoyulur: “Azərbaycanın Türkiyədə investisiya yatırımının həcmi 4.5 milyard ABŞ dolları civarındadır. Gələcəkdə bu göstəricinin 20 milyarda çatdırılması nəzərdə tutulur. Birgə həyata keçirdiyimiz transmilli enerji, nəqliyyat layihələri nəinki bölgənin, o cümlədən Avropanın enerji təhlükəsizliyinin təmin olmasında mühüm rol oynayır.
Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın dövlət büdcəsi 20 milyardan çox olub”.

Parlamentin sədri çıxışında həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsinə də toxunub. O bildirib ki, Azərbaycan torpaqları 20 ildən çoxdur ki, ermənilərin işğalı altındadır: “İnanıram ki, tezliklə münaqişə beynəlxalq qurumların dəstəyi ilə öz həllini tapacaq”.

“Azərbaycanı dəstəkləyirik”

Qazaxıstan Parlamenti Məclisinin sədri Kabidulla Djakupov vurğulayıb ki, ölkəsi 2015-2016-cı illərdə BMT TŞ-nin qeyri-daimi üzvlüyünə Türkiyənin namizədliyini, 2011-2018-ci illərdə isə BMT-nin qurumuna iqtisadi və sosial komissiyasında Azərbaycanın namizədliyini dəstəkləyir: “Bizim üçün əsas olan parlamentlərarası əməkdaşlığın uzunmüddətli inkişaf strategiyasıdır. Odur ki, Assambleya çərçivəsində türkdilli dövlətlərin inkişafını artırmaq üçün yol xəritəsi hazırlanmalıdır. Bu sənəddə parlamentlər arasındakı inkişafetmə sxemi, ikitərəfli və çoxtərəfli əməkdaşlığın əhəmiyyətlərinin xüsusiyyətləri qeyd olunmalıdır”.

Parlament sədri həmçinin bildirib ki, münasibətlərin inkişaf etdirilməsi üçün bir sıra addımlar atmaq lazımdır. Onun fikrincə, nəqliyyat dəhlizlərinin daha da inkişaf etdirilməsi, qanunvericilik sahəsində işlərin irəli aparılması, ticarətin inkişaf etdirilməsi bu əlaqələrin möhkəmlənməsinə və dərinləşməsinə səbəb ola bilər.

“Buna qarşı çıxılması bizi üzür”

Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək parlament nümayəndə heyətlərinin mütəmadi görüşlərini təqdirəlayiq hesab edib. O, Türkiyə tərəfinin TürkPA-ya sədrliyi dönəmində görülən işlərdən söz açaraq, qurumun türk dünyası üçün böyük əhəmiyyət daşıdığını ifadə edib. Milli Məclisin sədri Oqtay Əsədova təşkilata sədrliyi qəbul edən tərəf kimi gələcək fəaliyyətində uğurlar arzulayan C.Çiçək Türkiyə ilə Azərbaycan arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu xüsusi vurğulayaraq, əməkdaşlığımızın gələcəkdə daha da dərinləşməsi üçün parlamentarilərin üzərinə də böyük vəzifə düşdüyünü söyləyib: “Qafqazda daimi sülhün təmin edilməsi işğala son qoyulması və bir milyondan çox insanın evlərinə dönüşü ilə mümkün ola bilər. TürkPA olaraq da Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün Ermənistanın işğalına qarşı sərt mövqe tutmalıyıq”.

Onun sözlərinə görə, Azərbaycanın işğal altında olan torpaqları Türkiyənin gündəmindəki ən önəmli məsələlərdəndir: “Hamı bilməlidir ki, bu məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcək. Birmənalı belə olacaq. Türkiyə olaraq Azərbaycanın işğal altındakı torpaqlarının dərhal azad olunmasını bütün beynəlxalq platformalarda gündəmə gətiririk. Bundan sonra da torpaqlar bir an öncə işğaldan azad olunana qədər Azərbaycanın ərazi bütövlüyünün təmin olunması bizim gündəmimizin əsas mövzusu olacaq”. Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək Türkmənistan və Özbəkistanı təcili Türkdilli ölkələrin Parlament Assambleyasına üzv olmağa çağırıb. O, qeyd edib ki, TürkPA türkdilli ölkələrin beynəlxalq arenada sözünü deyən yeganə ortaq təşkilatıdır: “Digər türkdilli qardaş ölkələri də aramızda görmək bizim arzumuzdur və bu bizi məqsədlərimizə daha tez çatdırar”.

C.Çiçək eyni zamanda TürkPA-da Şimali Kipr Türk Cümhuriyyətinin üzvlüyə qəbul olunması ilə bağlı yaranan fikir ayrılığından təəssüfləndiyini bildirib: “Şimali Kipr Türk Cümhuriyyətini də qardaş ölkə olaraq aramızda görmək arzusundayıq. Amma TürkPA-da bununla bağlı fikri ayrılığının olması, buna qarşı çıxılması bizi üzür”.

Çıxışların ardınca spiker Oqtay Əsədov bildirib ki, Macarıstan Milli Məclisinin TürkPA-da müşahidəçi statusu kimi qəbul edilməsi üçün etdiyi müraciət müsbət dəyərləndirilib. Qeyd edək ki, toplantıda TürkPA-nın fəaliyyətinin məzmunu barədə müzakirə aparılıb, hesabat məruzələri dinlənilib. İclasın gündəliyinə daimi komissiyalara sədr və sədr müavinlərinin seçilməsi, Azərbaycanda keçirilən prezident seçkilərinə dair qurumun hesabatı və TürkPA-nın 2015-ci il büdcəsinin təsdiqi də daxildir.

Bakı bəyannaməsi qəbul edilib

Müzakirələrin ardından Türkdilli dövlətlərin Parlament Assambleyası Bakı bəyənnaməsi qəbul edib.
Bakı Bəyannaməsində ilk olaraq iyunun 5-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Türkiyənin Bodrum şəhərində keçirilmiş 4-cü Zirvə toplantısında qəbul edilən Bəyannaməyə dəstək ifadə edilir. Bundan başqa, TürkPA suverenlik, ərazi bütövlüyü və sərhəd toxunulmazlığı, daxili işlərə müdaxilə etməmək prinsiplərinə hörmət etdiyini bəyan edir. Bəyannamədə TürkPA Türkiyənin İraqdakı diplomatik missiyası və vətəndaşlarına qarşı edilən hücumları qətiyyətlə pisləyir, Türkiyə konsulluğu əməkdaşlarının və vətəndaşlarının azadlığa buraxılmasını tələb edir. TürkPA Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulmazlığı prinsipləri əsasında siyasi həllinin əhəmiyyətini ifadə edir və münaqişənin həllinin regionda sülh, sabitlik və inkişafı bərqərar edəcəyinə, tam təşəkkül tapmış regional əməkdaşlıq üçün şərait yaradacağına inamını bir daha təsdiq edir.

Altıncı plenar iclas Qazaxıstanda keçiriləcək

Bakı Bəyannaməsinin qəbulundan sonra TürkPA-nın beşinci plenar iclası öz işini yekunlaşdırıb. Bundan sonra mətbuat konfransı təşkil edilib. Mətbuat konfransında Azərbaycan Milli Məclisinin sədri, Türkdilli dövlətlərin Parlament Assambleyasının sədri Oqtay Əsədov və onun həmkarları iştirak edib. Konfransda qeyd olunub ki, gələn il keçiriləcək iclasda bir sıra məsələlərlə yanaşı, əlavə ölkələrin üzvlük, yaxud digər statusda iştirak məsələsinə də baxılacaq. Türkdilli ölkələrin Parlament Assambleyasının (TürkPA) 6-cı plenar iclası 2015-ci ilin iyun ayında Qazaxıstanda keçiriləcək.

NEMƏT


Müəllif: