18 İyun 2014 11:39
2 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə müxalifətinin "çatı aday"ına Azərbaycandan reaksiyalar

Avqustun 10-da Türkiyə Cümhuriyyəti tarixində prezidenti ilk dəfə xalq seçəcək. Türkiyənin əvvəlki 11 prezidenti Böyük Millət Məclisində seçilib. 2007-ci ildə seçilmiş 11-ci prezident Abdulla Gülün səlahiyyət müddəti bu il başa çatır. Hakim Ədalət və İnkişaf Partiyasının seçkidə baş nazir Rəcəb Tayyib Ərdoğanı namizəd göstərəcəyi şübhə doğurmur.

Artıq Türkiyə müxalifəti seçkilərə vahid namizədlə qatılacağını bəyan edib. İyunun 16-da İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmələddin İhsanoğlu Türkiyə müxalifətinin əsas partiyaları olan Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyasının (MHP) prezidentliyə vahid namizədi elan olunub.

Xeyli müddətdir aparılan müzakirələr nəticəsində ana müxalifət vahid namizəd məsələsində razılığa gələ bilib.

CHP lideri Kamal Kılıçdaroğlu professor Ekmələddin İhsanoğlunun namizədliyini MHP sədri Dövlət Baxçalıya təklif edib. İki lider apardığı danışıq nəticəsində ortaq qərara gələ bilib.

Dövlət Baxçalı: "Bu ad bizi məmnun elədi"

Dövlət Baxçalı Ekmələddin İhsanoğlunun namizədliyi barədə "Bu ad millətimiz üçün çox xeyirlidir"- deyə bildirib. Onun sözlərinə görə, iki partiya ölkə üçün vacib bir addım atıb: "Cənab Kamal Kılıçdaroğlu və CHP üzvləri Türkiyənin yetişdirdiyi çox qiymətli bir övladını, hörmətli Ekmələddin İhsanoğlunun namizədliyini təklif etdilər. MHP də bu ad üzərində dayanaraq demokratiyamızı gücləndirmək baxımından təklif edilən namizədi dəstəklədi. Hörmətli CHP sədri Kılıçdaroğlu və yoldaşlarının Türkiyənin dəyərli bir şəxsinin namizədliyini irəli sürməsi bizi məmnun elədi. Bu ad ətrafında da çalışacağımızı bildirmək istəyirik".


Kamal Kılıçdaroğlu: "Demokratiyada yeni bir hadisəyə şahidlik edirik"

CHP sədri Kamal Kılıçdaroğlu isə çıxışında söyləyib ki, hər kəsin qəbul edə biləcəyi, dürüst, təcrübəsi ilə hər kəsə nümunə olan bir ad təklif ediblər: "Demokratiyada yeni bir hadisəyə şahidlik edirik. Davadan uzaq, sülhün tərəfindən olan bir prosesi başlamaq istəyirik".

CHP-dən olan bir neçə deputat da daxil olmaqla partiyanın bəzi üzvləri İhsanoğlu barədə seçimi birmənalı qarşılamayıb. Lakin Kılıçdaroğlu bu cür reaksiyanı əvvəlcədən gözlədiyini və "çatı aday"ı ilə razılaşmayan kəsimin İhsanoğlunu tanıdıqdan sonra fikrini dəyişəcəyini bildirib.

İhsanoğlu vahid namizədliyi boynuna götürdü

Artıq CHP və MHP-nin "çatı aday" kimi xarakterizə etdikləri vahid namizəd Ekmələddin İhsanoğlu iki partiyanın qərarını şərh edib: "CHP və MHP-yə bu ortaq qərarına görə təşəkkür edirəm və bunu hörmətlə qarşılayıram. Şübhəsiz ki, Türkiyə kimi böyük bir ölkədə bu uca vəzifəyə layiq çox sayda şəxsiyyət var".


Ekmeleddin İhsanoğlu adı kimin ağlına gəlib?

Səslənən iddialara görə, CHP sədri Kamal Kılıçdaroğluya E.İhsanoğlunun adını iyunun 12-də axşam keçirilən görüşdə keçmiş dövlət naziri Kamal Dərviş təklif edib. Halbuki K.Dərvişin öz adı da namizədlər arasında çəkilirdi.

K.Dərviş həmin görüşdə "iqtidar namizədinin seçki prosesində dini duyğuları istismar edərək təbliğatını quracağını düşünürəm. Müasir, dünyəvi və dini təbəqənin də müsbət baxdığı bir ad olan Ekmeleddin İhsanoğlunun namizədliyini təklif edərəm" deyib. İhsanoğlu-Kılıçdaroğlu görüşündə K.Dərviş də iştirak edib. Təxminən iki saat davam edən görüşdə İhsanoğlu təklifi qəbul edib.

Ekmələddin İhsanoğlu kimdir?

Ekmələddin İhsanoğlu 1943-cü ildə Misirin paytaxtı Qahirədə doğulub. Ali təhsilini Misir Ayn Şəms Universitetində alıb. 1974-cü ildə Ankara Universitetində ədəbiyyat üzrə doktorluq dərəcəsinə yüksəlib. Daha sonra elmi fəaliyyətini Böyük Britaniya universitetlərində davam etdirib.

Ekmələddin İhsanoğlu tarix, Qərb-Şərq mədəni-siyasi münasibətləri haqqında tanınmış mütəxəssisdir. YUNESKO-da və ABŞ-ın məşhur Harvard Universitetində işləyib. Onun əsərləri Harvard Universiteti başda olmaqla dünyanın bir sıra nüfuzlu ali məktəblərində dərslik statusundadır. 2005-2013-cü illərdə İslam Əməkdaşlıq Təşkilatının baş katibi olub.

Ekmələddin İhsanoğlu 2000-ci ildə Türkiyə dövlətinin ali mükafatlarından olan Üstün Xidmət Medalı ilə təltif edilib, İordaniyanın I dərəcəli "İstiqlal" medalı və Misirin Ali Dövlət Mükafatının da sahibidir. İslam və Qərb mədəniyyətini yaxından öyrənən İhsanoğlu 1984-cü ildə professor olub. İngilis, ərəb, fransız, fars dillərini bilir.

E.İhsanoğlu evlidir, üç övladı var.

"Çatı aday" əslən azərbaycanlıdır

Məlumatlara görə, E.İhsanoğlu əslən azərbaycanlıdır. Onun ulu babaları Şirvanda yaşayıblar. İhsanoğlu Azərbaycana səfəri zamanı Şamaxıya gedərək ulu babalarının məzarını da ziyarət etmişdi və mediaya Şirvan əsilli olduğunu demişdi. İhsanoğlunun nəsli XVIII əsrdə Səfəvi-Osmanlı çəkişmələri zamanı Şirvandan Yozqata mühacirət ediblər.

Babasının doğulduğu Yozqat türkmənlərin sıx yaşadığı yerdir. Zülqədərli (osmanlıca Dulkadaroğulları) elatının məskunlaşdığı vilayətdir. Zülqədərlilər əslən cənubi azərbaycanlı sayılırlar. Daha sonra babası Yozqatdan Rodos adasına köçüb. Rodos işğalından sonra Türkiyədəki "şapka qanunu" üzündən Türkiyəyə deyil, Misirə köç ediblər. Misirdə türkoğlu deyilən türkəsilli elita ilə yaxın olublar.

İhsanoğlunu Türkiyədə sevməyənlər də var. Millətçilər onun Misirdə doğulduğunu, Səudiyyə Ərəbistanı ilə sıx əlaqələrinə görə qəbul etmirlər. Hətta bəzi millətçi qəzetləri onu "Vahid namizəd Sisi" deyə təqdim edirlər.

Dəniz Baykalın reaksiyası: "Heyrət, üzüntü"

Qeyd edək ki, CHP-nin keçmiş sədri Dəniz Baykalın adı müxalifətin vahid namizədi qismində çəkilsə də, CHP və MHP onun namizədliyi üzərində dayanmayıb.

"Vətən" qəzetinin yazdığına görə, Dəniz Baykal E.İhsanoğlunun vahid namizədliyi barədə çoxlu zənglər edildiyini bildirib və proseslər barədə danışmaq istəmədiyini söyləyib: "Bir şey demək istəmirəm, sadəcə prosesləri izləyirəm".

"Sizə zəng edənlərin İhsanoğlunun namizədliyi barədə fikirləri necədir" sualına D.Baykal belə cavab verib: "Heyrət, üzüntü".

O, CHP-nin hazırki sədri və ya nümayəndələrindən vahid namizəd ətrafında müzakirə aparmaq üçün heç bir təklif gəlmədiyini də vurğulayıb.

Ərdoğandan İhsanoğlu açıqlaması

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Türkiyə müxalifətinin prezidentliyə vahid namizədi Ekmeleddin İhsanoğlunun şanslarını dəyərləndirib.

Ərdoğan CHP və MHP-nin vahid namizədlə bağlı verdiyi qərarı şərh etməyə ehtiyac olmadığını söyləyib:
"Ən doğru qərarı millətim verəcək".

O, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) prezidentliyə namizədinin kim olacağı barədə suala belə cavab verib: "Bu ayın sonuna qədər qərarımızı verəcəyik. Əvvəlcə müxalifətin namizədləri ilə tanış olaq. Hazırda komandamızın işləri davam edir. Bu işlərin yekunlaşmasını gözləyirik. Bundan başqa, prezidentlə də görüşlərimiz davam edir".

Bəs Azərbaycan siyasətçiləri CHP və MHP-nin vahid namizədi Ekmelleddin İhsanoğlunun şanslarını necə qiymətləndirir?

YAP: "AKP daha güclüdür"

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Mübariz Qurbanlı Türkiyədə gedən siyasi prosesləri izlədiyini söyləyib: "MHP və CHP-nin İhsanoğlunu vahid namizəd seçməsi onların daxili işidir. Hər halda AKP daha güclü görünür".

KXCP Türkiyə müxalifətinə təbrik məktubu göndərdi

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) artıq Türkiyə müxalifətinə vahid namizədlə bağlı verdiyi qərara görə təbrik məktubu göndərib. Partiya sədri Mirmahmud Mirəlioğlu CHP və MHP-nin Ekmeledin İhsanoğlunun vahid namizədliyi üzərində razılığa gəlməsini yüksək qiymətləndirdiyini söylədi: "Biz həm MHP, həm də CHP-yə təbrik məktub ünvanladıq. Onların bu qərarını alqışlayırıq və hesab edirik ki, çox doğru seçimdir".

Onun fikrincə, "çatı aday"ın udmaq şansı böyükdür: "İhsanoğlunun qarşısında Ərdoğan şanssızdır".

Arif Hacılı: "Çox düzgün qərardır"

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının fikrincə, Türkiyə müxalifəti tamamilə düzgün qərar qəbul edib: "Çünki indiki siyasi şəraitdə CHP və MHP-nin ayrı-ayrılıqda öz namizədləri ilə seçkilərdə Rəcəb Tayyib Ərdoğana qalib gəlmək imkanları yox idi. Hesab edirəm ki, vahid namizədlə seçkilərdə iştirak etmək barədə qərarı və Ekmeleddin İhsanoğlunun namizəd seçilməsi çox düzgün qərardır. İhsanoğlu Türkiyə ictimaiyyətinə məlum və cəmiyyətdə kifayət qədər nüfuza malik olan şəxsdir. O, Türkiyədə həm sosial inkişaf tərəfdarı, həm Türkiyənin milliyyətçi və dini kəsim tərəfindən qəbul olunması mümkün şəxslərdən biridir. Onun ciddi beynəlxalq nüfuzu var, bütün dünyada tanınır. Düşünürəm ki, Ərdoğanla seçki kampaniyasında çox ciddi rəqabət aparmaq imkanına malik olacaq. Onun seçkilərdə qalib gəlmə şanslarını yüksək qiymətləndirirəm".

Sülhəddin Əkbər: "Seçkilər Ərdoğanın qələbəsi ilə başa çatacaq"

Azad Demokratlar Partiyasının Təşkilat Komitəsinin sədri Sülhəddin Əkbər "çatı aday"ın seçkinin nəticələrinə prinsipial təsir edəcəyini düşünmür: "Hələ CHP və MHP-nin elektoratının bu seçimə reaksiyası bəlli deyil. Məncə, seçkilər Ərdoğanın qələbəsi ilə başa çatacaq. Türkiyədəki sonuncu bələdiyyə seçkiləri göstərdi ki, Ərdoğana qarşı ağır və qara piara baxmayaraq o, qalib gəlmək gücündədir. Əvvəla, İhsanoğlu yaşlıdır, Ərdoğan qədər enerjisi və natiqliq səviyyəsi yoxdur. O qədər də tərəfdarı yoxdur, o baxımdan uğur qazanacağını düşünmürəm. Təbii ki, Ərdoğana qarşı olan kəsim ona səs verə bilər. Amma nəzərə almaq lazımdır ki, seçkilər avqustda olacaq, həmin ayda xüsusən demokratik fikirli insanlar, CHP üzvləri əsasən istirahətdə olur. Digər tərəfdən, CHP-nin özündə belə bu namizədlə heç də hamı razı deyil. Elektoratın da hamısının razı olacağını düşünmürəm. CHP-nin özünün də dindar namizəd irəli sürməsi siyasi-mənəvi baxımdan Ədoğanın qələbəsi deməkdir. Deməli, müxalifət artıq öz zəifliyini, dini kəsimin ölkədə güclü olduğunu etiraf edir. Demək olar ki, Ərdoğanın təmsil etdiyi siyasi islam düşərgəsinə yaxın namizəd ortaya qoydu. Hesab edirəm ki, bu addım Ərdoğanın xeyrinə işləyir və o, rahatlıqla da qələbə çalacaq. Mən Ərdoğanın qələbəsini birinci turdan gözləyirəm".

REAL: "Çox güman ki, ikinci tur olacaq"

REAL-ın icraçı katibi Natiq Cəfərlinin fikrincə, CHP və MHP-nin bu gedişi onun üçün maraqlı oldu: "Son bir ay ərzində müxalifət partiyaları vətəndaş cəmiyyətinin nümayəndələri, həmkarlar təşkilatları ilə çox intensiv danışıqlar aparırdı və indiyədək heç bir ad ortaya çıxmamışdı. İhsanoğlu seçimi birmənalı qarşılanmadı. Mühafizəkarlığı ilə tanınan "çatı aday"dan CHP-li seçicilər bir qədər narahatdır. Amma o, mühafizəkar kimliyi ilə tanınsa da, həyat yoldaşının başı açıq olması diqqəti cəlb etdi. Bu, mühafizəkarlıqdan uzaq durmağa çalışan CHP seçicisinə mesaj idi. Bu tipli mesajlar günbəgün artacaq və maraqlı seçki prosesinin şahidi olacağıq".

N.Cəfərli qeyd edib ki, Türkiyə cəmiyyətində prezidentliyə münasibət digər ölkələrə nisbətən fərqlidir: "Çünki orada prezident daha çox dövlətçilik nöqteyi-nəzərindən öndə olmağı bacarmalıdır, nəinki hər hansı siyasi görüşü təmsil etməlidir. Heç bir siyasi partiyanın üzvü olmaması nöqteyi-nəzərindən Ekmeleddin bəyin şansları çox yüksəkdir. Cəmiyyətin getdikcə onu qəbul edəcəyinə inanıram. Avqustun 10-dakı seçkilərdə çox ciddi rəqabətin olacağı gözlənilir. Çox güman ki, ikinci turun olacağı qaçılmazdır. Bələdiyyə seçkilərində MHP və CHP-nin nəticələrini nəzərə alsaq, çox güman ki, ikinci tur olacaq".

Nərgiz EHLAMQIZI


Müəllif: