21 Aprel 2014 20:45
4 138
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keşiş: “Ziyarətçilər təkcə pravoslavlar deyil, onların arasında katoliklər də var, müsəlmanlar da”

Azərbaycanda Pasxa dedikdə ilk ağla gələn “bu bayram başa çatsaydı, havalar isinərdi” fikri olur. Bizim meteoroloji yanaşmamızı bir kənara atıb, düşüncəmizin vərdişindən xilas olmaq üçün üz tutduq bayramın qeyd olunduğu məkana – Bakıdakı rus-pravoslav kilsəsinə.

Son vaxtlar dost-tanışlardan Bakıda Pasxaya qatılanlar arasında xristianlardan çox müsəlmanların olduğunu çox eşidirdim. Kilsəyə yaxnlaşdıqca qeyri-millətlərdən olanların qələbəliyi açıq-aydın diqqət çəksə də, aralarında zahiri görünüş baxımından azərbaycanlıların da az olmadığı görünürdü.

Söz yox, Azərbaycan tarixən olduğu kimi, bu gün də dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, burada yaşayan hər kəsə doğma vətəndir. Odur ki, hər kəsin hansı dinə sitayiş etməsini azad seçimi kimi qiymətləndirib, normal qarşılamalıyıq. Əbəs deyil ki, ayrı-ayrı dinlərin və etiqadların qarşılıqlı hörmət və etimad şəraitində fəaliyyət göstərməsi bu gün Azərbaycanı dünyada nümunəvi tolerantlıq məkanı kimi tanıdıb.

“28 May” metrosu yaxınlığında yerləşən rus-pravoslav kilsəsində gördüklərimizdən belə nəticəyə gəldik. Bunu kilsəyə toplaşan insanların zahiri görünüşündən və söhbətlərindən də sezmək çətin deyildi. Kilsənin tez-tez vuran zənginin səsində çox çətinliklə də olsa, bir neçə nəfər bayram edənə yaxınlaşıb təəssüratlarını soruşduq.

Kuliçin sirri

Azərbaycanda yaşayan malakanlar Pasxanı dini təriqətlərinə uyğun qeyd edirlər. Bakıda yaşayan və malakan təriqətinə mənsub olan Mariya İvanovna Voronina deyir ki, süfrədə mütləq rənglənmiş yumurta olmalıdır. Bayramın rəmzi şirniyyatı sayılan kuliç isə bişiriləndən sonra kilsəyə aparılır, ona dualı su səpilir və evə gətirilir.

Bayram sevinci yaşayan Mariya İvanovnanın sözlərinə görə, bu kuliçi yeyən bütün şər qüvvələrdən, pis ruhlardan uzaq olur: “Adətə görə bayram həftəsinin “çistıy çetverq” (“pak cümə axşamı”) adlanan 4-cü gününə qədər evlərdə, həyətlərdə təmizlik işlərini sona çatdırırıq və həftənin sonuncu günü – “svetloye voskreseniye” (“müqəddəs bazar”) adlanan gün bayram başlayır. Bu bayramda ən əsası kuliç, müxtəlif şirniyyatlar bişiririk, yumurta boyayırıq”.

Qeyd edək ki, Pasxa bayramının vaxtı sabit deyil. Hər il eyni gündə qeyd edilmir. Mariya İvanovna deyir ki, qış bitəndə “Maslinitsa” bayramı keçirilir. Həmin gün milli yeməkləri olan blinı bişirilir. Bundan sonra 40 gün oruc tutulur. Oruc bitəndən sonra Pasxa bayramı qeyd edilir. Bu bayram 7 gün çəkir.

Müsahibimizin sözlərinə görə, Azərbaycan ərazisində 18-ci əsrin sonlarında məskunlaşmış malakanlar öz dini etiqadlarına görə ruslardan seçilirlər: “Bizlər ikona, xaç, xaç suyuna salınma kimi atributları qəbul etmirik. Müsəlmanlar kimi donuz əti yemək və spirtli içki içmək bizlərdə də haramdır. Bununla yanaşı, soğan yemək haram buyurulur”.

“Əsas odur ki, ürəyində Allah sevgisi olsun”

Pravoslav Lena Aleksandrovna da Pasxa bayramını təntənə ilə qeyd edir. O deyir ki, hazırlıq bayrama 3 gün qalmış başlayır. 5-ci gündən dualar oxunur, süfrə müxtəlif şirniyyatlarla, yeməklərlə bəzədilir. Əsasən, donuz və quzu əti bişirilir. Yumurtalar isə 4-cü gündən boyadılır: “Şənbə günü ibadət evlərinə gedirik. Özümüzlə kilsəyə apardığımız yeməkləri bölüşürük. Bu yeməklərin qırıntısını yerə salmaq olmaz. Ayinlər və dualar oxunur. Evə gec qayıdırıq. Sonra bayram masasının ətrafında oturub dua edirik”.

Lena Aleksandrovnanın sözlərinə görə, pravoslavlar şənbə günündən bazar gününə keçən gecə yatmır, dualar oxuyur, niyyət tutulur.

Artıq səkkizinci Pasxadır ki, Moskvadan Bakıya təşrif buyuran Tamara Podçibyankena isə əslən bakılı olduğunu dedi və əlavə etdi ki, o, bura mərhum ata-anasının qəbrini ziyarətə gəlir: “Düşünürəm ki, inanclı insanın hər hansı dinə qulluq etməsinin elə bir əhəmiyyəti yoxdur. Əsas odur, ürəyində Allah sevgisi yaşadasan. Sevgisiz nə dualar qəbul edilər, nə də əmin-amanlıq bərqərar olar”.

“Budur, İsa gəlib”

Mərasimdə iştirak edən kilsənin keşişi Pavel Qarifov da bayramla bağlı fikirlərini bölüşdü: “İnsan cismən öləndən sonra da həyat davam edir. Budur İsa dünyaya gəlib. O, yaşayır. İsa Məsihin dünyaya gəlişi xüsusilə müqəddəs gündür. İnsanlar sevinirlər ki, Allah mövcuddur və o bizə həyatda yaxşı insan olmağı öyrədir”.

Keşiş səhər saatlarından kilsəyə axın olduğunu və ötən illərdəki təcrübədən irəli gələrək qarşıdakı bir həftə ərzində də bunun davam edəcəyini dedi. O, ötən illərlə müqayisədə kilsəyə gələnlərin sayında hər hansı azalma müşahidə olunmadığını bildirdi: “Burada gördüyünüz ziyarətçilər təkcə pravoslavlar deyil, onların arasında katoliklər də var, müsəlmanlar da. Bu da Azərbaycanın həqiqətən də necə bir tolerant ölkə olduğundan xəbər verir”.

Müsəlmanların orucluq və qurban bayramlarında olduğu kimi, xristianların da Pasxa mərasimində kimsəsizləri, imkansızları sevindirmək bayramın vacib elementlərindən sayılır. Bundan əlavə, dünyadan köçmüş insanları da yad eləmək gərəkir.

“Pasxa çıxsaydı, havalar düzələrdi”

“Pasxa çıxsaydı, havalar düzələrdi” inancının haradan qaynaqlandığını öyrənmək istədik. Keşiş Pavel Qarifov deyir ki, bu inancın özü də bayramı edən xalqlardan gəlmədir və havaların artıq isinməyinə işarədir. Yəni bundan sonra hava nə qədər soyuq olsa da, kəskin şaxta ilə müşahidə olunmur.

Yazılı mənbələrdə Pasxanın xaçpərəstlərin əsas dini bayramlarından biri olaraq yazda, təbiətin oyandığı bir vaxtda qeyd edildiyi vurğulanır. Pasxa (qədim yəhudi dilində “pesax” - keçmə deməkdir, yunan dilində “paskhalia”dan yaranıb) – yəhudi və xristianların bayramıdır. Nə vaxtsa yəhudi və xristian pasxaları eyni vaxta təsadüf edib.

325-ci ildə Ümumdünya Kilsə Məclisi xristian Pasxasını yəhudi Pasxası qurtarandan bir həftə sonra qeyd etməyi qərara aldı. Əvvəllər xristianlar İsa Мəsihin dirilişini hər bazar günü qeyd edirdilər. Rəvayətə görə, İsa peyğəmbər cümə günü çarmıxa çəkilib, bazar günü isə onun yenidən həyata qayıdışı baş verib. Kilsə təşkilatının özünə yer tutmağa başladığı zamandan xüsusi bir Pasxa günü qeyd edilməyə başlayıb.

Qeyd edək ki, İsa Məsihin çarmıxdan azad edildiyi gün kimi qəbul olunan Pasxa xristianlara günahlardan təmizlənmə vəd edir. Xristianlar üçün Pasxa bayramının digər bir xüsusi əhəmiyyəti də mövcuddur. Belə ki, İsa Məsihin çarmıxdan azad olunması gününü provaslav və ya katolik olmasından asılı olmayaraq bütün xristianlar eyni gündə qeyd edirlər. Bu isə mömin xristianların gözündə Pasxanın müqəddəsliyini bir daha artırır. Bayram günü mömin pravoslavlar hazırladıqları şirniyyatı kilsəyə gətirir, onu ruhanilərin duası və müqəddəs su ilə paklaşdırırlar.

Günahlardan və neqativlərdən uzaqlaşıb paklanmağa hər kəsin ehtiyacı var. Hərə bu ehtiyacı bir cür ödəyir! Pasxa da bir fürsətdir...

Naibə QURBANOVA


Müəllif: