22 Aprel 2014 11:49

Osman Gündüz: "Bu erməni təəssübkeşliyindən başqa bir şey deyil"

"Twitter" sosial şəbəkəsinin vitse-prezidenti Raffi Qriqoryan işğal altında olan Dağlıq Qarabağa səfər edəcək. Erməni mətbuatının verdiyi xəbərə görə, R. Qriqoryan Dağlıq Qarabağ separatçı rejiminin "baş nazirinin" Xankəndinə səfər dəvətini qəbul edib. Bəs görəsən, "Twitter" sosial şəbəkəsinin milliyətcə erməni olan vitse-prezidenti hansı məqsədlə "Dağlıq Qarabağ"a gedəcək?

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, R. Qriqoryanın səfəri erməni təəssübkeşliyindən irəli gəlir. Onun sözlərinə görə, "Twitter" sosial şəbəkəsinin vitse-prezidenti bir neçə dəfə Ermənistana da səfər edib: "Onun Qarabağa səfərinin adını İT ictimaiyyəti ilə görüş qoyacaqlar, amma bu, erməni təəssübkeşliyindən başqa bir şey deyil. Onun təmsil etdiyi qurumu nəzərə alsaq, "Dağlıq Qarabağ"a səfəri doğru olmazdı. Hesab edirəm ki, bu səfərlə bağlı Azərbaycanın dövlət qurumları müəyyən addımlar atmaqla, qarşısını almalıdır".

O. Gündüz gələn il ermənilər tərəfindən 100 illiyinin keçirilməsi nəzərdə tutan "erməni soyqırımı"na hazırlıq məqsədilə bu kimi səfərlərin edilməsinin istisna olmadığını deyib: "Amma düşünmürəm ki, belə bir qlobal şirkət qondarma erməni soyqırımı ilə bağlı "Twitter" vasitəsilə hansısa tədbir həyata keçirsin. Çünki səfər edəcək erməni vitse-prezident tək başına qərar qəbul etmək səlahiyyətinə malik deyil. Ola bilsin ki, hansısa tədbirlər hazırlanacaq, amma buna "Twitter" rəhbərliyinin icazə verəcəyinə inanmıram. Belə bir məsələ gündəmdə olsa, gərək bununla bağlı müəyyən bir addımların atılması, "Twitter"ə müraciətlərin göndərilməsi, məsələnin bizim tərəfimizdən gündəmə çıxarılması və onun ermənilərin bir
şousu olmasını sosial şəbəkə rəhbərliyinə çatdırılması yaxşı olardı. Amma istənilən halda qabaqlayıcı tədbirlər görmək doğru olardı".

BƏXTİYAR


Müəllif: