23 İyun 2014 14:15
1 908
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Sevinc Fətəliyeva: “Freedom House” Azərbaycana qarşı qərəzli mövqeyi ilə tanınr”

“Azərbaycanın inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal mərkəzə çevirməkdədir. İlk növbədə siyasi sahədə qazanılan nailiyyətlər Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtdırmaqla bərabər, dünyanın diqqətini respublikamıza yönəldə bilib. Bunun ən böyük təsdiqi 2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi olub. Bu, onun göstəricisidir ki, Azərbaycan dünya miqyasında böyük hörmətə malik olan bir dövlətdir. Ölkəmiz beynəlxalq birliyin müstəqil üzvü kimi öz mənafelərini qarşılıqlı hörmət prinsipi çərçivəsində həyata keçirir. Bu isə Azərbaycanın müstəqil inkişafını təmin etməklə yanaşı, öz gücünə inamını, eləcə də ölkəmizə olan etimadı artırır. Onu da əlavə edim ki, Azərbaycan təkcə siyasi, iqtisadi məsələlərdə deyil, humanitar, mədəni sahələrdə də yeni qlobal mərkəz rolunu oynayır”.

Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva ölkənin xarici siyasətini Teleqraf.com-a şərh edərkən deyib.

Xanım deputat bildirib ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzlu və etibarlı dövlətə çevrilməsinin səbəblərindən biri də ölkəmizin qlobal təhlükəsizliyə əhəmiyyətli töhfələr verməsidir:

“Qlobal təhlükəsizlikdən bəhs edərkən əvvəla, onu bildirmək lazımdır ki, yerləşdiyi regionun təhlükəsizlik qarantı olan Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayır. Son olaraq “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması Azərbaycanla əməkdaşlığın Avropa üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyini göstərdi. Bu layihənin əhəmiyyəti bütövlükdə Avropanın enerji təhlükəsizliyində yeni era açacaq. Bildiyimiz kimi, “Şahdəniz-2” layihəsi Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət etməklə Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına təkan verəcək, Avropaya yeni qaz dəhlizi açacaq. Beləliklə, prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş və məqsədyönlü xarici siyasət ölkəmizi regionda lider dövlətə, qlobal miqyasda isə etibarlı tərəfdaşa çevirib”.

“Freedom House” təşkilatının son hesabatını tənqid edən Sevinc Fətəliyeva deyib ki, belə hesabatlar ilk dəfə deyil:

“Bu hesabatların arxasında Azərbaycanın inkişafını istəməyən, ermənipərəst qüvvələr dayanır. Bu gün hər kəs görür ki, ikiüzlü dünya var. Ona görə də, müstəqil siyasət həyata keçirən dövlətlərə təzyiqlər olur. “Freedom House” Azərbaycana qarşı qərəzli mövqeyi ilə tanınan beynəlxalq qeyri-hökumət təşkilatıdır. Bu təşkilat Azərbaycanda gedən proseslərə obyektiv münasibət bildirmir. “Freedom House” ölkəmiz haqqında məlumatları ayrı-ayrı “hüquq müdafiəçilərindən” və müxalifət partiyalarından alır. Digər tərəfdən, təşkilat ölkəmizin inkişafını, müstəqil siyasət yürütməsini istəməyən qüvvələrin tribunasına çevrilib. Bu mənada “Freedom House” təşkilatının son hesabatı da məhz bu amillərlə bağlıdır. Həqiqət və ədalət prinsiplərinin beynəlxalq təşkilatlar səviyyəsində pozulması bu bəşəri dəyərləri aşınmaya məruz qoyur. “Freedom House” təşkilatının ölkəmizə qarşı tənqidlərinin heç bir əsası yoxdur. Biz öz müstəqil siyasətimizlə hər hansı təzyiq cəhdlərinə tutarlı cavab veririk”.

Cavidan


Müəllif: