1 İyul 2016 15:45
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerə iki ölkə arasındakı mədəni əlaqələr və Azərbaycanda alman məskənlərinin salınmasının 200 illiyi ilə əlaqədar məktub ünvanlayıb.

XIN-in mətbuat xidmətindən Teleqraf.com-a daxil olan məktubda Azərbaycan hökumətinin hər zaman Almaniya ilə mədəni əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyi və hər iki ölkəni bir-birinə yaxın edən çoxsaylı tarixi halların olduğu qeyd olunur.

1947-ci ildə Bremen muzeyindən götürülən məşhur rəssamlar Rembrant van Reyn, Albrex Durur, Nikola Pussin, Antoni van Duk, Jakob van Ruisdal və digərlərinə məxsus rəsm əsərlərinin 1999-cu ildə Azərbaycan Prezidenti Heydər Əliyevin sərəncamına uyğun olaraq Almaniyaya geri qaytarıldığını diqqətə çatdıran E.Məmmədyarov, XIX-XX əsrlərdə alman arxitektorlar Nikolaus von der Nonne və Adolf Eixler tərəfindən layihələndirilən çoxsaylı arxitektur binaların hələ də Bakı və digər şəhərlərin küçələrinin ruhunu oxşadığını bildirib. Məktubda alman mühacirlər tərəfindən tikilən binaların, xüsusən də dörd kilsənin son bir neçə il ərzində təmir-bərpa edildiyi də qeyd olunub.

Məktubda bildirilir ki, Azərbaycanın təşəbbüsü ilə Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illiyi YUNESKO-nun rəsmi bayramları siyahısına daxil edilib. Bu xüsusda, bayram tədbirlərinə dəstək məqsədilə Azərbaycan Respublikası Almaniya və Gürcüstanla birlikdə YUNESKO-nun qərargahında, Bakı, Göygöl, Berlin, Ştutqart və Tbilisi şəhərlərində bir sıra tədbirlərin keçirilməsini nəzərdə tutub.

Məktubda həmçinin xatırladılır ki, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi almaniyalı həmkarları və digər maraq göstərən tərəflərlə birlikdə ölkəmizin müxtəlif regionlarında məskunlaşan alman mühacirlərin həyatını əks etdirən “Azərbaycanda alman məskənləri” adlı layihə hazırlayıb. Layihənin tərkib hissəsi kimi aşağıdakı tədbirlərin həyata keçirilməsi planlaşdırılıb:

1. Gədəbəydə Siemens muzeyinin abadlaşdırılması və bərpası;
2. Göygöldə Regional Muzeyin abadlaşdırılması və bərpası;
3. Göygöldə ənənəvi eko-hotelin abadlaşdırılması və bərpası;
4. Şəmkirdə Alman İrsi Mərkəzinin abadlaşdırılması və bərpası.

E.Məmmədyarov məktubda sözügedən layihənin aprelin 25-27-də Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda təqdim edildiyini və böyük maraqla qarşılandığını da əlavə edib.
Nazir sonda bu mədəni tədbirlərin hər iki ölkənin xalqları arasında körpü rolunu oynayacağına inandığını bildirib.

Səxavət


Müəllif: