4 İyul 2016 10:56
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin Azərbaycanın daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə rüblük dövri nəşri olan “Strateji təhlil” jurnalının 2016-cı il üçün ilk sayı işıq üzü görüb.

Bu barədə Teleqraf.com-a SAM-ın mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunur ki, jurnalın redaksiya heyətinin sədri akademik Ramiz Mehdiyevdir.

“Strateji təhlil” jurnalının 1-2(15-16)-ci sayının “Milli inkişafin strateji prioritetləri” adlı birinci bölməsində Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdir müavini, iqtisad üzrə fəlsəfə doktoru Ərəstü Həbibbəylinin “Multikultural dəyərlər “ilkin” və “sonrakı” müxtəliflik prizmasinda”, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Fərhad Məmmədovun “Müasir dövrdə hərbi-siyasi proseslər: mahiyyəti, modelləri və əsas inkişaf meyilləri”, Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi, professor Etibar Nəcəfovun “Azərbaycan Respublikasının multikulturalizm siyasətinin onun xarici siyasətinə təsiri” adlı məqalələri öz əksini tapıb.

Məqalələrdə qərbsayağı multikulturalizmin böhranı və ya məğlubiyyəti ilə bağlı mülahizələr nəzərdən keçirilib, “Qoca qitə”də Qərb dəyərlər sistemindən fərqli dəyər daşıyan yeni sakinlərin problemlərinin həllinə Avropa dövlətlərinin liderlərinin münasibəti açıqlanmış, Avropada “ilkin” və “sonrakı” müxtəlifliklərin vəhdəti əsasında birgəyaşayışın vəziyyəti göstərilib, fərqli dəyər sistemi dayışıcılarını qəbul edə bilməyən və bununla da multikultural cəmiyyətin gələcəyinə şübhə ilə yanaşan Avropadan fərqli olaraq Azərbaycanda “ilkin” və “sonrakı” müxtəlifliklərin birgəyaşayışına əsaslanan multikultural dəyərlərin böhran yox, intibah yaşadığı, multikulturalizmin Azərbaycanda həyat tərzinə çevrildiyi qeyd edilib.

Bundan başqa, Azərbaycan Respublikasının daxili siyasətinin tərkib hissəsi olan multikulturalizmin onun xarici siyasətinə təsiri imkanları, sosial hadisə kimi meydana gələn multikulturalizmin inkişafının sonrakı mərhələlərində onun dövlət ideologiyasına, dövlət siyasətinə çevrilməsi, Azərbaycan multikulturalizminin beynəlxalq münasibətlər sistemində təzahürü olan “Bakı prosesi”, eyni zamanda həm beynəlxalq və dövlətlərarası münasibətlərdə, həm də dövlətdaxili səviyyələrdə baş verən hərbi-siyasi proseslər, onların mahiyyəti, modelləri və əsas inkişaf meyilləri haqqında bu bölmədə yer almış məqalələrdə ətraflı məlumat verilib.

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” adlı ikinci bölmədə verilmiş AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyevin “Erməni iddialarının siyasi və mifoloji mahiyyəti” adlı məqaləsində heç bir elmi və hüquqi əsası olmayan erməni iddialarının mifoloji düşüncələr üzərində qurulub möhkəmləndiyi vurğulanır. Qeyd edilir ki, ermənilər öz tarixlərini olduğu kimi deyil, real həqiqətlərdən uzaq, görmək istədikləri kimi yazır və bunun təbliğatını aparırlar. Öz tarixlərini daha da qədimləşdirərək dünya mədəniyyətinin, yazının, astrologiyanın məhz onlar tərəfindən icad edilməsi, müqəddəs dini şəxslərə tək başlarına sahiblənmək istəkləri, tarixin ilk xristian millətinin məhz müsəlman türklər tərəfindən soyqırımına məruz qalması və s. məsələlər erməni iddialarının ana xəttidir. Bütün bunlar bir iddia şəklində xarakterizə olunsa da, əslində bu cür mifologiyaya olan inam erməni kimliyinin bir parçasına çevrilmişdir. AMEA Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarovun “Ermənilərin azərbaycanlılara qarşı terroru və soyqırımı: 1905 və 1918-ci il hadisələrinin tarixi paralelləri” (rus dilində) adlı məqaləsində XX əsrin əvvəllərində – 1905 və 1918-ci illərdə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri kütləvi qırğın və soyqırımı aktları müqayisəli aspektdə nəzərdən keçirilib. Bildirilir ki, bu hadisələr Cənubi Qafqazın müsəlmanlardan təmizlənməsi və azərbaycanlıların kompakt yaşadığı ərazilərdə erməni muxtariyyəti (daha sonra dövləti) yaratmaq üzrə ermənilərin şovinist siyasətinin tərkib hissəsi idi.

Bakı Dövlət Universitetinin müəllimi Arzu Xəlilzadənin “1918-ci il Quba soyqırımı zamanı erməni talanları” adlı məqaləsində Quba qəzası kəndlərinin soyqırımı və əhaliyə dəymiş zərər Fövqəladə Təhqiqat Komissiyasının sənədlərinə əasalanaraq tədqiq edilmişdir. Siyasi elmlər üzrə fəlsəfə doktoru Surə Hüseynovanın “Avropa İttifaqının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində mövqeyi və iştirak perspektivləri” (rus dilində) adlı məqaləsində qeyd edilir ki, Aİ-nin təcavüzkar və təcavüzə məruz qalmış ölkələrin hüquqlarını eyniləşdirmək cəhdi inteqrasiya birliyinin siyasi imici üçün mənfi nəticələrə gətirib çıxara bilər. Bundan başqa, Avropanın təhlükəsizliyinin təmin olunmasında iştirak edən bütün beynəlxalq strukturlardan məhz Aİ beynəlxalq gərginliyin güclənməsinə səbəb olmadan məcburi köçkün düşmüş şəxslərin öz daimi yaşayış yerlərinə qayıtması məqsədilə bufer zonasına nəzarət edən kontingent verə bilər.
Qeyd edək ki, yerli və xarici ölkə ekspertlərinin aktual mövzularda məqalələrinin dərc edildiyi “Strateji təhlil” jurnalının pdf. versiyasını jurnalın internet səhifəsindən də (www.stj.sam.az) oxumaq mümkündür.

Səxavət


Müəllif: