4 İyul 2016 18:04
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə-Rusiya və Türkiyə-İsrail münasibətlərinin müsbət istiqamətdə dəyişməsinin zaman baxımından üst-üstə düşməsi təsadüf də ola bilər. Amma siyasətdə belə təsadüflərin bir müddət sonra zərurətdən doğduğu da tez-tez üzə çıxır”.

Teleqraf.com xəbər verir ki, bunu Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu deyib.

Mütəxəssis hesab edir ki, hər 3 dövlətin ABŞ-la münasibətlərində müəyyən problemlərin olduğunu nəzərə aldıqda bunun təsadüf olmadığını da ehtimal etmək də olar: “İlk baxışdan qeyri-real görünən bu “Üçlük İttifaqı” həm iqtisadi, həm siyasi, həm də geosiyasi baxımdan mümkün olduğu qədər, zaman baxımından da təsadüfi sayılmaya bilər. Belə ki, göstərilən mümkün formatın ABŞ-ın geosiyasi maraq və planlarına zidd olması ilə yanaşı, ehtimal olunan birliyin yaradılmasının seçkilər ərəfəsində Vaşinqtonun manevr imkanlarının məhdud olduğu dövrə təsadüf etməsi də diqqət çəkir.

İstisna olunmur ki, yeni ABŞ administrasiyası gələn ilin əvvəlində fəaliyyətə başlayanda artıq Avrasiya regionunda yeni bir birliyin formalaşması reallığı ilə üzləşməli olacaq. Bu birliyin isə həmin vaxtadək Rusiya, Türkiyə və İsraildən başqa bir neçə digər üzvü də olarsa, bu, Vaşinqtonun təkcə Avrasiya siyasətində deyil, Yaxın Şərq bölgəsinə dair siyasətində də ciddi fəsadları olacağı deməkdir. ABŞ siyasətinin belə bir problemlə üzləşəcəyini öncədən görmək isə bir o qədər də çətin deyildi”.

Cavad


Müəllif: