7 İyul 2016 10:49
631
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın nüfuzlu "Deutsche Welle" nəşri Ermənistanın təcavüzü nəticəsində qaçqın düşmüş azərbaycanlıların həyatı haqqında reportaj hazırlayıb.

Məqalədə münaqişə haqqında məlumat yer alıb. Qeyd edilib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsindəDağlıq Qarabağ və onun ətrafında yerləşən 7 Azərbaycan rayonu işğal olunub. Həmçinin BMT-nin icra edilməmiş dörd qətnaməsi barədə informasiya verilib.

Bundan əlavə, "Deutsche Welle" müharibə zamanı doğma evlərini tərk etməyə məcbur olmuş insanların xatirələrini işıqlandırıb. Tərtər sakinlərindən biri ilə söhbət zamanı atəşkəsin pozulması zamanı ermənilərin onun körpə oğlunu yaraladığı xüsusi vurğulanır.

Məqalədə həmçinin vurğulanır ki, daha əvvəl beynəlxalq siyasətdə mühüm yer tutmayan Dağlıq Qarabağ münaqişəsi bu ilin aprel hadisələrdən sonra dünya gündəmində ən çox müzakirə edilən mövzulardan birinə çevrilib. Nəşr bu yerdə Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerin Cənubi Qafqaza səfərini qeyd edir və XİN başçısının dilindən "bu status-kvo qəbuledilməzdir" deyir. Nəşr, həmçinin münaqişəsinin həllində Rusiyanın fəal roluna da diqqət çəkib.

Azərbaycanın mövqeyi haqqında yazan Almaniya nəşri bu münaqişədə ölkənin mövqeyinin erməni silahlı qüvvələrinin ilkin mərhələdə beynəlxalq səviyyədə Azərbaycan ərazisi hesab olunan Dağlıq Qarabağ və ətraf rayonların işğal etdikləri ərazilərdən çıxmasını tələb etməsindən ibarət olduğunu vurğulayır. (“Report”)


Müəllif: