8 İyul 2016 14:09

Bu gün Polşanın paytaxtı Varşavada NATO-nun sammiti öz işinə başlayıb.

Teleqraf.com-un məlumatına görə, sammitdə alyansın təhlükəsizliyinin gücləndirilməsi və NATO sərhədlərindən kənarda stabilliyin təmin edilməsi ilə bağlı qərarlar qəbul ediləcək.

Sammitin müzakirə edəcəyi mövzuları şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu deyib ki, sammitin yekunu olaraq Polşa və Baltikyanı ölkələrə az da olsa NATO silahlı qüvvələrinin yerləşdirilməsi ilə bağlı qərar qəbul olunacaq. Yekun qərarla da bağlı hansısa sənəd qəbul olunacaq: “Çox güman ki, bu sənəd Rusiyanın xoşuna gəlməyəcək. Rusiya NATO qüvvələrinin onun öz sərhədləri yaxınlığında yerləşməsini istəmir. Amma elə böyük qüvvələrdən də söhbət getmir. Hər ölkədə min nəfərlik NATO qüvvələrinin yerləşdirilməsindən söhbət gedir.

NATO-ya lazımdır ki, qarşısında güc olduğunu Rusiyaya göstərsin. Rusiya tələb edir ki, NATO niyə bu cür qəsbkar siyasət yürüdür, niyə bu ölkələrdə hərbçilər yerləşdirir. Daha Rusiyada anlamırlar ki, Krım işğal olunandan sonra dünya düzəni və Rusiyaya münasibət də dəyişib. Bunu dünən Almaniya kansleri Angela Merkel də Bundestaqda çıxış edərkən dedi. Yəni, Ukrayna məsələsinə görə NATO-nun Rusiyaya münasibəti dəyişib. Ona görə də Rusiyadan ehtiyat etdikləri üçün Polşa və Baltik ölkələrində silahlı qüvvələrini yerləşdirirlər”.

Ukrayna böhranından sonra Rusiya hərbi təyyarələri vaxtaşırı olaraq NATO ölkələrinin hava məkanını pozur. Bəs, bu ölkələrin hava məkanının pozulması hallarını aradan qaldırmaq üçün NATO tərəfindən birgə müdafiə mexanizmi yaradıla bilərmi?

Elxan Şahinoğlu deyir ki, artıq belə bir mexanizm yaradılır: “NATO təyyarələri də o istiqamətdə uçur. Rusiya da NATO-nu ittiham edir ki, siz də Rusiya sərhəd zonalarında uçuşlar həyata keçirirsiz. Yəni, bu qarşılıqlı ittihamlar davam edir və əslində toplantıdan sonra da davam edəcək. Çünki NATO-Rusiya komitəsi də var idi, o komitənin də fəaliyyəti faktiki dondurulub.

Yenə də deyirəm, Rusiya Krımı işğal etməyənədək, Donbas separatçılarına dəstək verməyənədək Rusiya ilə NATO arasındakı münasibətləri normal saymaq olardı. Amma həmin o hadisələr münasibətlər sisteminə köklü zərbə vurdu. Bu, hələ bir müddət də davam edəcək. Çünki Avropa İttifaqı ölkələrinin Rusiyaya qarşı sanksiyaları qüvvədədir. NATO-da da əsas ölkələr elə Avropa İttifaqına daxil olan ölkələrdir. Necə ki, Avropa İttifaqının Rusiyaya qarşı siyasəti dəyişmir, eləcə də Ukrayna hadisələrinə görə NATO-nun siyasəti Avropa İttifaqının siyasəti ilə eynidir”.

Ekspert bildirib ki, NATO sammitinin qəbul edəcəyi qərarlar əsasən Rusiya ilə bağlı olacaq: “Sərhədə qoşun yerləşdiriləcək və Rusiyaya xəbərdarlıq ediləcək ki, qəsbkarlıq siyasətinə son qoyulsun. Miqrantlarla bağlı da hansısa bir sənədin qəbul olunacağı gözlənilir. Üçüncüsü, cənub istiqamətində də NATO-ya təhlükələr var. Beynəlxalq terrorçular Avropa İttifaqı ölkələrində terror hadisələri törədirlər. NATO-nun Əfqanıstanda xüsusi missiyası var. Odur ki, NATO İraq, Əfqanıstan kimi ölkələri də nəzarətdə saxlamalıdır. Birbaşa bu proseslərə müdaxilə etməsə də hər halda ordan gələn təhlükələrə görə əməkdaşlığı genişləndirmək barədə qərar qəbul edəcək”.

Qeyd edək ki, sammitdə Azərbaycan da yüksək səviyyədə təmsil olunur. Prezident İlham Əliyev sammitdə iştirak edir. Sammit çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi gözlənilir. Bu baxımdan sammit ölkəmiz üçün də maraq doğurur.

Elxan Şahinoğlu qeyd edib ki, NATO hazırda Ukrayna və Gürcüstanla daha sıx əməkdaşlıq edir və bu iki ölkə ilə əməkdaşlıq komitəsi var. Buna baxmayaraq Azərbaycan öz ordusunu NATO standartları səviyyəsinəd gətirib çıxarmaq istəyir və bu istiqamətdə də müəyyən uğurlar əldə edib: “Elə NATO ölkəsi olan Türkiyə ilə sıx əlaqələr də NATO ilə birbaşa əlaqələr deməkdir. Yəni, biz Türkiyə ilə hər üç aydan bir ortaq təlimlər keçiririk. Biz əslində NATO standartlarına yaxınlaşmaq istəyirik. Amma bunu Türkiyə üzərindən həyata keçiririk. NATO ilə əməkdaşlığı çox genişləndirsək, tutaq ki, qarşımıza NATO üzvülyü hədəfəni qoysaq, o zaman Rusiya ilə münasibətlərimizdə ciddi gərginlik yaşana bilər.

İndi isə Rusiya-Azərbaycan münasibətləri həssas dövrünü yaşayır və Azərbaycanda bəzi insanlarda belə inam var ki, – hərçənd mənim belə bir inamım yoxdur – Rusiya Qarabağ münaqişəsinin həlində ədalətli rol oynaya bilər. Ona görə də Rusiyanı qıcıqlandırmaq olmaz və NATO ilə münasibətlərdə Rusiya amili nəzərə alınmalıdır”.

Səxavət HƏMİD


Müəllif:
Загрузка...