8 İyul 2016 17:22
1 576
12 Punto 14 Punto 16 Punto 18 Punto

“NATO ilə Rusiya arasında onsuz da münasibətlər kəskindir. Varşavada NATO-ya üzv dövlətlərin liderləri toplaşıb. Onlar əlbəttə ki, Rusiyanın siyasətini zərərsizləşdirmək, öz hərbi strukturlarını mümkün qədər Rusiya ilə daha yaxın ərazilərdə yerləşdirmək niyyətindədirlər. NATO-Rusiya münasibətlərində bundan o yana kəskinlik ola bilməz. Bundan o tərəfi odur ki, tərəflər bir-birini nüvə raket silahı ilə vursunlar. Bu isə tərəflərdən heç birinə əl vermir. Sözdə, əməldə, bəyanatlar və hərbi təlimlərdə bu kəskinlik davam edəcək. Lakin bu ciddi qarşıdurmaya gedib çıxmayacaq. Çünki hər iki tərəf yaşamaq istəyir”.

Bunu politoloq Zərdüşt Əlizadə Teleqraf.com-a NATO-ya üzv dövlətlərin liderlərinin Varşava sammitinin şərh edərkən deyib.

Politoloq hesab edir ki, bu sammitdə Moldova, Ukrayna və Gürcüstanın NATO-ya tam hüquqlu üzv olmaq imkanları sıfıra bərabərdir: “Gürcüstan, Moldova və Ukraynanın ərazilərində münaqişələr mövcuddur. Söhbət etnik münaqişələrdən gedir. NATO-nun hələlik dəyişməyən nizamnaməsinə əsasən, beynəlxalq müdafiə təşkilatına üzv olan dövlətlərin ərazində həll edilməyən münaqişələr olmamalıdır”.

Zərdüşt Əlizadə daha sonra qeyd edib ki, bütün bunlara baxmayaraq, NATO ölkələri Gürcüstan, Ukrayna və Moldova ilə həmrəylik nümayiş etdirəcək: “Deyəcəklər, möhkəm durun, biz sizin tərəfinizdəyik, sizi dəstəkləyirik. Ordunuzu NATO standartları əsasında təkmilləşdirin, NATO seminar və təlimlərində iştirak edin və gələcəkdə hər şey yaxşı olacaq”.

Cavad


Müəllif: