9 İyul 2016 12:05
361

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı və maliyyə dəstəyi ilə aprel döyüşlərində düşmənə qarşı mərdliklə vuruşan hərbi qulluqçuların və onların ailə üzvlərinin bir qrupu Lənkərandakı “Palıdlı sahil” istirahət mərkəzində dincəlir.

Teleqraf.com-un məlumatına görə, mərkəzin icraçı direktoru Şadil Rəcəbov hərbçilər və onların ailə üzvlərinin istirahəti üçün hər cür şəraitin yaradıldığını bildirib: “İyulun 5-dən “N” saylı hərbi hissənin bir qrup hərbi qulluqçusu və onların ailə üzvləri istirahət mərkəzində dincəlirlər. Xəzər dənizi sahilində yaşıllıqların əhatəsində istirahət edən hərbi qulluqçularımız üçün cənub bölgəsinin görməli yerlərinə səyahətlər təşkil edilir, axşamlar isə onlar şou proqramlara baxır, konsertləri dinləyir, viktorinalarda fəal iştirak edirlər”.

Şadil Rəcəbov qeyd edib ki, hərbi qulluqçulara və onların ailə üzvlərinə həmçinin keyfiyyətli tibbi xidmət göstərilir.

İstirahət mərkəzində dincələn hərbi qulluqçular və onların ailə üzvləri də yaradılan şəraitdən razılıqlarını bildiriblər.

“N” saylı hərbi hissənin hərbi qulluqçusu Nihad Məmmədov Milli Ordunun aprel döyüşlərində qazandığı uğurlardan söhbət açaraq deyib: “Cəbhənin “Lələtəpə” istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Ordumuz bu istiqamətdə düşmənə sarsıdıcı zərbə endirdi, torpaqlarımızın bir hissəsi azad edildi. Aprel döyüşlərində ermənilər ordumuzun gücünü gördülər”.

Nihad Məmmədov ailəliklə – həyat yoldaşı, iki qızı və oğlu ilə “Palıdlı sahil” istirahət mərkəzində dincəldiyini deyib.

Nihad Məmmədovun həyat yoldaşı Nailə Məmmədova qardaşı Elmidar Yusiflinin də Nihadla bir hərbi hissədə qulluq etdiyini bildirib.

“N” saylı hərbi hissənin hərbi qulluqçusu Hüseyn Hüseynli döyüşləri xatırlayaraq deyib: “Aprel ayında mən də hərbçi yoldaşım Nihadla birlikdə “Lələtəpə” istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Düşmən Azərbaycan əsgərinin gücünü gördü. Ermənilər silah-sursatlarını ataraq qaçırdılar. Düşmən 5 günlük müharibədə canlı qüvvə və texnika sarıdan böyük itkilər verdi”.

Aprel döyüşlərində şəhid olanlara rəhmət diləyən, hərbi qulluqçularımıza cansağlığı arzulayan Hüseyn Hüseynlinin həyat yoldaşı Aliyə Hüseynli ilk dəfə Lənkəranda olduğunu, istirahət mərkəzində xidmətin yüksək səviyyədə təşkil edildiyini bildirib, onların ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.

YAP-ın təşkilatçılığı və maliyyə dəstəyi ilə hərbi qulluqçular və onların ailə üzvlərinin Lənkərandakı “Palıdlı sahil” istirahət mərkəzində yay mövsümündə qrup halında istirahətləri davam etdiriləcək.

Səxavət


Müəllif: