9 İyul 2016 14:03
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı Qənirə Paşayeva İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının baş katibinin müavini, Finlandiyanın sabiq baş naziri Mari Kiviniemi ilə görüşdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxmasını tələb edən BMT Təhlükəsizlik Şurası qətnamələrinin 20 ildən çoxdur rəsmi İrəvan tərəfindən həyata keçirilməməsi və bunun nəticəsində öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünlərdən danışıb.

Teleqraf.com-un məlumatına görə, Qənirə Paşayeva azərbaycanlı qaçqın və məcburi köçkünlərin beynəlxalq təşkilatlardan onların Ermənistan tərəfindən pozulmuş hüquqlarının bərpası istiqamətində öz səylərini daha da artırmasını gözlədiklərini diqqətə çatdırıb.

Mari Kiviniemiyə Azərbaycanla bağlı məlumatlar verən deputat ondan bir qadın kimi 20 ilə yaxındır öz yurd-yuvasına dönə bilməyən azərbaycanlı qaçqın və məcburi köçkün qadınların Ermənistan tərəfindən pozulmaqda davam edən haqlarının bərpası, öz evlərinə dönə bilməsi istiqamətində öz səylərini daha da artırmasını xahiş edib. Qənirə Paşayeva Azərbaycanın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə əməkdaşlığa böyük önəm verdiyini və əməkdaşlığın genişlənməsinin hər iki tərəf üçün önəmini xüsusi vurğulayıb.

Səxavət


Müəllif: