9 İyul 2016 15:47

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Qarabağ bölgəsinə səfəri çərçivəsində iyulun 9-da təmas xəttində yerləşən Tərtər rayonunda olub.

Teleqraf.com xəbər verir ki, dövlət müşaviri rayon Cümə məscidində dindarlarla, ictimaiyyətin nümayəndələri ilə görüşüb, onları Ramazan bayramı münasibətilə təbrik edib. Kamal Abdullayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan əməli addımlar, banisi ulu öndər Heydər Əliyev olan Azərbaycan multikulturalizm siyasətinin Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilməsi, 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunması münasibətilə keçirilən tədbirlər, dövlət-din münasibətlərindən söhbət açıb. Qeyd olunub ki, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Tərtər Cümə məscidinin təmir olunması din xadimlərinə dövlət tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov dövlət müşavirinə Tərtərdə aparılan tikinti-quruculuq işləri barədə məlumat verib, aprel döyüşlərində tərtərlilərin göstərdikləri qəhrəmanlıqlardan, cəbhə bölgəsinə göstərilən yüksək diqqət və qayğıdan bəhs edib.

Aprel döyüşlərində şəhid olmuş Nicat İsgəndərovun atası Bəhruz İsgəndərov görüşdə çıxış edərək işğal altındakı torpaqlarımızın tezliklə azad olunacağına inandığını söyləyib.

Dövlət müşaviri Kamal Abdullayev Tərtər Cümə məscidinə və şəhid atası Bəhruz İsgəndərova “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabını və yeni çap olunmuş “Multikulturalizm” jurnalının ilk nömrəsini hədiyyə edib.


Müəllif:
Загрузка...