9 İyul 2016 17:32
503
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın ABŞ-dakı səfirliyində Vaşinqton Hökumətlərarası Peşəkar Qrupu təşkilatının üzvləri ilə görüş keçirilib.

Teleqraf.com-un məlumatına görə, görüşdə təşkilatın prezidenti Nelson Qarsia fəaliyyətləri barədə məlumat verib. Bildirib ki, rəhbərlik etdiyi təşkilatın əsas məqsədi ABŞ-ın dövlət və özəl qurumlarında çalışan əməkdaşlarla xarici ölkələrin Vaşinqton şəhərində yerləşən diplomatik nümayəndəliklərinin üzvləri arasında əlaqələrin qurulmasıdır.

Səfir Elin Süleymanov görüşdə dövlətçilik tariximizə nəzər salaraq qeyd edib ki, Azərbaycan 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublika qurub, dinindən, etnik kimliyindən və cinsindən asılı olmayaraq hər kəsə bərabər hüquqlar verib. O, Azərbaycanın hələ ABŞ-dan daha əvvəl qadınlara seçki hüququnu verdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Azərbaycanın ABŞ-la uğurlu əməkdaşlıq əlaqələri qurduğunu vurğulayan səfir bu əlaqələrin təhlükəsizlik, enerji, iqtisadi və siyasi islahatlar üzərində bərqərar olduğunu bildirib. Diplomat terrorizmə qarşı mübarizədə Azərbaycanın ABŞ-ı dəstəkləyən ilk dövlətlərdən biri olduğunu qeyd edib, Prezident İlham Əliyevin NATO-nun Varşava Sammitində iştirakı çərçivəsində Birləşmiş Ştatların yüksək rütbəli rəsmiləri, eləcə də Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani ilə keçirdiyi görüşləri qeyd edib.

Səfir Azərbaycanın Əfqanıstanda, eləcə də dünyanın digər qaynar nöqtələrində sülhün bərqərar edilməsində maraqlı olduğunu vurğulayıb, eyni zamanda, dünyada radikalizm və ekstremizmin artması fonunda Azərbaycanın müasir, əhalisinin əksəriyyəti müsəlman olan dünyəvi və proqressiv dövlət qurduğunu bildirib, ölkəmizdə etnik, dini və cinsi əsasda heç kimə qarşı ayrı-seçkiliyin olmadığını qeyd edib.

Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq qeyd edib ki, Ermənistan beynəlxalq hüququn normalarını kobud şəkildə pozaraq Azərbaycan ərazisinin 20 faizini işğal edib. BMT Təhlükəsizlik Şurası münaqişə ilə əlaqədar 4 qətnamə qəbul etməsinə baxmayaraq, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı hələ də davam edir. O, Ermənistanın gələcəyinin münaqişənin beynəlxalq hüquq çərçivəsində ədalətli həllindən və qonşu dövlətlərlə normal münasibətlər qurmasından asılı olacağını vurğulayıb.

Səfir eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi ABŞ-ın münaqişənin həllində oynadığı müsbət rolu Azərbaycanın yüksək qiymətləndirdiyini bildirib.

Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi üçün mühüm işlər gördüyünü vurğulayan diplomat bu istiqamətdə atılan addımlardan birinin müasir İpək Yolunun çəkilməsi olduğunu qeyd edib. O, ölkəmizin qonşu dövlətlərlə adıçəkilən yolun çəkilməsi üçün işçi qrupu yaratdığını bildirib, müasir İpək Yolu işə düşdüyü zaman Çindən Avropaya yüklərin cəmi 14 günə daşınmasının mümkün olacağını diqqətə çatdırıb.


Müəllif: